Shia.az SonUmidTv media
sitename

Əbu Hureyrə və əməvi hakimiyyəti

Əziz oxucular, belə mühüm bir mövzuya ümumi şəkildə toxunmamışdan öncə qeyd etmək yaxşı olardı ki, Əbu Hureyrə və əməvi hakimlərinin əlaqəsi barəsində ayrıca bir elmi iş hazırlamaq mümkündür. Mümkün olmaqdan əlavə belə bir elmi işin müsbət tərəfi ondan ibarətdir ki,burada söhbət açılan mövzular hər bir düşüncəli insan üçün məşhur səhabə haqqındaki bütün şübhələri tamamilə aradan qaldırmağa qadirdir. Bir qədər siyasi təhlil yönümlü tərkibə sahib olsa da bu mövzu Əbu Hureyrənin həqiqi şəxsiyyətini aşkar etməkdə misilsizdir.

Əməvi sülasəsinin çirkin və rəzil işləri tarixdən hamımıza məlumdur. Onların islam ümmətinə etdiyi zülmləri əhli-sünnə qardaşlarımız da öz alimlərinin tarixi kitablarından oxuduqlarına görə çox yaxşı bilirlər. Tarix Muaviyənin oğlu Yezidin hakimliyi dönəmindəki Kərbəla və Hirrə faciəsi kimi insanın damarlarındaki qanını donduran dəhşətli hadisələrə şahidlik edir. Həqiqətən onlar nə Peyğəmbər ailəsinin,nə Mədinə şəhərinin və onun əhalisinin,nə də Məkkə şəhərindəki Kəbə evinin hörmətini saxlamadılar. Bu faktlara ayrı-ayrı toxunmaqla mətləbdən uzaqlaşmaq istəmirik. Onsuz da tarixi gerçəkliklər agah əhli-sünnə qardaşlarımız üçün də məlum olan məsələdir. Lakin bir məqamda onlar həqiqəti etiraf etməyi bacarmırlar. Özlərindən öncəki sələflərinə kor-koranə tabe olduqları üçün və ya həddindən artıq təəssübkeş olduqlarına görə Muaviyə ibn Əbu Sufyanı əməvi hakimlərinin içində digərlərindən fərqləndirirlər. Fərqləndirmənin səbəbini onun səhabə olması ilə izah etməyə çalışırlar ki, bu da növbəti bir təəssübkeşlik addımıdır. Bəzən az qalır desinlər ki, Muaviyə heç Əli(ə)-la düşmən də olmayıb. Sanki Siffeyn kimi 3 aya yaxın davam edib 50 mindən çox müsəlmanın ölümünə səbəb olmuş bir müharibə Əli(ə)-ın Muaviyəni çox istədiyinə dəlalət edirmiş. Necə də dərin təəssüb və necə də haqqa göz yummaqdır bu!!! Sadalananları nəzərə alaraq Muaviyənin də digər əməvi hakimləri kimi əhli-beytə nifrət bəslədiyini sübut edən bir fakta toxunmaq istəyirik.

Əhli-sünnə dünyasının Buxarinin səhihindən sonra ikinci dərəcəli kimi qəbul etdikləri kitab olan Muslim ibn Həccacın səhihində Hz.Əlinin(ə) fəzilətlərinə həsr edilmiş babda bir hədis vardır ki, Muaviyənin imam(ə)-a qarşı bəslədiyi kini təhqiqatçı insanlara nümayiş etdirir. Hədis uzun olduğundan yalnız onun məzmununa işarə edirik. Əmr ibn Sədin öz atasından nəql etdiyi bu hədisdə bildirilir ki, Muaviyə vaxtilə Osmanın xəlifə seçilməsində şuranın üzvlərindən olmuş Səd ibn Vəqqasa bir əmr verir və sonra ondan soruşur ki, -" səni Əbu Turaba söyməyə nə maniə oldu?”.Diqqət edin. Muaviyə ilk öncə Sədə nəsə əmr edir və sonra öz sualını soruşur. Görəsən onun əmri nə idi? Məhz bu sualın cavabı bizim söhbətimizin mərkəzidir. Belə mühüm sualın cavabını isə vəhabi firqəsinin böyük alimi olan İbn Teymiyyənin izahı ilə versək ,zənnimizcə, heç də pis olmazdı. O, özünün "Minhacus-sunnə əl-nəbəviyyə” kitabının 5-ci cildinin 42-ci səhifəsində belə yazır:

"Səddən gələn hədisdə Muaviyə ona Əlini söyməsini əmr etdiyində o, bu işi görmədi.”

Artıq hər şey gün kimi aydındır və bütün şübhələr aradan qalxmağa məhkumdur. Bəli tarixi faktlardan da bizə məlumdur ki, Muaviyə Əli(ə)-la yalnız döyüş meydanında deyil, əksinə həyatın bütün sahələrində düşmən idi. Minbərlərdən imamın ünvanına lənətlər yağdırmaq kimi murdar bir əməlin əsasını məhz Muaviyə qoydu və ondan sonra da bu iş illərlə davam etdi. Yalançı hədis danışanları himayə edərək onların Əli(ə)-ın əleyhində danışmaları Muaviyə hakimiyyəti zamanında geniş şəkildə yayıldı. Şam camaatının İmam(ə)-ın namaz qılmasına belə inanmamaları Əbu Sufyan oğlunun siyasəti nəticəsində idi. Bu rəzil insan hətta ən sadə fiqhi məsələlərdə belə Əli(ə)-ın yolu unudulsun deyə əziz islam Peyğəmbərinin(s) sünnəsinə də məhəl qoymurdu. Tarix əməvi rəhbərlər tərəfindən həyata keçirilmiş bu siyasətin şahididir. Kiçik bir məlumat verməklə biz də bildirmək istədik ki, keçmişdə hər kəsə məlum olmuş əhli-beytə qarşı nifrətin birinci daşını əməvi hakimlərinin başında dayanan Muaviyə qoymuşdu.

İndi isə Muaviyə hakimiyyəti zamanı Əbu Hureyrənin göstərdiyi "xidmətlərə” işarə edək. Əziz oxuculardan xahiş edirik ki, bu hissədə gətirəcəyimiz tarixi faktları öncəki dəlillərlə uyğunlaşdırsınlar. Haqqı görmək üçün təəssübü olmayan hər bir kəsə bu uyğunlaşdırma heç də çətin olmayacaq. Amma, yurdumuzda da yaşamaqda olan vəhabi əqidəli şəxslər qarşıda gətirəcəyimiz dəlillərə qeyri-dəqiq tarix kimi dəyərləndirdikləri məlumatlar kimi baxacaqlar. Öncədən də bildirmişdik ki, bizim müxatəblərimiz yalnız və yalnız düşünən insanlardır və bizim təəssüb əhlinə demək istədiyimiz bircə kəlmə belə yoxdur. Əbu hureyrənin məşhur əməvi hakimi və əsl əhli-beyt düşməni olmuş Mərvan ibni Həkəmlə əlaqəsindən danışdıq. Həmçinin qeyd olundu ki, Əbu Hureyrənin özünə məxsus olan bir kisəsi də var idi. Bəli, məhz bu kisənin sayəsində o, heç bir səhabənin nəql edə bilmədiyi miqdarda hədis danışmışdı. Bu həqiqətləri göz önündə saxlamaqla növbəti tarixi hadisəyə toxunmaq istəyirik. Mötəzilə alimi olmuş İbn Əbil-Hədid özünün məşhur "Şərhi-Nəhcul-Bəlağə” kitabının 1-ci cildinin 358-ci səhifəsində belə yazır:

" Muaviyə ibn Əbu Sufyan, səhabə və tabeindən bir qrupunu toplayıb onlardan Əli(ə)-ı pisləyən hədislər uydurmalarını və bunları xalqın arasında yaymasını istədi. Onlar da bu işlə məşğul olmağa başladılar. Əbu Hureyrə, Əmr ibn As və Muğeyrə ibn Şöbə Əli(ə)-ı aşağılayan hədisləri uyduran şəxslərdir.”

Hadisəni bir qədər izah etdikdən sonra 359-cu səhifədə yazısına belə davam edir: " Əbu Hureyrə, Muaviyə ilə birgə Kufə məscidinə gəldi. Xalqın ona çox maraq göstərdiyini gördükdə ayağa qalxdı və iki əliylə başına vurmağa başladı(bu hərəkəti ilə camaatın diqqətini özünə çəkmək istəyirdi). Sonra belə dedi: " Ey İraq xalqı! Mənim Allah və Peyğəmbərinin adından yalan danışıb cəhənnəm oduna layiq olacağımı zənn edirsinizmi? Peyğəmbərdən eşitdiyim şeyi məndən eşidin. Peyğəmbərin belə dediyini eşitdim. " Hər peyğəmbərin bir hərəmi vardır, mənim hərəmim də Mədinədir. Kim orada bir hadisə yaradarsa, Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olsun”. Allahı şahid tuturam ki, Əli Mədinədə hadisə çıxartdı(o, bu söhbəti ilə xalqı Əli(ə)-a lənətlər göndərməyə sövq etdi).”

Əli(ə)-a qarşı belə bir töhmətin Əbu Hureyrə tərəfindən deyilə biləcəyi ehtimal olunan bir həqiqətdir. Çünki, məlum kisə hədisini və Əbu Hureyrənin Mərvan kimi Əli(ə) düşməni ilə iş birliyini bildikdən sonra bu hadisənin baş verdiyinə inanmaq, qətiyyən, təəccüblü bir şey deyil. Əbu Hureyrə zatən Muaviyə ilə bir məkanda olmağı və hadisədə keçən hall kimi bir vəziyyətlə qarşılaşmağı öncədən çox arzulayırdı. Bu, onun üçün özünü təsdiq etdirməkdən ötrü ən yaxşı fürsət idi. Belə haldan bacarıqla istifadə etməyin də öhdəsindən gəldi. Muzdurlarına qarşı lütfkar olan Muaviyə də ona kifayət qədər hədiyyələr verdi və onun bu hərəkətini təqdirəlayiq bir əməl kimi dəyərləndirdi.

Əbu Hureyrənin əməvi sülaləsinə sədaqətli olduğunu göstərən digər bir dəlil onun Busr ibn Ərtadla birgə Şamdan Yəmənə doğru gedən yolda 30 minlik qoşunla törədilmiş yüzlərlə müsəlmanın, xüsusilə də günahı həzrət Əli(ə)-ı sevmək olan insanların qətlinə şahid olub susmasıdır. Mövzuları çoxaltmaq və əsas mətləbdən uzaqlaşmaq istəmədiyimizə görə Busrun kimliyini ayrıca müzakirə etmirik. Lakin bir cümlə ilə bunu demək yaxşı olardı ki, o bir zamanlar 3-cü xəlifə Osmanın, sonradan da Muaviyənin atəşli tərəfdarlarından olmuş və Siffeyn döyüşündə öz qəbiləsinin nüfuzlu başçısı olan Şurehbil ibn Səmti də Muaviyənin sıralarına qatmışdı. Döyüşdən sonra isə Muaviyənin əmrilə 30 minlik qoşuna komandanlıq edərək Yəmən və Hicaz torpaqlarına tərəf hərəkət etmişdi. Bu məsiyət və uca Allaha üsyan dolu yolda elə çirkin əməllərə qurşanmışdı ki, qələm onları yazmaqdan qorxur. Busr, Əli(ə)-ın Yəməndə valisi olan Peyğəmbərin(s) əmisi oğlu Ubeydullah ibn Abbasın kiçik yaşlarda olan 2 oğlunun başlarını belə kəsdirmişdi və yol boyunca keçmiş olduğu Məkkə, Mədinə, Taif, Nəcran, Təbalə və bir çox şəhərlərdə qarşısına çıxan əhli-beyti sevər minlərlə günahsız insanları qətlə yetirmişdi. Bəli, Busr belə məlun biri idi. Amma, biz onun haqqında yox, Əbu Hureyrənin barəsində danışdığımız üçün sual veririk ki, niyə görə Busr kimi zalım və qəddar birinin qoşununda yer alıb onun etdiklərini gördüyü halda bu məşhur səhabə susdu və səsini çıxarmadı?! Busrun qoşunu Mədinədən Məkkəyə doğru hərəkətə başlayanda Əbu Hureyrə Mədinədə onların nümayəndəsi kimi qaldı. Məhz bu hadisələrdən sonra Muaviyə Busru Kufə yaxınlığındaki Həmdan qəbiləsinə, Əbu Hureyrəni isə Mədinə şəhərinə vali təyin etdi. Deyilən tarixi məlumatları İbn Əbil-Hədid, Təbəri və İbn Əsir kimi sünni əqidəli alimlər də öz kitablarında qeyd ediblər.

Məlumat əldə etmə cəhətindən çox faydalı olan bu hissəni belə bir sualla bitirmək istəyirik, onsuz da düşünməyi sevənlər qeyd olunmuş informasiyalar üzərində təfəkkür edib nəticə çıxardacaqlar. Sualımız isə budur: " Görəsən niyə Əbu Zərr kimi məşhur səhabə də vaxtilə əshabi-siffədən olduğu halda Əbu Hureyrə kimi irəliləyə bilmədi və onun qədər yüksək məqamlara qalxmağı bacarmadı?!”

Müəllif: Rza Əliyev

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))