Shia.az SonUmidTv media
sitename

Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:

Məşhur səhabənin qalmaqallı həyatının digər bir hadisəsi və ya hadisələri onunla ikinci xəlifə arasında baş vermiş problemlərdir. Onların arası heç yaxşı olmamışdı və demək olar ki, xəlifənin dünyada olduğu dönəmlər Əbu Hureyrə üçün arzuolunmaz günlər idi. Məlum münasibətdən xəbər verən bir hədisə öncəki hissələrdə toxunmuşduq. Zəməxşərinin "Əl-faiq” kitabında gətirdiyi hədisdə deyilirdi ki, xəlifə Bəhreynə vali kimi göndərdiyi pişiklər atasını sonradan geri çağırmış, onu çoxlu tənqid etmiş və orada toplamış olduğu əmlakı müsadirə edərək beytul-mala qatmışdı. Sözsüz ki, onu vəzifəsindən də azad etmişdi. Ən təəccüblüsü isə bu idi ki, xəlifə Əbu Hureyrəyə "ey Allah və rəsulunun düşməni” deyərək müraciət etmişdi. Bu hadisə üzərində təhlilə başlamamış digər bir rəvayətə də işarə etmək istəyirik. Belə ki hər iki hadisəni göz önündə saxlayaraq ümumi analiz etmə, zənnimizcə, daha yaxşı olardı. Zəhəbi özünün "Siyəri-əlamun-nubəla” kitabının 2-ci cildinin 600 və 601-ci səhifələrində belə yazır:

" Saib ibn Yezid deyir: Mən eşitdim ki, Ömər Əbu Hureyrəyə belə dedi(əmr edərcəsinə): "Sözsüz ki, sən hədis nəql etməyi tərk edəcəksən, əks təqdirdə səni Dusa sürgün edərəm”. Həmçinin xəlifə Kəbul-Əhbara da eyni sözü demişdi: "Şübhəsiz ki, sən də hədis nəqlini tərk edəcəksən, yoxsa səni meymunlar torpağına(İsrailə) sürgün edərəm”.[1]

Əziz oxucular, indi isə işarə etmiş olduğumuz bu iki hadisəni bir qədər təhlil edək. Heç bir şübhə yoxdur ki, təfəkkür etmək yolunu seçənlər belə rəvayətləri eşitdikləri zaman sual vermədən keçməzlər. Daha doğrusu, çoxlu suallarla həqiqətləri kəşf etmək istəyərlər. Biz də marağımıza səbəb olan məsələlər barədə suallar vermək istəyirik. Görəsən, toxunmuş olduğumuz bu iki rəvayəti əhli-sünnə qardaşlarımız necə izah edirlər? Məgər bu hadisələr xəlifə ilə Əbu Hureyrənin arasındakı ziddiyətlərə dəlil deyildirmi? Baş vermiş münaqişələrdə hansı tərəf haqq idi?

Suallarımızı pərakəndə halda vermək istəmədiyimiz üçün onları bir qədər nizamlı və işarələnmiş şəkildə təqdim etmək istəyirik:

1)Məgər xəlifə haqsız yerə Əbu Hureyrəni tənqid atəşinə tuturdu?

2)Əhli-sünnə məzhəbinə görə fəzilətli qəbul edilən Ömər kimi bir xəlifə Əbu Hureyrəni valilik dərəcəsindən geri aldığı zaman düzgün iş görmürdümü? Əgər düzgün idisə Əbu Hureyrəni ədalətli hesab etmək olarmı? Yox əgər Ömərin qərarı səhf idisə, bu halda onu xəlifə olaraq necə biri kimi dəyərləndirək? Yəni xəlifə, Əbu Hureyrə barəsində layiqli və düzgün hökm verməyən bir qazi idi?!

3)Məgər hədis nəqlini tərk etməyi həm Əbu Hureyrəyə, həm də Kəbul-Əhbara qadağan edən xəlifə Ömərin bu addımı onların bir-biri ilə yaxın və eyni işin sahibi olduqlarına dəlil deyildirmi? Düzdür, Ömər hədis nəql etməyi hamıya qadağan etmişdi, amma niyə görə məhz bu iki nəfəri sürgün etmək hədəsi ilə təhdid etmişdi?

4)Xəlifənin Əbu Hureyrəyə "Allah və rəsulunun düşməni” kimi baxması və ona belə bir müraciətlə səslənməsi yalnızca sadə bir qəzəb kimi qiymətləndirilməlidir? Yəni, xəlifə bu qədər sözünə diqqət etməyən biri idi ki, Allah düşməni kimi qorxulu və alçaldıcı bir töhməti səbəbsiz və ya haqsız yerə Əbu Hureyrəyə şamil etmişdi?

5)Görəsən niyə görə Əbu Hureyrə xəlifənin hamıya məlum olan hədis danışmağa qoyduğu qadağaya əməl etmirdi? Yəni Əbu Hureyrə xəlifənin sözünü saymırdı?

6)İkinci xəlifənin Əbu Hureyrəyə olan etimadsızlığını və Ömərin onu vəzifəsindən azad etmiş olduğunu bildikləri halda əməvi hakimləri, xüsusən də Muaviyə bu insana nə üçün güvəndi və niyə görə ona etibar etdi? Məgər Muaviyə və Mərvan kimilər xəlifə Ömərin yoluna heç hörmət etmirdilər?

7)Xəlifənin Əbu Hureyrədən müsadirə edərək beytul-mala qatdığı əmlak, görəsən necə dəyərləndirilməlidir? Oğurluq mal kimi, yoxsa Əbu Hureyrənin əlindən haqsız yerə alınmış əmlakı kimi? Bu halda iki tərəfdən birinin günahsız olmaması mümkündürmü?

8)Əbu Hureyrənin gətirmiş olduğu dəlillərə xəlifənin inanmamasından nə başa düşmək olar? İnanmamaq deyil, hətta onu cəzalandırmaq necə anlaşılmalıdır? Şəxsiyyəti problemlərlə dolu olan bu səhabəyə ikinci xəlifə belə inanmırdısa, biz niyə görə ona inanmalıyıq?!!!

Bütün bu suallar üzərində bir az düşünülərsə, sözsüz ki, tərəddüddə olanlar üçün şübhələr aradan qalxacaq, yəqində olanların isə arxayınlığı artacaqdır. Çox təəcüblüdür. Hətta ikinci xəlifə kimi son dərəcə üstün biri kimi qəbul etdikləri insanla belə münasibəti normal olmamış Əbu Hureyrəyə, əhli-sünnə qardaşlarımız necə etimad edirlər? Həqiqətən düşüncə əhlinə bunu izah etmək heç cür mümkün deyil.

Müəllif: Rza Əliyev

[1] Bu hədisi 3-cü əsrin əhli-sünnə alimi Əbu Zurə Dəməşqi öz tarixində səhih hesab etdiyi sənədlə gətirmişdir. Eyni zamanda İbn Kəsir də "Əl-bidayə” kitabının 8-ci cildinin 106-cı səhifəsində bu hadisəni qeyd edib. İbn Əsakir də İbn Kəsirin sənədiylə həmin hədisi özünün tarix kitabında(19 cild, səh 117, hədis 2) nəql etmişdir.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))