Uşaq portalı Rus Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Ətreaflı cavab

Qədir-xum hadisəsi və o gündə imam Əli (əleyhis-salam)-ın  Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişini və xəlifəsi seçilməsi elə əzəmətli bir hadisədir ki, bu tarixi hadisəni o həzrətin səhabələrindən 110 nəfər nəql etmişlər! Əlbəttə, bu o mənaya deyildir ki, Peyğəmbərlə yanaşı və bu hadisənin şahidi olan böyük saylı insanların yalnız həmin qədəri bu hadisəni nəql etmişlər. Əksinə, bunlar yalnız əhli-sünnətin mötəbər  kitablarında bu hadisəni nəql edən səhabələrin adıdır.

Qədir-xum hadisəsini nəql edən 110 nəfər səhabədən bəziləri: Əbu Bəkr ibni Əbi Qühafə, Ömər ibni Xəttab, Osman ibni Əffan, Təlhə, Zübeyr, Əbdüllah ibni Cəfər, Abbas ibni Əbdül-Müttəlib, Əbdüllah ibni Abbas, Əbu Əyyub Ənsari, Əbu Zər Ğifari, Salman Farsi, Əbu Qütadə, Əbu Hüreyrə, Zeyd ibni Ərqəm, Üdey ibni Hatəm, Səhl ibni Hənif, Həssan ibni Sabit və s... (Qadınlardan isə) Fatimeyi-Zəhra (əleyha salam), Ümmü Sələmə, Aişə, Ümmü Hani, Həmzənin qızı Fatimə və sair.[1]

Səhabələrdən sonra tebeindən də 84 nəfər, o cümlədən də Əbu Raşid, Əbu Səlmə, Əbu Süleyman, Müəzzin Əbu Saleh və s. bu hədisi qeyd etmişdir.[2]

Sonrakı əsrlərin alim və mühəddisləri də bu əbədi əsərin qorunub saxlanması üçün çox çalışmış və hər bir əsrdə bu dəyərli hədisi əvvəlki ravilərdən çox dəqiq şəkildə alaraq sonrakılara təqdim etmişlər.

Hicrətin ikinci əsrində sünnü alimlərindən 56 nəfər, üçüncü əsrində 92 nəfər, dördüncü əsrində 43 nəfər, beşinci əsrində 24 nəfər, altıncı əsrində 20 nəfər, yeddinci əsrində 21 nəfər, səkkizinci əsrində 18 nəfər, doqquzuncu əsrində 16 nəfər, onuncu əsrində 14 nəfər, on birinci əsrində 12 nəfər, on ikinci əsrində 13 nəfər, on üçüncü əsrində 12 nəfər və on dördüncü əsrdə 21 nəfər Qədir hədisini nəql etmişlər ki, bu şəxslərin məcmusu üç yüz altmış nəfərə çatır.[3]

Qədir hədisinin əbədiyyətinə dair digər bir şahid əhli-sünnət alimləri tərəfindən hədisin nəql olunması, sənədi və məzmunu ilə əlaqədar yazılan müstəqil kitablardır. O cümlədən:

1. Böyük islam tarixçisi Əbu Cəfər Təbəri (310-cu ildə vəfat edib) “Əl-vilayətu fi turuqi hədisil-Qədir” adlı kitabında bu hədisi yetmişdən artıq yolla Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etmişdir.

2. İbni Üqdə adı ilə məşhur olan Əbul-Abbas Əhməd ibni Məhəmməd Həmdani (333-cü ildə vəfat edib) “Əl-vilayətu fi turuqi hədisil-Qədir” adlı kitabında Qədir hədisini yüz beş nəfərdən nəql etmişdir.

3. Cəhani adı ilə məşhur olan Əbu Bəkr Məhəmməd ibni Ömər Bağdadi (355-ci ildə vəfat edib) “Mən rəva hədisə Qədir-xum” adlı kitabında Qədir hədisini Peyğəmbərdən 125 yolla nəql etmişdir.

4. Əbu Ğalib Əhməd ibni Məhəmməd Razi (368-ci ildə vəfat etmişdir), Möhsün ibni Hüseyn Nişapuri Xəzai, Əli ibni Əbdür-Rəhman ibni İsa Cərrahi Qənati və məşhur sünnü alimlərindən digər iyirmi altı nəfər “Qədir-xum” hədisi barəsində ayrıca kitablar yazmışlar.[4]

Böyük şiə alimləri də Qədir hadisəsini özlərinin dəyərli kitablarında yazmışlar, o cümlədən: “Ə’yanuş-şiə”, “Əl-ğədir”, “Əl-müraciat”, “Əttəraif”, “Əvalimul-ülum”,  "Biharul-ənvar”ın 37-ci cildi, “Əbəqatul-ənvar” və sairəni qeyd etmək olar.

Əhli-sünnət alimlərinin nəzərində “Təbliğ” ayəsinin nazil olma səbəbi

Əhli-sünnət alimləri “Maidə” surəsinin 67-ci ayəsinin: “Ey Rəsulumuz! Allah tərəfindən sənə nazil olanları çatdır. Əgər bu işi görməsən, Allahın risalətini yerinə yetirməmişsən və Allah səni camaatın (ehtimal verilən təhlükələrindən) qoruyacaqdır” ayəsinin şəni-nüzulunu müxtəlif kitablarda – istər təfsir, istərsə də tarix kitablarında qələmə almışlar. Bu kitablarda olan çoxlu rəvayətlər həmin ayənin “Qədir-xum” günündə Əli (əleyhis-salam)-ın vilayətini bəyan etməklə əlaqədar olmasında aşkar bəyanlara malikdir. Nümunə üçün, bir neçə kitabın adını qeyd edirik:

1. Fəxr Razi özünün təfsir kitabında İbni Abbasdan belə nəql edir: “Təbliğ ayəsi nazil olan zaman Peyğəmbər Əlinin əlindən tutdu və dedi: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Ömər ibni Xəttab Əli (əleyhis-salam)-la görüşdü və ona dedi:

هـَنـيـئاً لَكَ يـَا بـْنَ اَبِى طالِبٍ، اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ

“Ey Əbu Talibin oğlu! (Bu məqam) sənə mübarək olsun! Çünki mənim və hər bir mömin kişi və qadının mövlası (rəhbəri) oldun!”[5]

2. İbni Kəsir Dəməşqi də həmin ayənin Əli (əleyhis-salam)-ın şənində və Qədir-Xumda Peyğəmbər tərəfindən oxunan xütbənin ardınca nazil olmasını təsdiqləmişdir.[6]

3. Şeyx Məhəmməd Əbdüh öz təfsirində “Təbliğ” ayəsinin izahında Əbu Səid Xüdridən nəql edir ki, bu ayə Qədir-xum günündə Əli (əleyhis-salam)-ın barəsində nazil olmuşdur. O, sonra Bəra ibni Azibdən nəql edir ki, “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” hədisini Peyğəmbər demişdir.[7]

4. Süyuti “Əddurul-mənsur” kitabında “Təbliğ” ayəsinin izahında yazır: Əbu Səid Xüdri demişdir: “Bu ayə Qədir-xum günündə Əli ibni Əbi Talib (əleyhis-salam)-ın şənində nazil olmuşdur!”[8]

 

[1] İbni Şəhraşub, “Mənaqib” kitabında (3-cü cild, səh. 25-də) 110 nəfərin hamısının adını qeyd etmişdir. Həmçinin Əllamə Əmini (rəhmətullahi əleyh) “Əl-qədir” kitabında (1-ci cild, səh. 14-də) həmin yüz on nəfər səhabənin adlarını əlifba sırası ilə qeyd etmişdir.
[2] “Əl-qədir”, 1-ci cild, səh. 120-151
[3] Yenə orada, 1-ci cild, səh. 70-151
[4] Yenə orada, səh. 152-157
[5] Fəxr Razi “Təfsiri Kəbir”, 12-ci cild, səh. 42
[6] “Əl-bidayətu ən-nihayə”, İbni Kəsir, 5-ci cild, səh. 180-189
[7] “Əl-mənar” təfsiri, 6-cı cild, səh. 463-465
[8] “Əddurul-mənsur” təfsiri, 2-ci cild, səh. 598, “Gəncnameye imam Əli (əleyhis-salam)” kitabından iqtibas:  “Qədir və vilayət” hissəsi

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))