Shia.az SonUmidTv media
sitename

"Nəbə" surəsi
"
Nəbə" surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

1. Onlar nə barədə bir-birindən soruşurlar?

2. Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində –

3. elə bir xəbər ki, onun haqqında ziddiyyətdədirlər.

4. Xeyr, (onlar düşündükləri kimi deyil,) onlar tezliklə biləcəklər!

5. Bir daha xeyr! Onlar tezliklə biləcəklər (ki, Qiyamət haqdır)!

6. Məgər Biz yeri rahatlıq məkanı etmədik?

7. Dağları da yerin mıxları?!

8. Biz sizi cüt yaratdıq.

9. Yuxunuzu da istirahət vasitəniz etdik.

10. Gecəni örtük etdik,

11. gündüzü isə ruzi qazanmaq vaxtı.

12. Yuxarınızda yeddi möhkəm (göy) inşa etdik,

13. çox parlaq və istilik verən bir çıraq yaratdıq.

14. Biz buludlardan bol su endirdik ki,

15. onunla taxıl və çoxlu bitkilər yetişdirək,

16. habelə ağacları bol olan bağlar (salaq).

17. Ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!

18. Surun üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.

19. Göy açılacaq və müxtəlif qapılar formasını alacaq.

20. Dağlar da hərəkətə gəlib ilğıma çevriləcək.

21. Həqiqətən, Cəhənnəm pusquda dayanıb gözləyəcək.

22. O, həddi aşanların qayıdacağı yerdir.

23. Onlar orada uzun illər qalacaqlar.

24. Onlar orada nə bir sərinlik, nə də dadlı içki dadacaqlar.

25. (İçdikləri) yalnız qaynar su və irin (olacaq – )

26. Bu, (onların törətdikləri əməllərə) uyğun bir cəzadır.

27. Çünki onlar haqq-hesab çəkiləcəyinə əsla ümid etmirdilər.

28. Ayələrimizi tamamilə təkzib edirdilər.

29. Biz hər bir şeyi hesablayıb yazmışıq.

30. Elə isə dadın (əzabı!) Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!

---------------------------------------------------------------------------------------

“Nəbə” surəsinin ümumi məzmunu: Surədə yaradılışın əvvəli, məad, müjdə və təhdidlərdən bəhs edilir.[1]

2. Mühüm xəbər: “Böyük və mühüm xəbər” deyilərkən Quranın daha çox təkid etdiyi diriliş və ölülərin qaldırılması hadisəsi nəzərdə tutulmuşdur. Bir çox hədislərdə sözügedən böyük xəbər İmam Əlinin (ə) imam təyin edilməsi kimi izah edilmişdir. Əlbəttə, həmin hədislərdə ayənin zahiri deyil, batini mənası nəzərdə tutulmuşdur. Ayənin zahiri mənası məada aiddir. Ümumiyyətlə, ola bilər bir ayənin bir neçə mənası olsun və onlardan ancaq biri zahiri məna hesab edilsin. Təbii ki, Quranın batini mənasını Peyğəmbər (s) və imamlara (ə) aid izahlar və aydın faktlar olmadan dərk etmək mümkün deyil. Quranın batini mənalarının olması faktı Quran ayələrini ürəkləri istədiyi kimi yozmaq istəyən azğınlar üçün bəhanə olmamalıdır.[2]

18. Məhşərə dəstə-dəstə daxil olmaq: Peyğəmbərin (s) səhabələrindən olan Məaz ibn Cəbəl o həzrətdən (s) bu ayənin izahını soruşduqda Peyğəmbər (s) belə cavab vermişdir: “Ey Məaz, çox böyük bir məsələ haqqında soruşdun.” Sonra gözlərini yumub belə buyurmuşdur: “Ümmətimdən on dəstə Məhşərə ayrı-ayrı dəstələr şəklində gələcək. Allah müsəlmanların arasında onları fərqləndirəcək. Onların bəzisi meymun, bəzisi donuz sifətində olacaq, bəzisinin ayaqları yuxarı, üzləri aşağı çevrilmiş vəziyyətdə olacaq, üzləri ilə yerdə sürünəcəklər. Bəzisi kor olacaq, o tərəf-bu tərəfə gedəcək. Bəzisi kar, lal və şüursuz olacaq. Bəzisi dillərini çeynəyəcək, ağızlarından çirk axacaq. Məhşərdəkilər həmin çirkin üfunət qoxusundan narahat olacaqlar. Bəzisinin əl-ayağı kəsik olacaq. Bəzisi oddan olan budaqlardan asılı vəziyyətdə olacaq. Bəzisinin üfunəti qoxumuş murdardan daha pis olacaq. Bəzisinin əynində bədənlərinə yapışmış odda ərimiş mis paltar olacaq. Meymun surətində olanlar sözgəzdirənlərdir. Donuz surətində olanlar haramxorlardır. Kəlləmayallaq olanlar sələm yeyənlərdir. Korlar hökm çıxaranda zülm edənlərdir. Karlar və lallar öz əməllərini böyük sayanlardır. Dillərini çeynəyənlər əməlləri ilə danışıqları düz gəlməyən alim və qazilərdir. Əl və ayaqları kəsik olanlar qonşularını incidənlərdir. Oddan olan budaqlardan  asılanlar camaatı sultanlara satanlardır (camaatın həbsinə, sürgün edilməsinə, edam olunmasına və sairəyə səbəb olanlar). Murdardan daha üfunətli olanlar şəhvətpərəstlik edən və (haramdan) həzz alanlar, Allahın hüququ olan vacib maliyyə vergisini verməyənlərdir. Əyinlərində odlu paltar olanlar təkəbbürlü və lovğa adamlardır.”[3]

19. Səmanın açılması və qapılar formasını alması: Bəzi təfsirçilər yazırlar ki, həmin gün qeyb aləminin qapıları müşahidə aləminin üzünə açılacaq, pərdələr kənara çəkiləcək, mələklər aləmi ilə insanlar aləminin arası açıq olacaq. Bir qrup təfsirçi isə burada Quranın digər ayələrində qeyd edildiyi kimi, Qiyamət ərəfəsində göylərin parçalanmasının nəzərdə tutulduğunu yazmışlar (İnşiqaq-1; İnfitar-1). Planetlər elə parçalanacaq ki, onların hamısının sanki qapılara çevrildiyi təsəvvürü yaranacaq.[4]

31. Müttəqilər üçün xilas və müvəffəqiyyət vardır,

32. yamyaşıl bağlar və növbənöv üzümlər,

33. çox gənc və həmyaşıd hurilər

34. və ləbələb (doldurulmuş) qədəhlər!

35. Onlar orada nə mənasız sözlər, nə də yalan eşitməyəcəklər.

36. Bunlar sənin Rəbbin tərəfindən olan mükafatlar, yetərli qədər olan töhfələrdir.

37. (O,) göylərin, yerin və onların arasında olanların mərhəmətli Rəbbidir. Allahın icazəsi olmadan kiminsə danışmağa, söz deməyə haqqı yoxdur.

38. Ruh və mələklərin bir sırada duracağı gün, mərhəmətli Allahın izn vermədiyi şəxslərdən başqa heç kəs danışmayacaq. Danışan da doğru danışacaq.

39. O gün gerçək bir gündür. Kim istəsə, Rəbbinə doğru bir yol tutar!

40. Biz sizi yaxın əzabla qorxutduq. Bu əzab o gün olacaq ki, insan öncədən öz əlləri ilə göndərdiyini görəcək. Kafir deyəcək: “Kaş mən torpaq olaydım!”

[1] Nümunə, c.26, səh.3

[2] Nümunə, c.26, səh.6-9; Əl-Mizan, c.20, səh.174-179

[3] Məcməül-bəyan, c.10, səh.242

[4] Nümunə, c.26, səh.32

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))