Shia.az SonUmidTv media
sitename


"
İnşiqaq" surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

1. Göyün yarılacağı

2. və Rəbbinin əmrinə itaət göstərəcəyi zaman – belə də olmalıdır;

3. Yerin genişlənəcəyi,

4. içindəkiləri kənara atıb boşalacağı

5. və Rəbbinin əmrinə itaət göstərəcəyi zaman – belə də olmalıdır;

6. Ey insan! Sən, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!

7. Kimin əməl dəftəri sağ əlinə veriləcəksə,

8. tezliklə o, yüngül sorğu-suala tutulacaq

9. və sevincək öz ailəsinə qayıdacaqdır!

10. Kimin əməl dəftəri arxa tərəfindən veriləcəksə,

11. o fəryad qoparıb “vay olsun mənə, məhv oldum!” – deyəcək

12. və odun yandırıcı şölələri içində yanacaq!

13. Çünki o, (dünyada ikən) öz ailəsində (küfr və günahı ilə) fərəhlənirdi

14. və elə güman edirdi ki, (Rəbbinin hüzuruna) qayıtmayacaqdır.

15. Xeyr! Rəbbi onu görürdü.

16. And olsun şəfəqə,

17. And olsun gecəyə və topladıqlarına,

18. And olsun bədirlənmiş (on dörd gecəlik) aya!

19. Siz sürəkli haldan-hala keçib (dəyişəcəksiniz).

20. Bəs nə üçün onlar iman gətirmirlər

21. və onlara Quran oxunduqda səcdə etmirlər?

22. Əksinə, kafirlər Allahın ayələrini inkar edirlər.

23. Allah ürəklərində nəyi gizlətdiklərini yaxşı bilir!

24. Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ.

25. İman gətirib yaxşı işlər görənlər isə istisnadır. Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.

----------------------------------------------------------------------------------------

“İnşiqaq” surəsinin ümumi məzmunu: Bu surədə Qiyamətin qopacağından bəhs edilir, insanın Allahla qarşılaşacağı günə qədər Ona doğru hərəkətdə olduğu, qarşılaşma vaxtı əməl dəftərinin hesablanacağı qeyd edilir.[1]

6. Mütləq kamilliyə doğru ciddi-cəhdlə çalışmaq: Ayədə həyatın əzab-əziyyətlər və çətinliklərlə müşayiət olnduğu qeyd edilir. Məqsədi müvəqqəti ləzzətlər olan dünya həyatı bu qədər çətinliklərlə müşayiət olunduğu halda, hədəfi axirət, əbədi xoşbəxtlik və Allaha yaxınlaşmaq olan həyat haqqında danışmaq artıqdır. Bu, dünya həyatının təbiətindən irəli gəlir. Hətta son dərəcə rifah içində yaşayan insanlar da dərdi-sər, əzab-əziyyət içində olurlar. Bu əziyyət və çətinliklər Allahla qarşılaşana qədər davam edir. “Qarşılaşma” deyilərkən Allahın mütləq hökmranlığının aşkar olduğu Qiyamət səhnəsi də nəzərdə tutula bilər, mükafat və əzabla qarşılaşma günü də, Allahın batini gözlə müşahidə ediləcəyi gün də. Hər bir halda dünya həyatının əzab-əziyyətləri həmin vaxta qədər davam edəcək. Onlar yalnız bu dünya həyatı sona yetdikdən və insan pak əməllə Allah qarşısına çıxdıqdan sonra başa çatacaq. Rahatlıq, asudəlik yalnız onda olacaq. İmam Səccada (ə) aid olan çox dərin məzmunlu bir hədisdə belə deyilir: “Dünyada və dünya əhalisi üçün rahatlıq yoxdur. Rahatlq və asayiş təkcə Cənnət və Cənnət əhli üçün yaradılmışdır. Çətinlik dünya və onun sakinləri üçün yaradılmışdır. Buna görə də ondan bir cam götürən iki qat hərisləşər. Dünya malı daha çox olan adamlar daha ehtiyaclıdırlar. Çünki var-dövlətlərini qorumaq üçün daha çox adama və bütün dünya vasitələrinə möhtacdırlar. Deməli, dünyanın sərvətində də rahatlıq yoxdur.” Sonra İmam (ə) belə buyurmuşdur: “Allah dostları dünyada dünya üçün əziyyət çəkmirlər, onların dünyadakı əziyyət və zəhmətləri axirət üçündür.”[2]

19. Sürəkli dəyişirsiniz: Bu ayə ilə bağlı müxtəlif yozumlar irəli sürülmüşdür: 1. Allaha, mütləq kamilliyə doğru gedən əzab-əziyyətli, çətin və məşəqqətli yolda insanın qarşılaşdığı hallar nəzərdə tutulur: öncə dünya, sonra Bərzəx, ardınca Qiyamət və oraya aid hallar. 2. Nütfə olduğu vaxtdan ölən vaxta qədər insanın düşdüyü müxtəlif hallar nəzərdə tutulur. Bəziləri bu halların sayının 37 olduğunu qeyd etmişlər. 3. İnsanın dünyada qarşılaşdığı müxtəlif hallar – sağlamlıq və xəstəlik, qəm-qüssə və sevinc, çətinlik və asanlıq, sülh və müharibə nəzərdə tutulur. 4. Sorğu-sualdan azad olub Cənnət və ya Cəhənnəmə gedənə qədər insanın Qiyamətdə qarşılaşdığı hallar. 5. Keçmiş xalqlara aid hallar. Həmin acı və şirin hadisələr, müxaliflərin təkzib və inkarları bu ümmətdə baş verir. Bu cəhətə İmam Sadiqin (ə) bir hədisində işarə edilmişdir. Əlbəttə, bütün bu yozumların hamısının bir yerdə nəzərdə tutulmasının heç bir problemi yoxdur. Ayə insanın həyat yolunda qarşılaşdığı bütün hallara və dəyişikliklərə şamil ola bilər. Bu halların baş verməsi və insanın bir halda sabit qalmaması onun yaradılan olduğunu və yaradana möhtac olduğunu sübuta yetirir. Çünki hər bir dəyişən sonradan meydana gələndir, hər bir sonradan meydana gələnin də bir yaradanı olmalıdır. Bu fakt həm də dünyanın qeyri-sabit olduğunu, insanın davamlı olaraq Allaha doğru qayıtdığını və hərəkətdə olduğunu göstərir.[3]

[1] Əl-Mizan, c.20, səh.269

[2] Nümunə, c.26, səh.300

[3] Nümunə, c.26, səh.315

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))