Shia.az SonUmidTv media
sitename
Qurani-Kərim Allah təalanın Cəbrail mələyin vəsitəsilə Məhəmməd peyğəmbərə(s) nazil etdiyi səmavi kitabdır. Qurani-Kərim insanı tərbiyə edən ən mühüm və ən böyük kitabdır. Insan həyatının bütün sahələri- onu xoşbəxt və ya bədbəxt edən bütün amillər bu böyük kitabda öz əksini tapmışdır. O, insan həyatını dünya həyatı ilə məhdudlaşdırmır, ona həmdə əbədi xoşbəxtliyi müjdə verir.

Qurani-Kərimdə əvvəldən axıra qədər əsas süjet xətti insanın haqq yola hidayət olması məsələsi tutur. "…insanları (doğru yola) hidayət etmək üçün Ramazan ayında Quran nazil edildi….”( Bəqərə sur.-185). Insanları haqqa doğru hidayət edən Qurani- Kərim həm də Allah təalanın öz peyğəmbərinə verdiyi möcüzəsidir. Alaah təala hər bir peyğəmbərinə zəmanəsinə uyğun möcüzə verdiyi kimi, Məhəmməd(s) peyğəmbərin zəmanəsi Qiyamət gününə qədər davam etməli olduğu üçün ona verdiyi möcüzəsi də zəmanəsinə uyğun olaraq Qiyamətə qədər davam etməlidir.

Möcüzə, "a`cəzə”-(aciz etmək) sözündən düzəlib mənası "aciz edən” deməkdir. Yəni qarşı tərəf həmin işi görməkdən aciz qalir. Böyük lüğət alimi Rağib İsfəhani buyurur: acəzə (aciz qalmaq) qüdrət və bacarığın əksidir.(Əl-mufrədat, 1/547). Əvvəlki peyqəmbərlərin möcüzələrindən fərqli olaraq Məhəmməd(s) peyqəmbərin möcüzəsi sözdür. O, dəvət işinə tək-tənha başladı. Onun bu "söz”dən başqa heç bir silahı, əsgəri, ordusu və s. yox idi. Söz və məntiq isə yalnız ağıl sahibləri üçündür. "(Ya Rəsulum) sözü dinləyib ən yaxşısına tabe olan bəndələrimə müjdə ver ki, Allah məhz onları doğru yola hidayət etmişdir.”(Zümər sur.17-18).

Bu ilahi kitabın vəzifəsi insanları qaranlıqlardan, cəhalət girdabından cıxardıb nura doqru aparmaq, onlara yardım əlini uzadaraq "atəş çuxurna düşməkdən qurtarmaq"dır. "(ya rasulum) biz bu kitabı ona görə sənə nazil etdik ki, insanları zülmətlərdən çıxardıb nura-izzətli və həmid olan Allahın yoluna doğru aparasan" (ibrahim – 1).

Gördüyünüz kimi Quran Kərimin hədəfi insanları doğru yola hidayət etməkdir. O bu hədəfinə kömək edən bütün sahələrdən istifadə etməsinə baxmayaraq onların heç birisinə məxsus deyildir. Nuzul əsrində yaşamış isanların tamamilə xəbərsiz olduğu əksər elmi sahələrin bəzisini ötəri şəkildə, bəzisini isə dəqiq incəliklərinə qədər izah etmişdir.

Quran-Kərim hər bir sahədə olduğu kimi tarixin nəqlində də öz ənənəsinə sadiq qalmışdır. Quran tarixi kitab deyil. Lakin tarixi hadisələri nəql edir ki, insanlar ibrət alsınlar, tarixdən dərs alıb ruhiyyələri mökəmlənsin. "(ya rasulum) qəlbin – ruhiyyən möhkəm olsun deyə elçilərmizin xəbərlərini sənə danışırıq" (Hud 120).

Qurani-Kərimi tarixi bir mənbə kimi qəbul etmək olarmı?

Biz iki şeyə əsasən Qurani-Kərimi ən doğru tarixi mənbə kimi qəbul edə bilərik: 1) Qurani-Kərimin mötəbərliyinə görə. 2) Tarixçilərin Qurani-Kərimə istinad etməsinə görə.

Qurani-Kərimin mötəbərliyi: Doğrudur ki, Qurani-Kərim tarixi bir kitab deyil, amma bu sahədə heç bir tarixi kitab onun qədər mötəbər ola bilməz. Çünki Allah kəlamıdır, ilahi vəhydir. Hadisələri bir başa Allah taalanın özü nəql edir. Hətta Tövrat və Incil də Allah kəlamı olmalarına baxmayaraq Qurani-Kərim qədər mötəbər ola bilməzlər. Səbəbi isə, onların insanlar tərəfindən dəyişikliyə məruz qalmasıdır. Qurani- Kərim isə, yeganə səmavi kitab kimi öz toxunulmazlığını indiyədək qoruyub saxlamışdır. Bu bir iddia deyil, möhkəm dəlillərlə subut olunmuş həqiqətdir. Bunu qısa olaraq bu cür açıqlaya bilərik: Qurani-Kərim əvvəlki səmavi kitabların təhrif olunmasını dəfələrlə qeyd edərək bunu böyük bir günah hesab etmişdir. Qiyamətə qədər davam etməli olan Quran Kərim təbii ki, bu mövzunu diqqət mərkəzində saxlamalıdır. Bu mövzu Quran Kərimimin ayələrində açıq aşkar gorünür. "həqiqətən biz zikri (Quran Kərimi) nazil etdik, biz də onu qoruyacağıq" (hicr – 9).

Belə bir sual yaranır: Görəsən Allah təala öz kitabını necə qorudu? Görəsən, insanlar Qurani-Kərimi dəyişdirmək istədikdə onlara bəlamı nazil etdi, əllərinimi qurutdu, yaxud dərhal həmin şəxsin canını aldı ki, bu işi görə bilməsin? Təbii ki, cavab mənfidir. Allah təala bu yolla kitabını qorumaq istəsə idi, onda əvvəlki kitablar da təhrifə məruz qalmazdılar. Allah təala insanları faili-muxtar (əməllərində ixtiyarlı) yaratmışdır. Bu üzdən onlara möhlət verir dərhal cəzalandırmır.

Allah təala Quran-Kərimi təhrifdən qorumaq üçün təhrifə səbəb olan bütün amilləri aradan qaldırdı və bütün ehtimalların qarşısını aldı. Quranı təhrifdən qorumaq üçün Allah təalanın istifadə ediyi əsas metodlar aşaqdakılardan ibarətdir:

1. Ad çəkməmək: əvvəlki səmavi kitablarda tənqid və ya tərif edilən dövrün insanlarının adları çəkilir. Allah taalanın dini ilə mübarizə aparan padişahların yaxud sadə insanların bir-bir adları sadalanır. Bu da təhrifin başlıca səbəbidir. Elə Tövrət və İncilin təhrif olunmasında mühüm rolu Rum (bizans) imperiyasının imperatorları və zadəganları oynamışdır. Qurani-Kərim isə tərif və ya tənqid etdiyi insanın adını çəkmir. Nüzul əsrinin (nazil olduğu əsrin) insanlarından cəmi iki nəfərin adını çəkmişdir: Əbuləhəb və Zeyd ibn Harisə. Əbuləhəb Peyğəmbərimizin (s) əmisi idi. O Islam dininin və Peyğəmbərin qatı düşməninə çevrilmişdir. Məhz peyğəmbərin əmisi olduğu üçün islam düşmənləri ondan siyasi bir dəlil kimi istifadə edirdilər. Allah təala da özünün onun barəsindəki mövqeyini açıqlayaraq Məsəd surəsində onun adını açıq-aşkar gətirmişdir. " Əbuləhəbin əlləri qırılsın ..." . Zeyd ibn harisənin adını Əhzab surəsində gətirmiş, onu nə tərif etmiş nə də tənqid. Qurani-Kərim tərif və ya tənqid etdiyi insanlara işarə edərək kifayətlənmişdir. Bu yolla heç kəsə bəhanə yeri qoymamışdır.

2. Cəm halda və qeyri müəyynlikdə qeyd etmək: Qurani-Kərim tək bir insanın əməlini tərif və ya tənqid etmək istədikdə onu cəm halda yaxud qeyri müəyyənlikdə gətirmişdir. Nümunə olaraq Maidə surəsi 55-ci ayəni nəzərdən keçirək: " həqiqətən sizin başçı və rəhbəriniz yalnız Allah onun peyğəmbəri və iman gətirib, namaz qılıb rüku halında zəkat verənlərdir". Bu ayə hz. Əlinin rüku halında fəqirə zəkat verməsini tərifləmişdir. Təkcə hz. Əlinin bu işi görməsinə baxmayaraq Qurani- Kərim bu əməli cəm halda – rüku halında zəkat verənlər - kimi qeyd etmişdir. Bunun səbəbi məlumdur. Əgər Quran Kərim hz. Əlinin adını açıq aşkar qeyd etsəydi sonralar hakimiyyətə gəlmiş hz. Əlinin düşmənləri olan əməvilər onun adını mütləq Qurani-Kərimdən çıxardardılar. Bu da Qurani-Kərimi etibardan salardı.

3. Tədrici nüzul (tədricən nazil olma): Qurani-Kərim iyirmi üç il ərzində tədricən nazil olmuşdur. Surə və ayələr nazil olanda müsəlmanlar onu tez yazıb əzbərləyirdilər. Bu iş üçün xususi olaraq katib qurupu təşkil olunmuşdur. Vəhy nazil olan kimi hz. Peyğəmbər onu katiblərə yazdırardı. Sonra bütün yazılar yoxlanılardı. Qurani-Kərimin hisə - hissə nazil olması hətta ən savadsız müsəlmanlara imkan yaradırdı ki, onu rahatlıqla əzbərləsinlər. Dəvətin ilk dövrlərində surə və ayələrin qısa şəkildə gəlməsi də öz növbəsində əzbərləmə işinə tövfəsini verirdi. Bu iş o qədər əhəmiyyətə malik idi ki, nəticədə yüzlərlə qari (Quran Kərimi xoş avazla oxuyan) və hafizin (Quran Kərimi əzbərləyənin) yetişməsi ilə nəticələndi. Onlar müsəlmanlar arasında çox böyük ictimayi nüfuza malik idilər. Islam fütuhatının genişlənməsi və başqa xalqların islamı qəbul etməsi ilə avropanın mərkəzindən tutmuş hind yarımadasına qədər bütün şəhər və kəndlərdə Quran Kərim tilavət olunurdu. Hələ ilk dövrlərdə yaddaşlarda hək olunması ilə bərabər saysız nüsxələri yazılmış belə bir kitabın bir və ya bir neçə nəfər tərəfindən təhrif olunması mümkündurmü?

Tarixçilərin Qurani-Kərimə istinad etməsi: burada tarixçilər dedikdə dünyanın ən məşhur ərəb tarixçiləri nəzərdə tutulur. Onların hamısı Qurani-Kərimə istinad etmişlər. Onlar, Qurani-Kərimə müsəlman olduqları üçün deyil, onu mötəbər bildikləri üçün istinad ediblər. Burada Qurani-Kərimə istinad etmiş ən etibarlı ərəb mənbələrini xronoloji ardıcıllıqla qeyd edirik: 1) İbn İshaqın Sirəsi, 151 h.q./773 miladi. 2) İbn Hişamın sirəsi, 218 h.q./840 m. 3) İbn Şibə Nəmiri, Tarixul-Mədinə, 262 h.q./884 m. 4) Bəlazuri, Futuhul-Buldan, 279 h.q./ 901 m. 5) Yəqubi, 284 h.q./ 906 m. 6) Təbəri, 310 h.q./ 932 m. 7) İbn Nədim, 385 h.q./1007 m. 8) Xətib Bağdadi, 463 h.q./1085 m. 9) İbn Əsakir, 571 h.q./ 1193 m. 10) İbn Əsir, Əl-Kamilu fit-tarix, 630 h.q./1252 m. 11) İbn Xəllakan, 681 h.q./ 1303 m. 12) İbn Xəldun, 808 h.q./ 1430

Qurani-Kərimin tarixə münasibəti

Qurani-Kərim tarixi nəql edərkən tarix sözünü deyil, qəsəs-dastan, hədis-söhbət, nəbə-xəbər və məsəl sözlərindən istifadə etmişdir ki, bütün bunlar nəticə etibari ilə eyni mənanı daşıyırlar.

Qurani-Kərimin tarixə münasibətini bilmək üçün əvvəlcə tarixin mövzusunu, faydasını və hədəfini açıqlamalıyıq:

Tarixin mövzusu: insan və zamandır. Yəni keşmiş zamanda insanların yaşayış tərzini, ictimayi-siyasi, sosial və mədəni vəziyyətlərini araşdırmaqdır.

Tarixin faydası: keçmiş insanların həyatından ibrət alıb, təcrübə əldə etmək və nəticədə nəql olunmuş ziyanlardan uzaq olub xeyirləri əldə etməkdir.

Tarixin hədəfi: müqayisə üçün zəngin imkan yaratmaqdır. Hazırki vəziyyəti keçmiş ilə müqayisə etmək insanı daha çox agah edir. Çünki hazırki vəziyyət keçmişin nəticəsi, gələcək isə hazırki vəziyyətin nəticəsi olacaqdır. Buna görə də deyiblər ki, tarix həyatın müəllimidir. Qeyd olunanlar aydın olduqdan sonra əslində Qurani-Kərimin tarixə münasibəti də aydın oldu. Belə ki, Qurani-Kərimin hədəfi insanları doğru yola hidayət etməkdir. Keçmişdən ibrət almaq isə hidayət olmaq üçün ən yaxşı vasitədir. Qurani-Kərim buyurur: " yeri gəzin-dolanın, baxın-görün sizdən əvvəlkilərin aqibəti necə oldu" (Rum – 42).

Bu əmri Allah taala bu ayədən əlavə altı yerdə də qeyd eytmişdir: Ali Imran- 137, Nəhl -36, Ənam -11, Nəml -69, Ənkəbut -20, Səba-18.

Qurani-Kərimin tarixi kitablardan fərqi

Qurani-Kərim insanları hidayət etmək üçün tarixdən gözəl bir vasitə kimi istifadə etmişdir. Öz dastanlarını tarixi hadisələrdən götürmüşdür, amma onları ədəbiyyat formasında və elə bir təsirli şəkildə təqdim etmişdir ki, insanların hissiyat və vicdanları oyansın. Tarixi hadisələri tarix formasından çıxarıb dini bir formaya salmışdır. Məsələn, Səmud və Ad qovmünün həlakından danışarkən buyurur: " Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saydılar. Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli səslə həlak edildi. Ad (qövmü) isə uğultulu, cox soyuq və şiddətli bir küləklə tar-mar oldu. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin, onlar sanki içi bomboş xurma kötükləri idilər. Indi sən onlardan bir əsər-əlamət görə bilərsənmi?" (əl-haqqə 4-8).

Yaxud buyurur: "(Qiyamətdə) diri-diri torpağa gömülən qızlar barədə soruşular: axı o hansı günaha görə öldürüldü?" (Təkvir – 8-9).

Göründüyü kimi Qurani-Kərim tarixi hadisələri özünə məxsus üslubda nəql etmişdir. Qurani-Kərimin dastanları ilə tarixi xəbərin fərqini iki cəhətə görə araşdırmaq olar:

a) naqilin (xəbəri nəql edənin) fərqi: Qurani-Kərimin dastanlarının naqili Allah təaladır. Qurani-Kərim buyurur: " biz sənin üçün ən gözəl hekayəni danışırıq" (yusuf- 3), " o şəhər və abadlıqların xəbərlərinin bir hissəsini sənin üçün danışırıq" (Əraf – 101).

Tarixin nəqlində isə uydurma, yalan və səhvlər coxdur, çünki onu nəql edən bir insandır ki, hər zaman mühitin, hissiyatın, dini-məzhəbi və s. təəssübkeşliklərin təsiri altında olur. Biz burada bəzi çatışmazlıqlara işarə edərək kifayətlənirik:

1. Tarixi nəql edən həmişə səhvə düçar olur. Bu insan xasiyyətidir. Buna əsasən onu tam arxayınlıqla qəbul etmək olmaz.

2. Tarixi nəql edən özündən əvvəlki ravilərə (tarixi rəvayət edənlərə) əasalanır. Çünki xəbərləri toplamaq üçün başqa çarə də yoxdur. Bu da saxta xəbərlərin tarixə daxil olmasına səbəb olur.

3. Tarixi nəql edən öz ictimayi, dini və milli təəsübkeşliklərini kənara qoya bilməz, hətta mənsub olduğu təbəqənin təsiri altına düşə bilər. Buna görə bu amillərin onda təsir qoymamasını gözləmək də olmaz.

4. Tarixi nəql edən maraqlı hadisələri xronoloji ardıcllıqla tərtib edir. Onu bədii şəkildə vəsf edir. Bu vəsfdə də hadisəni şişirtmə gözə çarpır.

5. Tarixi nəql edən həmişə öz təcrübələrini yazır, başqa sözlə desək tarixi nəql edən tarixi yaradandır.

b) Hadisələri nəql etmə keyfiyyətindəki fərq

Qurani-Kərim tarixi hadisələri özünə məxsus tərzdə nəql edir. O, bu cəhətə görə tarix kitablarından tamami ilə fərqlənir. Burada aşağıdakı nümunələri qeyd etmək olar:

1. Qurani-Kərim tarixi hadisələri nəql edərkən zaman ardıcıllığına riayət etməmişdir. Amma tarixi kitablar hadisələri xronoloji ardıcılıqla və xüsusi coğrafi mövqelərinə əhəmiyyət verməklə nəql edir.

2. Tarixi kitablarda hadisələrin təkrarı müşahidə olunmur. Bir hadisə bir, iki və ya bir neçə dəfə təkrar olunmur. Cünki, məqsəd sırf hadisənin özünü nəql etməkdir. Amma Qurani-Kərimdə isə dastanların, hadisələrin təkrarı müşahidə olunur. Səbəbi isə məlumdur. Qurani-Kərim istəyir ki, insanlarda dərin təsir buraxsın və həmin hadisənin nə qədər əhəmiyyətli olduğunu başa düşsünlər.

3. Tarixi kitablar hər hansı bir hadisə və ya şəxs barədə xəbər verəndə incəliyinə qədər qeyd edir. O barədə hər tərəfli məlumat verir. Qurani-Kərim isə incəlikərə varmır. Əgər bir hadisəni nəql edirsə bu hadisənin baş vermə vaxtını nəql etmir, yaxud əvvəlki peyğembərlərdən və şəxsiyətlərdən danışır, amma doğum və vəfat tarixinə, ata-anasının adlarına, bir sözlə tərcümeyi-halına toxunmur. əgər bir hadisənin hansısa bir incəliyini nəql edibsə mütləq xüsusi bir hədəfi güdmüşdür. Əllamə Təbatəbayi Əl-mizan təfsirində buyurur: "nə üçün Qurani-Kərim bir hadisənin tarixini və incəliklərini qeyd eləmir?" sualına gəldikdə bunun cavabı çox aydındır. Qurani-Kərim hidayət və dəvət kitabıdır. Bu işində insanların diqqətini tarix və ya digər fənlərə yönəltmək istəmir. Çünki Qurani-Kərimin hədəfi tarixi öyrətmək deyildir. Metodu roman yazmaq metodundan da fərqlidir. Filankəs kimin oğludur, hansı nəsildəndir, onunla bağlı hadisələr hansı tarixdə və harada baş vermişdir? – bunların heç birisinə diqqət yetirmir. Tarixçi və ya yazıçı kimi hadisənin incəlikərinə də toxunmur. Çünki, bu incəlikər onun (Qurani-Kərimin) hədəfində təsiri malik deyildir... (Əl-mizan 13/264).

4. Tarixi kitabların hədəfi yalnız keçmişdən agah olmaq və olmuşları bilməkdir. Qurani-Kərim isə olmuşları bilmək ilə bərabər "necə olmaq lazımdır” hədəfini güdür, onun yollarını insana öyrədir. Əgər Musa peyğəmbərdən danışıb onu tərifləyirsə, məqsədi odur ki, sən ondan örnək götürəsən, özünü ona oxşadasan. Firondan danışıb onu tənqid edirsə, məqsədi odur ki, sən onun aqibəti barəsində düşünəsən, onun yolunu getməyəsən.

Əllamə Təbatəbai Təbrizinin nəzəri

Böyük müfəssir Əllamə Təbatəbainin Qurani-Kərimin təfsirinə dair yazdığı Əl-mizan təfsirində tarix barədə bu cür buyurur: " iki mühüm amil həmişə tarix fənninə müdaxilə emiş və onu etibardan salmışdır:

1. Siyasət: həmişə dövlətlər öz mövqeyini gücləndirmək üçün əsası olmayan xəbərləri camaat arasında yaymış, doğru xəbərlərin yayılmasının isə qarşısını almışdır. Hətta camaata doğrunu yalan, yalanı isə doğru kimi təqdim etmişlər. Azaacıq ağlı olan və hazırki əsri dərk edə bilən hər kəs keçmiş millətlərin tarixində də bu həqiqəti görə bilər.

2. Tarixi hadisələri görüb nəql edənlərin və bu hadisələri öz kitablarında yazanların ittiham olunması: tarixi nəql edənlər milli, dini, məzhəbi və s. təssübkeşliklərdən xali olmayıblar. Bu təssübkeşlik hissi onların nəqlində və yazılarında özünü aşkar şəkildə göstərir. Beləki, keçmiş əsrlərdə dövlətlər dini olduğu üçün o dövrdə yaşamış tarixçilər də dini və məzhəbi təəssübkeşliyə yol vermək məcburiyyətində qalıblar. Indiki dünyamızda da əksər dövlətlər dünyəvi və qeyri-dini olduqları üçün nəfsani istəkləri, cinsi azadlığı və s. tərənnüm edir, din və ağlın əleyhinə təbliğat aparırlar. Bu üzdən jurnalist və müxbirlər yazılarını yazarkən və xəbərlərini verərkən bu amilin təsiri altına düşürlər.

Qeyd olunanlardan əlavə, tarixi etibardan salan iki amil də mövcuddur: biri xəbəri başqalarına çatdırmaq və hadisəni olduğu kimi göstərmək üçün vasitənin olmaması, digəri isə o barədə kitabın yazılmaması və ya yazılmış kitabın qorunub saxlanılmamasıdır. Bu amillər hal-hazırda mövcud deyildir. Çünki, şəhərlər biri-birinə yaxınlaşıb, informasiya vasitələri və texnoloqiya o qədər inkişaf edib ki, hər hansı bir xəbəri və ya baş verən hadisəni asanlıqla bütün dünyaya yaymaq olar. Buna baxmayaraq, tarix fənninin bəlası həmişə qüvvədədir. Bu da, insan həyatının bütün sahələrinə müdaxilə edən siyasət məsəlsəisdir. Dünyanın çarxı siyasət əsasında fırlanır. Siyasətin dəyişməsi ilə bütün dünyanın xəbərləri gözlənilmədən bir haldan başqa bir hala keçir və bu özü böyük bir amil və davasız dərddir ki, insanı tarixə bədgüman edir. Buna görə də müasir tarixçilər nəqli tarixə etinasız olub arxeoloji qazıntılara üstünlük verməyə başladılar. Arxeoloji qazıntılar nəqli tarixdəki bir sıra nöqsanlardan uzaq olmasına baxmayaraq, digər ümumi nöqsanlara malikdirlər. Belə ki, bu alimlərin də hissiyat və təəssübkeşlikləri vardır. Onlar da, siyasətlərin təsiri altına düşüb kəşf etdikləri sirlərin bir hissəsini ya gizlədir, ya dəyişdirir, ya da heç demirlər. Yəni onların dediklərinin yalan olması və həqiqəti gizlətmələri mümkündür.

Tarix barəsində sadalanan nöqsanları nəzərə alsaq, onu Qurani-Kərim ilə müqayisə etmək olmaz. Çünki Qurani-Kərim ilahi vəhydir və hər bir səhv və yalandan uzaqdır. Tarix isə səhv və yalanlarla doludur ( Əl-mizan 2/466).

Müəllif: Hacı Samir Ağayev

 

Hazırladı: Vusal Əli

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))