Shia.az SonUmidTv media
sitename

Əbu Hureyrənin əvvəli və sonu:4

4) Əbu Hureyrənin tərcümeyi-halı haqqında Zəhəbinin "Təzkirətul-huffaz” kitabından gətirdiyimiz azacıq məlumatın içində olan 4 mühüm nöqtəyə toxunduq. İndi isə beşinci və sonuncu əhəmiyyətli məqama işarə etmək istəyirik. Bu sonuncu məqam, eyni zamanda özündən sonra gələcək və ayrıca şəkildə araşdıracağımız "Əbu Hureyrə və Əməvi hakimləri” mövzusunun girişidir. Sağlam düşünən hər bir insan üçün məşhur səhabə barəsində irəli gələ biləcək bütün şübhələri kökündən silməyə qadir olan bir mövzudur Əbu Hureyrə və Müaviyə hakimiyyəti ilə onun dərin əlaqələri. Əməvi oğulları... Kimdir bunlar? Niyə biz əhli-beyt tərəfdarları bu lənətə gəlmiş sülalənin üzərində çox dayanırıq və onların həyatının yaxşı-yaxşı araşdırılmasına çox təkid edirik? Qeyd edilən mövzu haqqında, şübhəsiz ki, xüsusi bir kitab yazmaq və ya ən azı elmi disertasiya hazırlamaq olar. Tarix kitabları belə məlumatlarla doludur. Lakin, bizim hədəfimiz əməvi sultanlarının yox, Əbu Hureyrənin kimliyini təhqiq etməkdir. Buna baxmayaraq, məşhur səhabənin onlarla qarşılıqlı məhəbbət dolu ünsiyyətini nəzərə alıb əməvilərin də bir cəhətinə toxunmaq istəyirik.

Qısa şəkildə Müaviyə və ondan sonra gəlmiş bəni-üməyyə oğullarının qəlbindəki köklü bir xüsusiyyətə işarə etmək istəsək belə deyərik: əməvi hakimlərinin fikir və düşüncələri həzrəti Əli (ə) və onun övladlarının nifrəti üzərində yoğrulmuşdu.[1]Bəli, onlar əsla və heç vaxt əziz islam Peyğəmbərinin (s) nəfsi və hər iki dünyada qardaşı olan Əli ibn Əbutalibi (ə) sevmədilər. Halbuki, onun sevgisini Allah rəsulu (s) bütün möminlərə vacib etmişdi və İmam Əlinin (ə) məhəbbətini mömini münafiqdən ayıran bir əlamət kimi tanıtmışdı. Onlar isə nəinki, Əlini (ə) sevmədilər, əkisinə, onunla düşmənçiliyi öz hakimiyyətlərinin ən əsas dayaq nöqtəsi seçdilər. İmanın meyarı olaraq göstərilmiş İmamı (ə) sevməyib onunla müharibə etməyə və minlərlə müsəlmanın qanını boş yerə axıtmağa səbəb olan nifrətin illəti tarixdən xəbərdar olan hər bir kəsə gün kimi aydındır. Heç bir şübhə və tərəddüd yoxdur ki, sözügedən nifrətin təməli müsəlmanların ilk islami cihadı olan Bədr döyüşünə qayıdır. Məhz bu döyüşdə İmam Əli (ə) Müaviyənin dayısını cəhənnəmə vasil etmişdi. Məkkənin fəthi zamanı islamı qəbul etmək əməvi oğullarının güc və qüdrət müqabilində təslim olmasından başqa bir şey deyildi. Onlar nə Allaha, nə də rəsuluna (s) səmimi qəlbdən iman gətirməmişdilər və elə bu səbəbdəndir ki, əziz Peyğəmbərin (s) də Əli (ə) barəsindəki məşhur mədhləri və təriflərinə fikir vermədilər. Əməvilərin qisas həvəsi nə Siffeyn müharibəsi ilə söndü, nə də yer üzünün ən bədbəxt insanı ibn Mülcəmin (l.ə) İmam Əlini (ə) qətlə yetirməsilə. Onların qisas alovunun şölələri həm İmam Həsən (ə)-ın zəhərləndirilərək şəhadətə çatmasına, həm də Kərbala hadisəsinə qədər uzandı. Sadalananlar üməyyə oğullarının məsum və günahsız insanların qətlləri ilə bağlı kiçik bir misal idi. Onlar məqsədləri uğrunda o qədər müsəlmanı öldürmüşdilər ki... Bu barədə söhbət açıb oxucuları üzmək istəmirik. Maraqlananlar tarixi kitabların içində kiçik bir seyrə çıxmaqla bütün o dəhşətli həqiqətləri oxuya bilərlər. Bəni-üməyyənin cinayətləri müsəlmanların qətli ilə məhdudlaşmadı. Onlar Əli (ə)-la müxalifət edə biləcəkləri hər cür səhadə və hər bir işdə, hətta müqəddəs islam şəriətində belə öz mənfur məqsədlərini həyata keçirdilər. Ən sadə misal isə Müaviyənin insanlara pişnamazlıq etdiyi zaman Əli (ə)-ın əksinə olaraq "bismillahı” astadan deməyi (bəlkə də ümumiyyətlə heç deməməyi) idi. Bəli, onları Peyğəmbərin (s) namazı necə qıldığı heç maraqlandırmırdı və əsas məqsəd İmam (ə) ilə mübarizədə hansı növ olursa-olsun həmin vasitədən faydalanmaq idi. İstər Əli (ə) haqqında olan təriflərin gizlədilməsi, istər onun əleyhində yalançı hədislərin uydurulması, istər Əli (ə)-ın inandığı əqidə və əməl etdiyi fiqhin tamamilə əksinə dəyişdirilməsi əməvilərin gördükləri işlərin və həyata keçirdikləri siyasi fəaliyyətin detallara varmadan ümumi görünüşüdür. Bir sözlə, məhz Müaviyə və balalarının[2]İmam Əli (ə)-a müqabil tutduğu nifrət dolu mövqe səyasində mübarək dinimizin əqidə və fiqhində dəyişikliklər edildi, dinimizə israiliyyat rəvayətləri daxil oldu və daha nələr oldu nələr...

Bizim işarə etmək istədiyimiz beşinci mühüm nöqtə Zəhəbinin də qeyd etdiyi kimi Əbu Hureyrənin əməvi hakimi olmuş Mərvan ibn Həkəmi Mədinə əmiri olduğu zaman əvəz etməsi həqiqətidir və qətiyyətlə bildirmək istəyirik ki, bu həqiqət hər ağıllı insan üçün şübhələrin üstündən pərdələri qaldıran bir məsələdir. Hansısa bir əmiri şəhərdə olmadığı zaman əvəz etmək siyasi əməkdaşlıq demək deyilmi? Məgər bu cür əməkdaşlıq qarşılıqlı və dərin güvəncə söykənmirmi? Eyni məqsəd və mərama qulluq etmədən belə bir əlaqənin mövcud olması mümkündürmü? Zənnimizcə, hər üç sualın cavabı hamıya məlumdur. Yüz halın doğsan doqquzunda (100 halın 99-da) belə bir əməkdaşlıq köklü və dərin əlaqələr əsasında gerçəkləşir. Əbu Hureyrə ilə əməvi sultanlarının əlaqəsini 100 haldan bir istisna durumu kimi qəbul etmək tarixi dəlillərlə nəinki mümkün deyil, əksinə, agah insanları güldürəcək dərəcədə təəccüblü bir vəziyyətdir.

İndi isə gəlin görək, bu Mərvan ibn Həkəm kimdir? Görəsən, Əbu Hureyrə fəzilətli bir adamla siyasi əməkdaşlıq edirdi? Yoxsa məsələ belə deyildi? Yenə də sözümüzə Zəhəbinin Mərvan ibn Həkəm barədə yazdığı məlumatla başlayaq. O, belə deyir:

"Mərvan ibn Həkəm əl-əməvi əbu əbdul-məlik.

Buxari onun barəsində deyib: "O (Mərvan), Allah rəsulunu (s) görməmişdir.”

Mən (Zəhəbi) deyirəm: O, Busrə və Osmandan rəvayət nəqletmişdir. Onun insanıhəlak edən əməlləriolmuşdur. Allahdan ona salamatçılıq istəyirəm. O, Təlhəyə ox atmışdı və nə işlər gördü, nələr.”[3]

Oxuduğunuz bu bir neçə cümləlik tanıtdırmada zərrə qədər belə tərif qoxusu yoxdur. Əksinə, onun barəsində "وﻠﻩﺃﻋﻣﺎﻞﻤﻭﺒﻗﺔ(onun həlakedici əməlləri olmuşdur)” ibarəsi işlənib. Dərhal sonra isə Allaha pənah aparılaraq onun üçün salamatçılıq istənilib. Sonda isə Mərvan ibn Həkəmin haqqında"ﻮﻔﻌﻞ ﻮ ﻔﻌﻞ(nələr etdi və nələr)” ifadəsi ilə mətn qurtarır. Həqiqətən, belə qısa və yalnız tənbeh xarakterli sözlərin yer aldığı tanıtdırma yazıçının çox şey bildiyini, amma, nədənsə onları qələmə almaq istəmədiyini göstərir. Bəli, Zəhəbi islam tarixini oxumuşdu və yaxşı bilirdi ki, Mərvan güc əlində olduğu zamanlarda necə fəsadlar etmişdir. Lakin, həmin fəsadları yad etmək istəmirdi. Səbəb isə gizli deyil. Əziz Allah rəsulu (s) tərəfindən Mədinə şəhərindən sürgün edilmiş Mərvan və atası Həkəm ibn Əbil-As üçüncü xəlifə Osmanın xilafəti zamanında Peyğəmbər şəhərinə qaytarıldı. Xəlifə öz qohumlarına çox dəyər verdiyi üçün bu iki nəfəri saraya dəvət edib onlara bəxşişlər verdi və Mərvanı da yüksək vəzifə ilə (xilafət sarayının rəisi) məmur etdi. Xəlifə və Mərvan əmioğlu idilər. Üstəlik birgə siyasi-ictimai işlər də həyata keçirmişdilər. Mərvana deyilə biləcək hər bir əsaslı tənqidin xəlifəyə də şamil olacağı hamının ağlına gələ bilərdi. Nəticə isə məlumdur. İnsanlar xəlifənin barəsində bədgümana qapılacaqdılar. Zəhəbi kimi məzhəbinə son dərəcə sədaqət və təəssüblə bağlı olan bir alim isə belə bir nəticəyə əsla səbəbkar olmaq istəməzdi. Odur ki, Mərvan haqqında çox söz danışa bilmir, lakin, eyni zamanda tarixdə hər kəsə məlum və məşhur olan həqiqətlərə də işarə etmək məcburiyyətində qalır. Əgər işarə etməsə, sonradan özü qınaq obyektinə çevrilə bilərdi. Zəhəbi də atalar demişkən- "nə şiş yansın, nə kabab”- metodu üzrə iş görür. Bir neçə cümlə ilə məsələni bitirmək istəyir. Amma, bizə bu da kifayətdir. Bütün düşünən insanlara bircə işarə bəsdir ki, təfəkkür mühərriki işləməyə başlasın. Düşüncələrdəki düyünləri açmaq və daha aydın fəza yaratmaq üçün Mərvan ibn Həkəmin həyatına kiçicik bir işarə edək.

Mərvan ibn Həkəm ibn Əbil-As ibn Üməyyə ibn Əbduş-şəms əl-əməvi hicrətdən 2 və ya 4 il sonra dünyaya gəldi. Bəzi tarixçilər onun fəth ilində müməyyiz (hələ təzə-təzə əqli yaxşını pisdən ayırmağa başlayan uşaq) olduğunu, bəzi tarixçilər də islam peyğəmbəri (s) dünyasını dəyişdiyi zaman onun səkkiz yaşı olduğunu yazıblar. Bütün rical alimləri (söhbət əhli-sünnə ricali kitab sahiblərindan gedir) Mərvanın Allah rəsulunun səhabəsi olmasında və ondan nəsə nəql etməsində möhkəm şübhəyə düşmüşlər. Hətta, sözlərindən anlaşılan budur ki, onun səhabə olmadığına inanıblar. Necə ki, Buxarinin də belə düşündüyünü Zəhəbi qeyd etdi. İbn Həcər Əsqəlani Mərvan haqqında –"onun üçün Peyğəmbəri (s) görməkdən başqa heç bir şey sabit edilməyib”- ifadəsini işlədib. Bütün şübhə və tərəddüdlərin kökündə Mərvan və atasının Mədinədən məhz Allah rəsulu tərəfindən sürgün edilməsi dayanır. Həqiqətən, Həkəm ibn Əbil-As fəth ilində bütün müşriklərin islamın qüdrəti müqabilində təslim olduğu vaxtda iman gətirdi. Çox keçmədi ki, etdiyi işlərə görə Həkəm Peyğəmbərin (s) qəzəbinə tuş gəldi və oğlu Mərvan da onunla birgə olmaqla Mədinə şəhərindən uzaqlaşdırılıb Taifə sürgün edildilər. Onlar aşkar surətdə Allah rəsulunun (s) qəzəbinə səbəb olmuşdular. Daha doğrusu bu qəzəbin səbəbkarı Həkəm olmuşdu, amma, ilahi nəbi olan Hz. Muhəmməd (s) oğul Mərvanın da atasından geri qalmayacağını bilirdi və hər bir ağıllı insan da gələcək fəsadlara ən azı ehtimal verirdi. Bu üzdən Allah rəsulu (s) onların hər ikisini lənətləmişdi. Əhli-sünnənin təşəyyü məzhəbinə qarşı son dərəcə qəzəbli və təəssübkeş alimi Fəxri Razi özünün məşhur təfsir kitabının "İsra surəsinin 60-cı ayəsinin” izahında Aişə xanımın Mərvana belə dediyini nəql edir:

"Sən atanın sülbündə olduğun zaman Allah sənin atana lənət etdi və odur ki, sən də lənətə gəlmişlərdən birisən.”

Allah rəsulu (s) aləmlərə rəhmət olduğu halda onun nadir hallarda görünən qəzəbinə səbəb olmaq və özü də lənətə gələcək şəkildə əməllərə bulaşmaq, heç şübhəsiz ki, imansızlıq etməkdə böyük bir məharətdir. Bu məharət nifaq və imansızlığın ən uca zirvəsidir. Nəticə olaraq da mübarək Mədinə şəhərindən qovuldular. Nə birinci xəlifə, nə də ikinci xəlifə onların bu şəhərə qayıtmasına icazə vermədi və onlar da buna heç cəsarət etmədilər. Üçüncü xəlifə isə həm Peyğəmbərin (s), həm də ilk 2 xəlifənin əksinə əməl etdi və öz qohumluq məhəbbəti üzrə işlər görməyə başladı. Həmin vaxtdan Mərvan günbəgün irəliləməyə, maddi imkanlarını çoxaltmaqla yoxsul təbəqənin yanında hörmətini artırmağa başladı. Qarşılarına çıxıb etiraz edən və haqqı deyən heç kəsə rəhm etmədilər. Mərvan və onun qulluq etdiyi şəxslərin istər Əbuzər kimi yoxsul səhabəyə, istərsə də Əmmar Yasir kimi İmam Əliyə (ə) bağlılığı ilə tanınmış fəzilət dolu bir səhabəyə və ümumiyyətlə onların qarşısına çıxan kim olursa-olsun heç kimə güzəştə getmək fikirləri yox idi. Mərvan öncə üçüncü xəlifə ilə birlikdə oldu, sonra Aişə ilə birgə Cəməl döyüşündə islam Peyğəmbərinin (s) can qardaşı Əli (ə)-a qarşı vuruşdu. Siffeyndə də Müaviyə ilə birgə İmam Əlinin (ə) müqabilində idi. Bir vaxtlar Mədinədə üçüncü xəlifənin xilafət sarayında rəis kimi işləyən Mərvan, Müaviyənin hakimiyyəti ələ keçirdiyi zamandan sonra onun valisi olaraq yenə də Mədinəyə əmir kimi qayıtdı. Allah rəsulunun (s) əziz nəvəsi və cənnət cavanlarının ağası İmam Həsən (ə)-ın mübarək vücudunun babası Peyğəmbərin (s) yanında torpağa tapşırılmasına da Aişənin göstərişi əsasında məhz Mərvan öz qoşunu ilə mane oldu. Həqiqətən Mərvan əsl əhli-beyt düşməni idi. Atası islam Peyğəmbəri (s) ilə necə müxalif idisə, o da həmin cür (bəlkə də ondan daha artıq) əhli-beytə qarşı kin-küdurət və ədavət sahibi idi. Ömrünün sonlarında on aylıq əməvi hakimiyyətinin sultanı oldu və hicrətin 65-ci ilində dünyasını dəyişdi.[4]

Əziz oxucu, Mərvan ibn Həkəm haqqında bu deyilənlərdən sonra onun Əbu Hureyrə ilə olan siyasi əməkdaşlığının düz və ya səhv olduğunu, bu dostluğun qarşılıqlı razılıq əsasında gerçəkləşən fəaliyyətə necə təsir göstərdiyini və xüsusilə də Əbu Hureyrənin Mərvana nisbət ikinci dərəcəli şəxs olduğunu (çünki, Əbu Hureyrə onu əmirlikdə əvəz edirdi) nəzərə alaraq birinin digərindən hansı dərəcədə mütəəssir ola biləcəyini düşünmək sənin öhdəndədir. Çox düşünməyə ehtiyac olmayacaq, çünki, bir çox həqiqətlərə onsuzda işarə edildi.

Müəllif: Rza Əliyev

[1]8-ci əməvi hakimi olmuş Ömər ibn Əbduləzizin vücudunu və 3 illik hakimiyyətini ümumilikdə 90 ilə yaxın davam etmiş 14 üməyyə oğluna nisbət bir istisna qəbul edirik. Çünki, həqiqətən də Ömər ibn Əbduləziz özündən əvvəlki və sonrakı əməvi sultanlarından fərqli olaraq əhli-beytə qarşı nifrət bəsləməmişdi.

[2]Tarixi reallıq budur ki, Müaviyədən öncə də daha dəqiq desək, islam Peyğəmbərinin (s) vəfatından dərhal sonra əhli-beyti siyasi və ictimai sferadan kənarlaşdırma fəaliyyəti başlamışdı. Əhli-beytə qarşı ilk nifrət dolu mübarizə də məhz o zaman gerçəkləşmişdi. Amma, digər həqiqət isə budur ki, Müaviyə və onun xələfləri də kökü Peyğəmbərdən (s) sonra atılmış fəaliyyəti "çox uğurla davam etdirdilər”. Hətta, işi İmam Əli (ə)-a minbərlərdən lənət oxutdurmaq həddinə kimi genişlətdilər.

[3]Mizanul-etidal 4 cild, səh 89.

[4]Bütün bu tarixi faktlar bir çox qədim kitablarda qələmə alınmışdır. İslam tarixinə dair əsərləri səhifələməklə bunları rahat şəkildə tapıb oxumaq olar. Maraqlananlar dəyərli əhli-sünnə alimi ibn Həcər Əsqəlaninin "Əl-isabətu fi təmyisiz-səhabə” kitabının 3-cü cildinin 134-cü səhifəsinə ("” hərfi başlığı altındakı bölməyə) və böyük təsənnü elm xadimi Nəvəvinin "Təhzibul-əsma” kitabının 2-ci cildinin 105-ci səhifəsinə müraciət edə bilərlər.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))