Shia.az SonUmidTv media
sitename

Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)

Dəvətinin ilk dövrlərindən başlayaraq, mübarək ömrünün sonuna kimi Peyğəmbərimizin (s), Əlinin(ə) və Əhlibeytinin vilayət və rəhbərliyinin ətrafinda birləşməyi, ümmətinə vacib etməsi, Hz. Əlinin şiəsinin meydana gəlməsi üçün çox gözəl bir zəmin yaratmışdır. Sırf Allah Təlanın məqsədini həyata keçirən hz. Məhəmməd (s) peyğəmbərin bu təbliğatı aparmaqda məqsədi, əslində insanları hz. Əli və əhlibeytinin rəhbərliyində birləşdirmək idi. "Məndən sonra ümmətim 73 firqəyə bölünəcəkdir, onlardan biri nicat tapar, qalanı isə həlak olacaqdır" deməklə, ümmətini böyük bir təhlükədən dəfələrlə xəbərdar edən Peyğəmbərimiz, "Əli və onun şiələri Qiyamət günü nicat tapacaqdır" müjdəsi ilə qurtuluş yolunu ümmətinə göstərmişdir. Bütün bu və digər təbliğatlar, elə Peyğəmbərin (s) sağlığında öz bəhrəsini vermiş, bir qrup hörmətli səhabənin hz. Əlinin ətrafında birləşməsinə, onun şiəsi kimi tanınmasına səbəb oldu. İndi bu həqiqəti sənədli şəkildə kitablardan sizin üçün nəql edirik:

1. Əhli-sünnə alimi Əbu Hatəm Razi öz kitabında bu cür yazır: "İslamda, Peyğəmbərin (s) dövründə ilk meydana gələn ad (məzhəb adı), şiədir, bu ad, 4 səhabənin-Əbuzər, Səlman, Miqdad və Əmmarın ləqəbi idi. (Hadırul-Aləmil-İslamiyy c.1, s.188)

2. İbn Xəldun ( Əhlisünnə tarixçisi) yazır: " Bir qrup səhabə, Əlinin şiəsi idi və onu xilafətə, başqalarından daha layiq bilirdilər" (Tarixu İbn Xəldun c.3, s.364).

3. Ustad Məhəmməd Kord Əli deyir: "Peyğəmbər (s) dövründə bir qrup böyük səhabə, hz. Əlinin vilayətçisi kimi tanınırdı, onlardan biri, Səlman Farsi idi. O, belə deyirdi: "biz, müsəlmanlara xeyirxahlıq etmək və Əli ibn Əbutalibə tabe olub, onun vilayətini qəbul etməyimizə dair Peyğəmbərlə (a) beyət etdik (əhd bağladıq)".

Onlardan (şiələrdən) biri də Əbu Səid Xudri idi. O, belə deyirdi: "insanlara 5 qanun əmr olunmuşdur, dördünə əməl etdilər, amma birini tərk etdilər. Dörd qanunun hansı olduğu, ondan soruşulduqda, buyurdu: namaz, zəkat, Ramazan ayının orucu və həcc. Tərk olunan qanunun hansı olduğu, soruşulduqda isə, buyurdu: Əli ibn Əbitalibin vilayəti.

Deyildi: vilayət, onlarla (dörd qanunla) birlikdə vacivdirmi? Buyurdu: bəli, onlarla birlikdə vacibdir.

Həmçinin, Əbuzər Ğifari, Əmmar ibn Yasir, Hüzəyfə ibn Yəman, Zuş-şəhadəteyn Xüzeymə ibn Sabit, Əbu Əyyub Ənsari, Xalid ibn Səid ibn Ass və Qeys ibn Səd ibn Übadə onlardandır."

(Xutatuş-Şam c.5, s.251).

(Yeri gəlmişkən qeyd edim ki, eyni məzmunlu hədis, Əl-Kafi kitabının 2-ci cildi "dəaimul-İslam" fəsli, 3 cü hədisdə, İmam Baqir (ə)-dan da nəql olunmuşdur: "İslam, beş əsas üzərində qurulmuşdur: namaz, zəkat, oruc, həcc və vilayət. Bunlardan heç biri, vilayət qədər tövsiyə olunmamışdır. İnsanlar dordünü qəbul etdilər, vilayəti isə tərk etdilər.")

Ustad Məhəmməd Kord Əli öz sözlərinə bu cür davam edir: "bəzi yazıçıların, ŞİƏ MƏZHƏBİNİ, İBN SƏVDA ADI İLƏ TANINAN ABDULLAH İBN SƏBA YARATMIŞDIR - görüşünə gəlincə, deməliyəm ki, bu səhv bir xülya və şiə məzhəbi barəsində kifayət qədər məlumatın olmamasındən qaynaqlanır. Kim, şiənin nəzərində Abdullah ibn Səbanın dəyərini, onun söz və əməllərindən necə imtina etdiklərini və şiə alimlərinin, yekdilliklə, onu necə məzəmmət etdiklərini bilsə, bu iddianın, şiə barəsində heç cür düzgün olmadığını biləcəkdir. Heç şübhə yoxdur ki, şiəlik, Əlinin vətəni Hicazda yaranmışdır." (Həmin mənbə)

4. Dr. Subhi Saleh yazır: hətta Peyğəmbər (s) dövründə, səhabələr arasında Əlinin şiəsi var idi. Əbuzər Ğifari, Miqdad ibn Əsvəd, Cabir ibn Abdullah, Ubəy ibn Kəəb, Əbut-Tüfeyl Amir ibn Vasilə, Abbas ibn Əbdül-Müttəlib və bütün övladları, Əmmar ibn Yasir və Əbu Əyyub Ənsari onlardan idi."(ən-Nuzumul-İslamiyyə s.96)

5. Ustad Məhəmməd Abdullah Ənnan deyir: "İLK DƏFƏ, ŞİƏ, XƏVARİCİN HZ, ƏLİNİN QOŞUNUNDAN AYRILMASI İLƏ YARANMIŞDIR, demək səhvdir. Əslində isə şiə, Peyğəmbərin öz dövründə, Şüəra surəsinin 214 cü ayəsi nazil olarkən yaranmışdır. Bu ayədə Allah Təala, Peyğəmbərə əmr edir ki, öz ən yaxın qohumlarını ilk olaraq İslama dəvət et. Peyğəmbər (s) də ləbbeyk deyərək, qohumlarını evinə yığır və məlum dioloqdan sonra, Əliyə işarə edərək buyurur: Bu sizin aranızda mənim QARDAŞIM, VƏSİM VƏ XƏLİFƏMDİR, ONU DİNLƏYİN VƏ İTAƏT EDİN." ( Ruhut-Təşəyyui s. 20)

Əlimizdə bu və bunun kimi onlarla mənbələr ola-ola, bəzi qərəzli insanların indi də şiə məzhəbinə böhtan atması, onu sonradan yaranmış qondarma bir məzhəb olmasını iddia etməsi təəssüf doğurur.

Ümumiyyətlə hər hansı məzhəb barəsində düzgün məlumat əldə etmək istəyirsənsə, qıraq mənbələrdən əlavə, gərək, o məzhəbin öz mənbələrinə də müraciət edəsən. Əgər, əksər avropa (və ümumiyyətlə dünya) şərqşünasları, öz əsərlərində, şiə məzhəbi barəsində hansısa qeyri-dürüst fikir səsləndirirlərsə, onun səbəbi, məlumatın birbaşa şiə mənbələrindən alınmamasıdır. Avropa, şiəliyi, (və ümumiyyətlə İslamı) sünnü mənbələrindən öyrənir, yəni sünnünün şiə (və İslam) barəsindəki görüşlərini əxz edir. Bu problem son əsrə qədər davam etmişdir. Hal-hazırda, həmin problem qismən, aradan qaldırılsa da, hələ də davam edir.

Bu həqiqəti qərblilər də artıq başa düşməyə başlamışdır. ilk dəfə Colgate universitetinin professoru, amerikalı alim Kenneth Morqan 1964 ci ildə İrana səfər etmiş və Əllamə Təbatəbai ilə görüşəndən sonra, ondan, şiəlik haqqında bir kitab yazmağı xahiş etmişdir. Ustad da onun xahişi ilə "İslamda şiəlik" əsərini yazmışdır. Həmin kitab bir müddət Colgate universitetində tədris olunmuşdur. (İslamda şiəlik kitabının ön sözü).

 (Məlumat üçün qeyd edək ki, həmin kitab azərbaycan dilinə də tərcümə edilmişdir.)


  Hacı Samir Ağayev

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))