Shia.az SonUmidTv media
sitename

Təvəssül (Lüğətdə və elmi dildə)[1]

Təvəssül sözü ərəb sözü olaraq "vəsilə” sözündən götürülmüşdür. Əbu Əbdurrəhman əl Xəlil ibn Əhməd əl Fərahidi "Kitəb əl eyn” də "vəsilə” maddəsinin izahında belə demişdir: "Rəbbimə vəsilə qərar verdim, yəni elə bir iş dördüm ki, onun vasitəsilə rəbbimə yaxınlaşdım. Hər hansı bir şəxsə bir yazı ya da bir qohumluq əlaqəsi ilə vasitəçilik etdim, yəni həmin şeylərlə ona yaxınlışdım.”

Ismayıl ibn Həmmad əl Cövhəri "Əl sihah tac əl lüğət və sihah əl ərəbiyyət” də belə demişdir: "Vəsilə başqasına yaxın olmaqdan ötrü istifadə olunan bir şeydir.”

Lüğət kitablarında "vəsilə” sözünü təhqiq etməyə o qədər də ehtiyac yoxdur, çünki bu açıq-aşkar olan məfhumlardandır. "Vəsilə” sözünün həqiqəti bir şeyi vasitə qərar verməklə hədəfə yetişməkdən ibarətdir ki, bu da hədəf və məqsədlər dəyişdikcə dəyişikliyə məruz qalır.

Allahın razılığını qazanmaq istəyən hər bir insan onun razılığını cəlb edən saleh əməlləri onun dərgahında vəsilə qərar verir. Duasının qəbul olmasını istəyən hər bir insan şəriətdə vəsilə sayılan şeyləri onun hüzuruna təqdim edir. Allah evini, Kəbəni ziyarət etmək istəyən insan isə Allah evinə çatdıran vasitələrlə dua edir. Beləliklə, təvəssül sözünün mənası açıq-aşkar olduğu üçün dilçi alimlərin bu sahədə dediyi sözləri nəql etməməyi qərara alırıq, baxmarayaq ki, onların sözləri bir-birinə daha oxşardır.

Bu məqamda isə təvəssül (bəndənin öz rəbbinə duasının qəbul olması üçün) hər hansı bir şeyin vəsilə olaraq təqdim edilməsidir. Misal olaraq deyə bilərik ki, əgər bəndə Allahın gözəl adlarını, uca sifətlərini, əzəmətini və paklığını xatırlayıb dilinə gətirərsə və sonda isə öz diləyini diləyərsə artıq Allahın gözəl sifətlərini öz hədəfinə yetişməkdən ötrü vəsilə qərar vermiş olur. Həmçinin digər təvəssüllər də bunun kimidir və hətta demək olar ki, təvəssül insanın fitri və vicdani bir fəryadıdır. İmam Sadiq (ə) belə buyurmuşdur: "Allah təala hadisələri yalnız və yalnız öz səbəbləri ilə baş verməsini istəmiş və buna görə də hər bir şeyə bir səbəb qərar vermişdir.”[2]

Əgər vəsilə hər hansı bir şey üçün təbii səbəb olarsa onda onların arasında yalnız adi əlaqənin olması şərtdir. Doymaq istəyən hər bir insan su içərsə bu onu rahat etməz, çünki su ilə aclıq arasında heç bir əlaqə yoxdur. Buna görə də aqil insanlar bu üslubu öz dünya həyatlarında vicdani stimul və yaxud da təcrübi amillə rəhbər tuturlar. Məlumdur ki, Zülqərneyn dağların arxasından gəlib fitnə-fəsad törədib, insanları qətlə yetirən Yəcuc və Məcuc tayfalarının şərrindən xilas olmaq üçün dəvət olunduqda bu dəvəti qəbul edib onların şərrindən qurtarmaq üçün möhkəm təbii vasitələrə əl ataraq belə deyir: "Mənə ərimiş mis gətirin onun üzərinə töküm. "Beləliklə, onlar həmin dağı nə aşa bildilər, nə də onda deşik aça bildilər.” (Əl Kəhf surəsi, 96 və 97-ci ayələr).

Göründüyü kimi belə mühüm bir məqamda bu ilahi insan (Zülqərneyn) təbii səbəbdən istifadə etdi. Çünki hədəflə vəsilə arasında rabitəyə ehtiyac var idi və həmin hədəf isə bu iki qan içən tayfanın şərrindən qurtarmaq üçün iki dağ arasında səddin yaradılması idi. Bunun üçün dəmir parçalarını iki dağın arasına yığandan sonra dəmirçilərə əmr edir ki, ərimiş misi gətirsinlər və həmin səddin üzərinə töksünlər, beləliklə, iki dağ arasındakı boşluqda möhkəm bir sədd tikilir. Bu səddin daşı dəmir parçaları, torpağı isə ərimiş mis olur.

Bu və bunun kimi məqamlarda insan həyatı hədəflə vəsilə arasında sadəcə olaraq təbii bir əlaqənin yaradılması üzərində qurulmuşdur. Amma bu maddi aləmdən fərqli olan başqa, yəni mücərrəd bir aləmdə isə səbəblər bizə məlum olmadığı və heç bir elmi təcrübəyə tabe olmadığı üçün, daha dəqiq desək, bu aləm qeybi (bizə məlum olmayan) həqiqətlərdən sayıldığı üçün insan bunlara yol tapa bilmir. Bunun üçün də səmavi elçilər və peyğəmbərlərin bəyanına, şəriət və vəhyin köməyinə ehtiyac yaranır. Yalnız onlar bizə hər hansı hədəflə vəsilə arasında olan əlaqəni açıqlaya bilərlər.

Bu prinsipi əldə əsas tutaraq Allahın razılığını qazanmaq, günahlarımızın bağışlanması, dualarımızın qəbul olunması, məqsədlərə çatmaqdan ötrü yalnız şəriətin təyin etdiyi, açıq-aşkar işarə etdiyi vəsiləyə tapına bilərik. Bu çərçivədən kənara çıxmaq insanı qanunvericilik uçurumuna və bidət qətlgahına sürükləyir.

Bütün əsrlərdə yaşayan müsəlmanlar istər səhabələr olsun, istərsə də onlardan sonra gələn tabeinlər olsun bu çərçivədən kənara çıxmamış. Şəriətin təvəssül sahəsində dəvət etdiyini əxz etmiş, icazə verilməyəni və mötəbər saymadığını isə tərk etmişlər. Bu kitabda biz sizlərə şəriətin icazə verdiyi, düzgün bildiyi və peyğəmbərin, onun seçilmiş xəlifələrinin təşviq etdiyi təvəssülləri təqdim edirik. Buna görə də əsas mətləblə kifayətlənərək artıq söz-söhbətdən çəkinmişik...

 

Allahın adları və sifətləri ilə təvəssül

Allah təala bəndələrini özünün gözəl adları ilə dua edilməsinə əmr edərək buyurmuşdur: "Gözəl adlar Allaha məxsusdur. Onu bu adlarla nida edin. Və Allahın adlarında şirkə yol verənləri tərk edin. Onlar gördüyü əməllərə görə cəzalanacaqlar.” (Əl Əraf surəsi, 180-cı ayə).

Bu ayə Allahın bütün sifətlərini mənasının gözəlliyinə görə, zati və feli sifətlər arasında heç bir fərq qoymadan gözəl sifətlər adlandırır. Hər bir müsəlmanın vəzifəsidir ki, Allahı bu adlarla çağıraraq belə desin: "Ey Rəhman və Rəhim olan Allah, ey göyləri və Yeri yaradan, ey günahları bağışlayan, ey balaca balalara ruzi verən Allah”...v.s. Bununla da Allahın gözəl sifətlərindən üz döndərib öz bütlərinə Allahın adlarını qoyan müşrikləri tərk etsin.

Əgər bəndə bütün xeyr və bərəkəti özündə toplayan bu adları zikr edərək sonra isə öz ehtiyaclarını Allahdan istəsə, O da cavab verər və onun dualarını qəbul edər. Bu barədə bir çox səhih hədislər gəlmişdir. Onlardan bəzilərini burada qeyd edirik:

Əl Tirmizi öz "Səhih”ində Abdullah ibn Bureydədən, o da öz atasından belə nəql: "Bir gün peyğəmbər bir kişinin belə dediyini eşidir: "Ey mənim Allahım, Sənin birliyinə şəhadət verib Əhəd və Saməd olmağını, doğmayıb və doğulmayıb deyərək, Sənə bir kəsin oxşayıb, tayı-bərabəri olmadığını təsdiq edərək Səndən xahiş edirəm.” Peyğəmbər belə buyurdu: "Artıq Allahı ən böyük adı ilə dua etdin. Hər kəs bu adla dua etsə ona cavab verilər və bir şey diləsə ona əta olunar.”[3]

Bu hədis vəsiləni və Allahın gözəl adları ilə təvəssülü bəyan etməsinə baxmayaraq həmin adamın dilədiyi hacət barəsində bir şey danışmır.

Əbu Hüreyrədən belə nəql olunur: "Bir gün Fatimə peyğəmbərin yanına gəlib ona ev işlərində kömək etməsi üçün xadimə istəyir. Peyğəmbər ona buyurur ki, belə desin: "Ey mənim Allahım, yeddi səmanın, əzəmətli ərşin pərvərdigarı, ey bizim və hər bir şeyin pərvərdigarı və Tövrat, İncil və Quranı nazil edən, toxumu və (içindəkini) nüvəni parçalayan. Hər bir şeyin şərrindən Sənə pənah aparıram, çünki Sən hər şeyə qadirsən. Sən əvvəlsən və Səndən əvvəl bir şey yoxdur, Sən Axırsan və Səndən sonra bir şey yoxdur . Sən Zahirsən və Sənə üstün bir şey yoxdur, Sən Gizlinsən və Sənsiz bir şey yoxdur. Mənim öhdəmdə olan borcumu əda et və məni bu yoxsulluqdan xilas et.”[4]

Əl Tirmizi və Əhməd, Ənəs ibn Malikdən nəql edərək deyirlər ki, Ənəs ibn Malik peyğəmbərlə oturmuşdu. Bu zaman isə bir kişi namaz qılmaqla məşğul idi. Sonra belə dua etdi: "Ey mənim Allahım, bütün təriflər yalnız Sənə məxsusdur, Sən (öz bəndələrinə) minnət qoyan, göyləri və yeri yaradansan. Ey cəlalət və ehtiram sahibi, ey daim diri və qəyyum Allah, yalnız səndən xahiş edirəm. Bu vaxt peyğəmbər buyurdu: "Heç bilirsiniz Allahı nəyə and verdi?! Allahı elə böyük adına and verdi ki, əgər bir kəs Onu bu adla dua etsə cavab verilər və hər nə diləsə ona əta olunar.”[5]

Əhli beyt imamlarından gələn hədislərdə bu cür təvəssüllərə rast gəlmək olar:

İmam Rza (ə) öz babası İmam Baqirdən belə nəql edərək buyurur ki, o, Ramazan ayında Allah təalanı belə dua edərdi: "Ey mənim Allahım, Səni malik olduğun məqam və səltənətə and verərək xahiş edirəm, Səni yalnız Sənə məxsus olan bütün məqam və bütün səltənət və hakimiyyətinə and verərək xahiş edirəm. Ey mənim Allahım, Səni xahiş edən zaman verdiyin cavaba and verirəm mənə cavab ver, ey Allah.”[6]

Şeyx Tusi "Misbah əl mütəhəccid” kitabında İmam Baqir və İmam Sadiq (ə)-dan "Simat” adlı duanı nəql etmişdir. Həmin duanın girişində belə gəlmişdir: "Ey Allahım, Səni son dərəcə əzəmətli, əziz, böyük və hörmətli adına and verərək xahiş edirəm. Bu ad elə bir addır ki, əgər səmanın bağlı qapılarına rəhmətlə açılması üçün oxunursa o qapılar açılar və əgər Yer qapılarının arasına açılması üçün oxunarsa açılar və əgər yüngüllük üçün çətinliyə oxunarsa yüngülləşər...”[7]

Həqiqətən Allah təalanın həmd və sənası və Quranın onu vəsf etdiyi sifətlərlə sifətlənməsi duanın qəbul olunması üçün gözəl zəmin yaradır və dua edən şəxsin Onun rəhməti, əfvi, sonsuz dərəcə kəramətinə olan haqqını bəyan edir. Təvəssülün bu qismi bütün İslam ümməti tərəfindən qəbul etdildiyi üçün bu qısa bəyanla kifayətlənirik.

 

Qurani Kərimlə təvəssül

İnsan övladı vəsf və ifadə vasitələrində hər nə qədər ixtiraçı olsa da Allah təalanın kəlamını vəsf etmək iqtidarında deyildir. Belə ki, bunu Allah təala Quranda özü etiraf edir. Allah Quranı bu adlarla vəsf etmişdir: Nur, bəyan edən kitab, müttəqi insanların hidayət kitabı, hər bir şeyi bəyan etmək üçün haqla nazil olan v.s.

Allahın kitabı Onun yaratdıqlarındandır. Buna görə də Quranla təvəssül və Qurana and verib diləmək Allahın yaratdığını vasitə qərar verməkdən ibarətdir. Çünki Onun rəhməti və mərhəməti hər bir şeyi əhatə etmişdir. Bununla da Allahın kitabını vasitə qərar verən şəxs təvəssülün bu qisminin mötəbər olduğunu dəlil vasitəsi ilə sübuta yetirməlidir. Bu ona görədir ki, hər bir müsəlman gördüyü işin şəriət tərəfindən dəlil və sübutla isbatına yəqin etməli və bilməlidir ki, etiqad etdiyi hər hansı bir şey monoteizm prinsipi ilə heç bir ziddiyət təşkil etmir.

Əhli sünnət alimlərindən olan İmam Əhməd İmran ibn Harisdən nəql edərək belə deyir: "Bir gün hekayə söyləyən bir kişinin yanından sovuşurdum. İmran sözünə başlayaraq belə dedi: "Biz Allahdanıq və Ona doğru qayıdacağıq. Allahın rəsulundan eşitdim ki, belə deyərdi: "Quran oxuyun və Quranı vasitə qərar verərək Allah təaladan diləyin.”[8]

Hədisə diqqətlə nəzər salan insana bir həqiqət açıqlanmaqdadır. O da Allah yanında məqam və hörmətə malik olan hər bir şeyi Onun dərgahına vasitə salmaqdan ibarətdir. Quranın vasitə qərar verilməsi bu kitabın Allah dərgahında izzət və hörmətə malik olması üçündür. Həmin bu sifətlər əziz İslam peyğəmbəri və onun pak və məsum Əhli beytində mövcuddur.

İbn Tavus əl Hilli "Əl iqbal” kitabında Əhli beytdən nəql etdiyi rəvayətdə belə deyir: "Qədr gecəsində Quranı açıb belə demək müstəhəbdir: "Ey mənim Allahım, Səni nazil olmuş Qurana və içindəkilərə and verərək diləyirəm. Bu kitabda Sənin böyük ismin, gözəl adların, insanı qorxuya salan və ümid verən ayələr var. Məni cəhənnəm odundan azad olunmuşlardan qərar ver.”[9]

 

Saleh əməllərlə təvəssül

Əgər təvəssül hər hansı bir şeyi Allahın hüzuruna təqdim edərək duanın qəbul olunmasını diləməkdirsə, onda şübhəsiz ki, saleh əməllər Allaha yaxın olmaq üçün ən gözəl vasitələrdəndir. Bunun nəticəsi olaraq Allahın rəhməti nazil olur və dua qəbul olur. Hətta bəzi ayələrdə bu mətləbə açıq-aşkar olmasa da bəzi işarələr vardır. Buna baxmayaraq peyğəmbər və Əhli beytin sünnəti buna, tamamilə, dəlil ola bilər. İndi isə bəzi Quran ayələrinə müraciət edək: "İbrahim və İsmayıl Kəbə evinin bünövrəsini qaldırdıqları zaman (İbrahim) belə dedi: "Bizim pərvərdigarımız, bizdən qəbul et. Həqiqətən, sən eşidən və bilənsən. Ey bizim pərvərdigarımız, bizi Sənə təslim olanlardan qərar ver, bizim nəslimizdən də Sənə təslim olan ümmət qərar ver. Bizə ibadətlərimizi göstər və bizləri bağışla. Həqiqətən, Sən bağışlayan və rəhimlisən.” (Əl Bəqərə surəsi, 127 və 128-ci ayələr)

Gördüyünüz kimi İbrahim və onun səbrli oğlu Allaha vəsilə olaraq kəbənin təmir olunmasını təqdim edərək bir neçə şey dilədilər: əməlin qəbul olunmasını, ikisinində Allaha təslim olanlardan qərar verilməsi, həmçinin onların nəslindən olan insanların sırf Allaha təslim olması, ibadətlərin tanıtdırılması və tövbənin qəbulu.

Düzdür, bu ayə açıq-aşkar bizim mətləbə dəlalət etməsə də, lakin İbrahim peyğəmbərin öz oğlu ilə birlikdə Kəbə evinin bünövrəsini qaldırdığı zaman etdiyi duaların təsadüfü olmamasına işarədir. Buradan belə nəticə çıxartmaq olar ki, saleh əməllə dua arasında güclü bağlılıq vardır. Buna görədə İbrahim peyğəmbər səmimi qəlbdən bu saleh əmələ bağlanaraq duasını diləmişdir.

Allah təala buyurur: "O kəslər ki, ey bizim pərvərdigarımız-deyə, nida edərək diləyərlər: "Həqiqətən, biz iman gətirmişik, bizim günahlarımızı əfv elə və bizləri cəhənnəm əzabından qoru.” (Ali İmran surəsi, 169-cu ayə)

Bu ayədə bir qədər təfəkkür edən şəxsə kifayətdir ki, əfv ilə iman gətirmək arasında olan sıx əlaqəni anlasın. Əgər bu qəbildən olan ayələri təhqiq etsək görərik ki, bu ayələr açıq-aşkar deyil, sadəcə olaraq, söhbəti gedən mətləbə işarə edir. Lakin peyğəmbərdən gələn hədislərdə saleh əməlin dua zamanı xatırlanması Allahın rəhmətini qazanmaq üçün vasitələrdən biri kimi qeyd edilir. Beləliklə, Onun rəhməti bəndəyə nazil olaraq diləyini qəbul dərəcəsinə çatdırır.

İndi isə hər iki məzhəbin (Əhli sünnət və şiə) rəvayət etdiyi əhvalatı təqdim edirik. Əl Buxari ibn İmrandan, o da Allahın rəsulundan belə nəql edir: "Sizdən əvvəlki ümmətlərdən üç nəfər yol ilə gedirmişlər. Birdən yağışa düşürlər. Bu vaxt bir mağaraya pənah aparırlar. Mağaraya girən kimi daşlar tökülüb onun girişini bağlayır. Bir-birilərinə belə deyirlər: "And olsun Allaha bizi buradan yalnız düzgünlük xilas edə bilər. Elə isə bizdən hər birimiz düzgün əməllə dua etsin.

Onlardan biri belə deyir: "Ey mənim Allahım, Sən bilirsin ki, mənim bir işçim var idi. O, düyü sahəsinin bir hissəsində işləyirdi. Lakin oranı tərk edib getdi. Mən həmin sahəyə getdim və çəltik əkdim. Bir gün mən ondan bir inək almalı oldum. O, mənim yanıma gəlib məndən zəhmət haqqını tələb etdi. Mən ona belə dedim: "O inəyi götür apar”. O, öz tələbinə davam edərək dedi: "Sən mənə düyü sahəsinin bir hissəsini verməlisən.” Cavabında isə yenə də ona dedim ki, o inəyi götür apar. O inək həmin sahənin məhsulundandır. Həmin adam inəyi özü ilə apardı. Ey Allahım, Sən bilirsən ki, mən bu işi Sənin qorxundan etdim. Bizi xilas et. Bunun nəticəsində qaya parçası bir qədər geri çəkildi.

Ikinci isə belə dedi: "Ey mənim Allahım, sən bilirsən ki, mənim qoca atam və anam var idi. Hər gecə onlara öz qoyunumun südündən gətirərdim. Bir gecə onlara süd gətirməyi gecikdirdim. Mən evə daxil olanda artıq onlar yatağa girmişdilər. Ailəm və uşaqlarım aclıqdan ağlaşırdılar. Atam anamı içirtməyincə onlara bir şey verməzdim. Nə onları oyatmaq, nə də ki, südü içərək rahat olmalarını tərk etmək istəmədim. Bu minvalla dan yeri sökülünə qədər gözlədim. Ey Allahım, Sən bilirsən ki, mən bu işi sənin qorxundan etdim. Bizi xilas et. Elə bu an qaya parçası mağaranın ağzından çəkildi və onlar rahatlıqla göy üzünü müşahidə etdilər.

Onların üçüncüsü isə belə dedi: "Ey mənim Allahım, Sən bilirsən ki, mənim bir əmim qızım var idi. O, mənə hamıdan sevimli idi. Mən onu cinsi əlaqəyə sövq etdim, amma o, imtina etdi. Və mənə dedi ki, əgər ona yüz dinar gətirsəm mənimlə razılaşacaq. Mən həmin məbləği əldə etmək üçün çalışdım və sonda bu məbləği əldə edib ona gətirdim. Məbləği ona verəndən sonra onunla cinsi əlaqəyə girmək üçün mənə fürsət verdi. Mən onun qarşısında dayanan zaman mənə belə dedi: "Allahdan qorx və mənimlə ancaq şəriətin buyurduğu yolla əlaqəyə gir!” Mən ayağa qalxıb yüz dinarı orada qoyaraq bu işi tərk etdim. Allahım, sən bilirsən ki, mən bu işi Sənin qorxundan etdim, bizə nicat ver! Allah təala onlara həmin çıxılmaz vəziyyətdən nicat verdi və onlar mağaranı tərk etdilər.”[10]

Peyğəmbər bu hədislə demək istəyir ki, ümmətində olan hər bir kəs öz gördüyü saleh əməli duasının qəbul olmasi üçün vasitə qərar verə bilər. Əgər bu kimi şeylər yalnız keçmiş ümmətlərə məxsus olsaydı onda bunu bəyan etməli idi. Bu hədis bəzi söz fərqlərinə baxmayaraq, həm Əhli sünnət, həm də şiə məzhəbinin alimləri tərəfindən rəvayət olunmuşdur.

Əhməd ibn Xalid Əl Bərqi "Məhasin” kitabında Əbdürrəhman ibn əbi Nəcrandan, o isə Əl Mufaddal ibn Salehdən, o da Cabir Əl Cufidin belə rəvayət edir: "Allahın rəsulu belə buyurmuş: "Bir gün üç nəfər yer kürəsini səyahət etməyə çıxmışlar. Uca bir dağın qülləsində bir mağarada Allaha ibadət edərkən dağın başından bir qaya parçası dığırlanıb mağaranın ağzını tamamilə örtür. Onlar biri-birilərinə belə dedilər: "Ey Allahın bəndələri, and olsun Allaha ki, bizi bu düşdüyümüz çətinlikdən yalnız Allaha olan sədaqətimiz xilas edəcək! Elə isə, sırf Allah yolunda gördüyünüz və bununla da günahdan nicat tapdığınız saleh əməllərdən söyləyin.”

Onlardan biri sözünə başlayaraq belə dedi: "Ey Allahım, Sən bilirsən ki, mən bir qadını onun gözəlliyinə vurularaq istəyirdim. Onun yolunda çoxlu var-dövlət sərf etdim. Axır ki, istədiyimə nail oldum. Lakin onunla cinsi əlaqəyə girmək istərkən cəhənnəm odunu yada saldım. Sənin qorxundan fəryad edə-edə onun yanından çıxdım. Ey Allahım, bu qayanı bizim qarşımızdan götür.” Bu zaman qaya parçası çartladı və onlar rahatlıqla bu çatı müşahidə etdilər.

Onlardan ikincisi isə belə dedi: "Ey Allahım, Sən bilisən ki, mən bir qrup işçini torpaq sahəsində əkin işi üçün icarə etmişdim və hər bir kişiyə yarım dirhəm söz vermişdim. İşlərini qurtardıqdan sonra onlara zəhmət haqlarını verdim. Amma onlardan biri belə dedi: "Mən iki nəfərin işini görmüşəm, and olsun Allaha gərək mənə bir dirhəm verəsən.” O, haqqını tərk edib getdi. Həmin yarın dirhəmlə sahəni becərdim və Allah təala mənə ruzi-bərəkət yetirdi. Bir gün həmin yarım dirhəmin sahibi gəlib haqqını tələb etdi. Mən ona on min dəyərində mal verdim. Allahım, Sən bilirsən ki, mən bu işi sənin qorxundan etdim, bizi buradan xilas et.” Bu zaman qaya parçası elə aralandı ki, onlar (təəccüblə) bir-birilərinə baxdılar.

Onların üçüncüsü isə belə dedi: "Ey Allahım, Sən bilirsən ki, bir gün atam və anam yatmışdılar. Mən onlara bir qab süd gətirmişdim. Həm südün xarab olmasından qorxdum, həm də onları yuxudan oyatmağa ürək etmədim, fikirləşdim ki, onlara çətin olar. Beləcə heyrətdə qalmışdım ki, onlar oyandılar və südü içdilər. Ey Allahım, Sən bilirsən ki, mən bu işi Sənin razılığını qazanmaq üçün etdim. Bizi buradan xilas et.” Qaya parçası mağaranın ağzından aralandı və yola düşdülər. Sonra Allahın rəsulu əlavə edərək buyurdu: "Hər kim Allaha sadiq olsa nicat tapar.”[11]

Təfsir alimi Təbərsi belə yazır: "Quranda xatırlanan "Əshab əl Raqim” həmin üç nəfərdirlər ki, mağaraya girmiş və mağaranın ağzı örtülmüşdür. Onlar bir-birilərinə belə müraciət etdilər: "Gərək bizlərdən hər birimiz öz gördüyü əməli xatırlayaraq Allaha dua etsin ki, nicat tapaq.” Və belə də etilər. Nəticədə Allah təala onlara nicat verdi. Bu hədisi Əl Nüman ibn Bişr də nəql etmişdir.

Mənə elə gəlir ki, yuxarıda göstərilənlər bizim mətləbimizi şərh etmək üçün kifayətdir. Daha çox şərh istəyənlər isə rəvayət və hədis kitablarına müraciət edə bilər.



[1] Bu sözün mənasına burada göstərilmiş və digər lüğət kitablarına müraciət edə bilərsiniz

[2] Şeyx Kuleyni, "Əl usul min əl kafi” , 1-ci cild

[3] Əl Tirmizi, "Əl cami əl səhih”, 5-ci cild.

[4] Həmin məsdər

[5] Həmin məsdər

[6] Seyid ibn Tavus əl Hilli, "Əl iqbal”

[7] Şeyx Tusi, "Misbah əl mütəhəccid”

[8] Əhməd ibn Həmbəl, "Musnəd”, həmçinin bu hədisi Əl Təbərani və Əl Beyhəqi öz hədis kitablarında nəql edir

[9] Seyid ibn Tavus əl Hilli, "Əl iqbal”

[10] Əl Buxari, "Səhih”, Dəməşq çapı, İbn Kəsir mətbəəsi, 3-cü cild, səh. 1278

[11] Əhməd ibn Məhəmməd ibn Xalid əl Bərqi, "Kitab əl məhasin”

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))