Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Bunu SalamNews-a açıqlamasında ilahiyyatçı alim Qürbət Abdulov bildirib.
İlahiyyatçı deyib ki, Qədir-Xum İslam dünyasında xüsusi çəkiyə malik olan bir hadisədir: "Qurani-kərimin "Maidə" surəsinin 67-ci ayəsində buyurulur: "Ey Rəsulum! Allah tərəfindən sənə nazil olanları insanlara çatdır! Əgər (bunu) çatdırmasan, Allahın risalətini kamil şəkildə yerinə yetmirməmişsən. Allah səni camaatdan (onların ziyanından) qoruyacaqdır."
Yəni Peyğəmbər (s) insanlara Qədir-Xum hadisəsini çatdırmaq istəyirdi, lakin çəkinirdi. Ona görə də Quranın özündə Həzrət Peyğəmbərə (s) buyurulur ki, bu barədə vəhyi ümmətə çatdırmaqdan çəkinməsin."
İlahiyyatçının sözlərinə görə, Qədir-Xum hadisənin əhəmiyyəti ondan ibarətdir ki, Allah-təala heç vaxt öz dinini rəhbərsiz qoymur: "Mümkün deyildi ki, Allah bir din nazil etsin, bu yolda Peyğəmbər (s) əziyyət çəksin, amma bu din başsız qalsın. Qeyri-mümkün idi ki, Peyğəmbər (s) insanlara desin ki, mən gedirəm, siz özünüzə bundan sonra bir rəhbər seçin, beləliklə insanları öz başına buraxsın. Çünki imamət məsələsi Allahın öz öhdəsində idi. Hətta Həzrət İbrahimi (ə) Allah malı, canı və övladı ilə - üç formada imtahan etdikdən sonra ona imamlıq rütbəsini verir. Bu barədə olan ayədə də Allah buyurur ki, Həzrət İbrahimin imam təyin olunmasına biz qərar verdik. Yəni Allah Rəsuli çəkinmədən ilahi qərarı ümmətə çatdırsın. "Maidə" surəsinin 3-cü ayəsində belə deyilir: "Bu gün dininizi sizin üçün kamil etdim, nemətimi sizə tamamladım və İslamı bir din olaraq sizin üçün seçib bəyəndim.”
"Nemətimi sizə tamamladım" deməkdə məqsəd odur ki, din "vilayət" olan nemətlə tamamlanıb. Beləliklə Qədir-Xum hadisəsi ilə Allah öz peyğəmbəri vasitəsilə insanlara rəhbər təyin edir. Həzrət Peyğəmbər (s) orada olan insanlara xitab edərək buyurur: "Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat, mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Pərvərdigara! Əlini sevənləri sev, onun düşmənləri ilə düşmən ol! Ona məhəbbət bəsləyənlərə məhəbbət bəslə! Ona kömək edənlərə kömək et, köməyini əsirgəyənlərdən köməyini əsirgə! O, hər yerdə olsa, haqqı onunla birlikdə dövr etdir!” Nə qədər ki, Quran əbədidir, bu tarixi hadisə də heç vaxt insanların zehnindən xaric olmayacaqdır."
İlahiyyatçı, həmçinin bütün dünya müsəlmanlarını, o cümlədən Azərbaycan xalqını bu müqəddəs bayram münasibəti ilə təbrik edib.
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!