Shia.az SonUmidTv media
sitename

CÜMƏ NAMAZININ QAYDASI

Cümə namazı iki rəkətdən ibarətdir və eynilə sübh namazı kimi qılınır. Müstəhəbdir ki, Həmd-Surə uca səslə oxunsun; birinci rəkətdə Həmddən sonra “Cümə”, ikinci rəkətdə isə “Münafiqun” surəsi qiraət olunsun.
 
 Cümə namazında iki qunut vardır ki, birinci qunut birinci rəkətin rükusundan əvvəl, ikinci qunut isə ikinci rəkətin rükusundan sonra yerinə yetirilir.
 
 Cümə namazında iki xütbə vardır ki, namazın özü kimi vacibdir və imam-cümənin vasitəsilə deyilməlidir. Bu iki xütbə olmadan cümə namazı gerçəkləşmir.
 
 Vacibdir ki, bu iki xütbəni cümə namazından qabaq oxusunlar. Əgər əvvəlcə cümə namazını qılsalar batildir və vaxt qalarsa xütbələrdən sonra yenidən cümə namazını qılsınlar. Amma əgər məsələnin hökmünü bilməsə, yaxud səhv etsə xütbələri yenidən demək, hətta namazı da yenidən qılmaq lazım deyil.
 
 Cümə namazının iki xütbəsini şər”i zöhrdən qabaq oxumaq caizidir. Bu şərtlə ki, xütbələrin axırı şər”i zöhrlə eyni vaxta düşsün. Amma ehtiyat-müstəhəb budur ki, onları zöhr vaxtında oxusunlar.
 
 Birinci xütbədə ilahi həmd hesab olunan hər kəlmə ilə həmd etmək vacibdir. Amma ehtiyat-müstəhəb budur ki, Ləfzi-Cəlalə (“Allah” kəlməsi) ilə olsun. Ehtiyat-vacib budur ki, ondan sonra Allaha səna (tə”rif) etsin, sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə salavat göndərsin. Vacibdir ki, camaatı təqvaya tövsiyə etsin və Quranın kiçik surələrindən birini oxusun. İkinci xütbədə də həmçinin Allaha, əvvəldə qeyd olunduğu kimi həmd-səna etmək, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə salavat göndərmək vacibdir. Ehtiyat-vacib budur ki, bu xütbədə də xətib camaatı təqvaya tövsiyə edib Qurandan bir kiçik surə oxusun. Ehtiyat-müstəhəb və tə”kid olunmuş müstəhəb budur ki, ikinci xütbədə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə salavat göndərəndən sonra, mə”sum İmamlarımıza (əleyhimüs-salam) da salavat göndərib mö”minlər üçün istiğfar etsin.
 
 Daha yaxşı olar ki, Əmirəl-mö”minin Əli (əleyhis-salam)-a mənsub olan xütbələri, yaxud mə”sum İmamlar (əleyhimüs-salam)-dan gəlib çatan hədisləri seçsin.
 
 Daha yaxşı olar ki, xətib-imam bəlağətli olsun. Vəziyyətə, şəraitə mütənasib olaraq danışsın. Gözəl və fəsahətli, səlis kəlmələr işlətsin. Dünyada müsəlmanların baş verən hadisələrdən, xüsusilə öz məntəqələrinin hadisələrindən xəbərdar olsun. İslam və müsəlmanların mənafeylərini təhlil edə, seçə bilsin. O qədər şücaətli olsun ki, Allah yolunda hər hansı bir kəsin məzəmmət və tə”nəsindən özündə qorxuya yol verməsin. Haqqı izhar, batili ibtal etməkdə zaman və məkanın şəraitinə əsasən bəyanı aşkar olsun. Namazın vaxtlarına diqqət yetirmək, salehlərin, ilahi övliyaların getdiyi yolla, camaata tə”sir buraxmasına səbəb olan əməllərinə riayət etsin; onun işləri, möv”izələrlə, müjdə və cəhənnəm əzabına dair dediyi sözlərlə uyğun olsun. Onun sözünün və özünün yüngüllüyünə səbəb ola bilən şeylərdən–hətta çox danışmaq, zarafat etmək, boş-boş söhbət etməkdən uzaq olsun. Bütün bu işlərə də yalnız Allahın razılığı üçün əməl etsin, niyyəti də dünyapərəstlikdən, məqampərəstlikdən uzaq olsun (bu kimi işlər bütün günahların başıdır) ki, kəlamı camata cani-dildən tə”sir etsin.
 
 Daha yaxşı olar ki, xətib-imam, cümə namazının xütbələrində müsəlmanların dini və dünyəvi mənafeylərini xatırlatsın, islami və qeyri-islami ölkələrin, onları ziyanlı və faydalı məslələrin gedişatında qoysun; müsəlmanların məad və dünyəvi ehtiyaclarını, siyasi və iqtisadi məsələlərdə müsəlmanların istiqlaliyyəti üçün mühüm rol oynayan işləri xatırlatsın. Onların sair millətlərlə səhih rabitə bərqərar etməsi yollarını bəyan etsin, camaatı, istismarçı, müstəmləkəçi dövlətlərin müsəlmanların siyasi və iqtisadi işlərində, onların müstəmləkə və istismarına aparıb çıxaracaq müdaxilələri barədə agahlıq verib müsəlmanları bu kimi işlərdən çəkindirsin.
 
 Xülasə, cümə namazı və onun iki xütbəsi həcc və camaatın oraya yığışdığı mərkəzə, Qurban, Fitr namazları kimi böyük səngərlərə bənzəyir. Təəssüflə qeyd etmək lazımdır ki, müsəlmanların əksəriyyəti özlərinin onda olan mühüm siyasi vəzifələrindən qafil qalmışlar. Necə ki, islami siyasətin sair böyük qərargahlarından da qafildirlər. İslam siyasət dinidir, özü də siyasətin bütün sahələrində nəzəri olan dindir. Bir kəs İslamın məhkəmə, siyasət, iqtisadiyyat və ictimai məsələlərində azacıq təfəkkür etsə, qeyd olunanları səhih şəkildə anlaya bilər. Hər kəs İslamın siyasətdən ayrı olmasını güman etsə, bir cahildir ki, nə dindən xəbəri var, nə də siyasətdən başı çıxır.
 
 Müstəhəbdir ki, xətib-imam qışda və yayda əmamə qoysun, bordi-yəmani, yaxud ədən əbası geysin, özünü səliqəli saxlasın, ən təmiz paltarlarını geysin, xoş iyli ətirlərdən istifadə etsin. Vüqarlı və təmkinli olsun. Xitabədən əvvəl, müəzzinin azan dediyi vaxt minbərdə oturmuş olsun. Elə ki, azan sona çatdı, xütbəni başlasın. Xitabə minbərinə çıxıb camaatla üzbəüz dayansın, onlara salam versin, camaat da öz üzlərini ona çevirsinlər. Xətib kaman, qılınc (silah) və əsa kimi şeylərə söykənsin. Camaat da onunla üzbəüz olsunlar.
 
 Vacibdir ki, imam-cümə xütbələri şəxsən özü və ayaq üstə oxusun. Əgər xütbələri ayaq üstə oxuya bilməsə, başqası xütbələri oxumalı və namaz qılmağı da öz öhdəsinə almalıdır. Əgər xütbəni ayaq üstə deyə bilən bir kəs tapılmasa, cümə namazı saqit, zöhr namazı vacib olur.
 
 Caiz deyil ki, imam cümə xütbələri, xüsusilə möv”izə və təqvaya tövsiyəni astadan desin. Ehtiyat-vacib budur ki, xütbələri uca səsələ desin. Belə ki, cümə namazının bərqərar olması üçün lazım olan say (4 nəfər) onun səsini eşidə bilsin. Hətta ehtiyat-müstəhəb budur ki, möv”izə və təqvaya sifariş edən vaxt öz səsini o qədər ucaltsın ki, iştirak edənlərin hamısı onun möv”izələrini eşitsinlər. Böyük toplantılarda da mikrofon ilə xütbəyə başlasın ki, yaxşı işlərə təşviq, pis işlərdən çəkindirmək və s. kimi mühüm məsələləri hamıya çatdıra bilsin.
 
 Ehtiyat-müstəhəb budur ki, imam, xütbə deyən halda xütbəyə aidiyyəti olmayan sözlər danışmasın. Əlbəttə xütbələrlə namaz arasındakı fasilədə başqa söz danışmağın eybi yoxdur.
 
 Vacibdir ki, imam birinci xütbədən sonra azacıq otursun, sonra qalxıb ikinci xütbəyə başlasın.
 
 Ehtiyat-müstəhəb budur ki, imam və dinləyicilər xütbə halında (namazda şərt olan) kamil təharətlə olsunlar.
 
 Ehtiyat-müstəhəb budur ki, mə”mumlar xütbə halında imamla üzbəüz olub, namazda icazə verilən qədərdən artıq o yana-bu yana dönməsinlər.
 
 Vacibdir ki, mə”mumlar imamın xütbələrinə qulaq assınlar. Ehtiyat-müstəhəb budur ki, sakit olsunlar və bir-biri ilə danışmasınlar ki, xütbə vaxtında söhbət etmək məkruhdur. Hətta əgər onların danışmaqları xütbənin eşidilməməsinə, onun faydasının aradan getməsinə səbəb olsa, sükut etmələri lazımdır.
 
 Ehtiyat-vacib budur ki, imam cümə xütbədə Allaha həmd-səna, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və İmamlarımız (əleyhimüs-salam)-a salavatı–hətta o və onu dinləyənlər ərəb olmasa da belə–ərəb dilində desin. Amma möv”izə və təqvaya sifariş məqamında başqa dildə danışa bilər. Ehtiyat-müstəhəb budur ki, möv”izə və müsəlmanların mənafeyinə aid olan şeylər dinləyicilərin dilində deyilsin. Əgər dinləyicilərin dilləri müxtəlif olsa, onları müxtəlif dillərdə təkrar etsin. Hətta mə”mumlar həddi-nisabdan (4 nəfər) çox olsalar da, elə nisab həddindəki dillərdə (4 dildə) deməklə kifayətlənə bilər. Amma ehtiyat-müstəhəbə görə gərək onlara, öz dillərində möv”izə etsin.
 
 Cümə günündə ikinci azan bid”ət və haramdır.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))