Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı
Orucluq Bayramı Fitr bayramıdır, bütün oructutanların bayramıdır. Şəvval ayının 1-də bayram edilir. Bayram günü həddi-büluğa çatmış hər bir imkanlı müsəlman özü üçün və himayəsində olan hər bir şəxs üçün təqribən 3 kq buğda qiyməti həcmində fitrə zəkatı verməlidir. Fitr bayramı - Ramazan ayının başa çatması münasibətilə təşkil olunan əsas bayramlardan biridir. Buna "əl-Fitr" və ya "Siyam" bayramı da deyirlər. "Siyam" ərəbcə oruc tutmaq sözündəndir. Farsca "ruzə" deyilir. Fitr bayramı orucluq qurtaran günü, təzə Ayın - hilalın ilk rübünün nazik şəkildə görünməsi ərəfəsindən, yəni Şəvval ayının daxil olması ilə başlayır. Bu zaman oruc tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, görüşür, "oruc namazın qəbul olunsun",- deyə dua edirlər. Həmin axşam evdə hər kəsin imkanına görə gözəl bayram süfrəsi açılır.
Yeməkdən sonra fitrə vermək mərasimi başlayır. Bu məqsədlə ailə başçısı ailə üzvlərinin (yəni onun evində çörək yeyənin, hətta orduda xidmət edənin, başqa şəhərdə oxuyan tələbənin, o gecə evində olan qonağın sayına görə) hər nəfərə bazar qiymətilə 3 kq buğdanın pulunu ayırır. Yaxşı olar ki, bu fitrə həmin gecə kasıblara paylansın. Əgər o axşam mümkün deyilsə, sabahı gün və ya başqa günlərin birində fəqir-füqəraya çatdırılsın.
Fitr və qurban bayramı namazı
Bu namaz İmam Zamanın (ə.c) hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma İmam Zamanın (ə.c) qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Fitr və qurban bayramı namazlarının vaxtı günəş doğandan günortayadəkdir. Amma müstəhəbdir ki, , fitr və qurban bayramının namazı günəş qalxdıqdan və fitrə zəkatı verildikdən sonra qılınsın.
Fitr və qurban bayramı namazlarının qaydası
Fitr və qurban bayramı namazları iki rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə həmd və surə oxunduqdan sonra dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.
Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir:
«Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla Muhəmmədin və ali Muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmmədin sələvatukə ələyi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun».
Fitr və qurban bayramları namazlarında müstəhəb əməllər
Fitr və qurban bayramları namazlarında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1. Bayram namazında qiraəti ucadan oxumaq.
2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir).
3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə «Səbbihismi rəbbikəl-əla» surəsini, ikinci rəkətdə «Vəş-Şəms» surəsi oxunsun.
4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın, Qurban bayramında namazdan sonra bir qədər qurban əti yeyilsin.
5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun.
6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın.
7. Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər deyilsin: «Əllahu əkbər, Əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, Əllahu əkbəru və lillahil-həmd, Əllahu əkbəru əla ma hədana»
8. Bayram namazı açıq fəzada qılınsın.
Fitr və qurban bayramları namazının hökmləri
Əgər namazın təkbir və qunutlarının sayında şəkk yaransa, vaxtı ötməyibsə, az ehtimal əsas götürülsün. Sonradan, deyilmiş olduğu bilinsə, namaz düzgündür. Səhvən qiraət, ya təkbirlər, ya da qunutlar unudulsa, rükuya getdikdən sonra yada düşsə, namaz düzgündür. Bayram namazında bir səcdə və ya təşəhhüd unudulsa, vacib ehtiyat budur ki, namazdan sonra yerinə yetirilsin. Gündəlik namazlarda səcdeyi-səhvə səbəb olan hal yaransa, vacib ehtiyat budur ki, səcdeyi-səhvi namazdan sonra yerinə yetirsin.
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!
Həmçinin baxın