Shia.az SonUmidTv media
sitename


"
Tariq" surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

1. And olsun səmaya və gecədöyənə!

2. Sən haradan biləsən gecədöyən nədir?

3. O, qaranlıqları yarıb keçən parlaq ulduzdur.

4. Hər kəsin güdükçüsü və qoruyucusu vardır!

5. İnsan nədən yaradıldığına baxsın!

6. Sıçrayan bir sudan yaradılmışdır.

7. Bu (su) bel və köks sümükləri arasından xaric olur.

8. Şübhəsiz ki, (bu qüdrətə malik olan Allah) onu qaytarmağa qadirdir.

9. Sirlərin aşkara çıxacağı gün,

10. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olacaq.

11. And olsun bol yağışlı göyə!

12. And olsun (növbənöv bitkilərlə) yarılan yerə!

13. Bu (Quran), haqqı batildən ayıran bir kəlamdır.

14. Əsla zarafat deyildir.

15. Onlar sürəkli hiylə qururlar.

16. Mən də onlara qarşı tədbir tökürəm.

17. (İndi ki, belədir,) kafirlərə bir az möhlət ver!

“Tariq” surəsinin ümumi məzmunu: Məzmun etibarı ilə bu surəni iki hissəyə bölmək olar: 1. Məad və diriliş; 2. Quranın əhəmiyyəti və dəyəri.[1]

1. Gecəni döyəcləyən: Kökü “tərəq” olan “tariq” sözünün mənası “döyən”dir. Gecə vaxtı evlərin qapıları bağlandığı üçün gecələr evə gedən şəxs evin qapısını döymək məcburiyyətində qalmışdır. Buna görə də evə gecə gələn adama “tariq” deyilmişdir. Ancaq Allah burada “tariq” sözünü belə izah edir: Bu gecə qonağı göydə peyda olan parlaq ulduzdur. O qədər yüksəkdədir ki, sanki göy qübbəsini dəlməyə çalışır. İşığı o qədər parlaqdır ki, qaranlıqları yarır, insanın gözünü qamaşdırır. Hədislərdə həmin ulduzun Günəş sisteminə aid olan Saturn planeti olduğu qeyd edilmişdir.[2]

13. Bu kəlam zarafat deyil: Allah əvvəlki iki ayədə göyə və yerə and içir, bu ayədə isə hansı səbəbdən and içdiyini açıqlayır. Quran haqq və doğrunu batil və doğru olmayandan ayırd edən kəlamdır. Onda qeyri-ciddi heç nə yoxdur. Deməli, Quranın haqq və həqiqət saydığı hər bir şey qeyd-şərtsiz haqq və həqiqətdir. Quranın batil adlandırdığı isə şübhəsiz ki, batildir.[3] Möminlərin əmiri İmam Əli (ə) belə buyurmuşdur: “İslam peyğəmbəri (s) buyurdu: “Tezliklə sizin aranıza fitnə düşəcək” Soruşdum: “Ey Allahıln rəsulu! Ondan xilas olmağın yolu nədir?” Buyurdu: “Qurandır, əvvəlkilər, sonrakılar haqıqnda məlumatlar ondadır, sizin aranızda hökm verən odur.” O, haqqı batildən ayıran bir kəlamdır, ciddidir, zarafat deyil. Allah onu tərk edən zülmkarı əzib məhv edir, ondan qeyrisində doğru yol axtaranı haqq yoldan azdırır.”[4]

[1] Nümunə, c.26, əsh.356

[2] Nümunə, c.26, əsh.360

[3] Əl-Mizan, c.20, səh.293

[4] Nümunə, c.4, səh.374

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))