Shia.az SonUmidTv media
sitename

Əbu Hureyrənin əvvəli və sonu:3

3) Əbu Hureyrədən bir çox tabeinlərin və bəzi səhabələrin hədis nəql etdiyi söylənildi. Burada təəccüb doğuracaq bir şey yoxdur. Çünki, arxasını əməvi sülaləsinin hakimlərinə söykəmiş və onların hədislərini cə’l etmə (qondarma rəvayətlər yaratmaq) əməliyyatına başçılıq edən Əbu Hureyrədən çoxlu hədislərin nəql edilməsi çox təbii bir hadisədir. Qarşıda onun Muaviyə hakimiyyəti ilə olan xüsusi münasibətləri haqqında danışacağıq.

Üzərində bir qədər dayanmaq istədiyimiz nöqtə isə Əbu Hureyrənin hədis nəql etmə prosesində hansı şəxslərə istinad etdiyi məsələsidir. Belə ki, o, bəzən hörmətli və sayılıb-seçilən bəzi səhabələrlə çox hədis nəql etdiyinə görə mübahisə etməli olurdu, bəzən rəvayət nəql etdiyi şəxsi (və ya şəxsləri) görmədiyi anlaşılırdı, bəzən isə çıxılmaz vəziyyətdə qaldıqda söylədiyi rəvayəti şəxsən Peyğəmbər (s)-dan eşitməyib başqa səhabədən öyrəndiyini bildirirdi və həmin səhabə də o vaxt dünyasını dəyişmiş olduğuna görə təəccüblər bir qədər də çoxalırdı. Bunlar barədə xüsusi söhbət edəcəyik, amma, indi Əbu Hureyrənin qaranlıq şəxsiyyətini aydınladan digər bir cəhətinə toxunmaq istəyirik. Zəhəbinin də yazdığına əsasən Əbu Hureyrə bəzi şəxslərdən hədis nəql edib ki, onlardan biri də Kəbul-əhbardır. Bu şəxslə Əbu Hureyrənin ünsiyyəti bizə çox dərin həqiqətlərdən xəbər verir. O həqiqətlər ki, islam dünyasına israiliyyatın və yəhudi qaynalarındakı yanaşmaların kim tərəfindən daxil edildiyini göstərir. Sözügedən israiliyyat hədisləri müsəlman aləminin istər əqidəsinə, istər fiqhinə və istərsə də Qurani baxış tərzinə təsir etməkdə kifayət qədər sapdırıcı oldu. Kəbul-əhbarın tərcümeyi-halı barəsində danışarkən Zəhəbi belə deyir:

"Kəbul-əhbar: o, Kəb ibn Mati əl-humeyri əl-yəmanidir. Əvvəllər yəhudi idi, Allah rəsulunun (s) vəfatından sonra islamı qəbul etdi və Yəməndən Mədinəyə Ömərin xilafəti günlərində gəldi. Peyğəmbərin (s) səhabələri ilə oturardı və onlara israiliyyət kitablarından danışardı. Qəribə şeylər əzbərləyirdi və sünnəni səhabələrdən öyrənirdi. İslami çöhrələrdən olmuşdur. Ondan Əbu Hureyrə, Muaviyə və ibn Abbas hədis nəql etmişdir ki, bu hadisə də çox nadir rast gəlinən səhabənin tabein olan birindən rəvayət etməsidir...”[1]

Qeyd olunanları incələməyə başlamamış Zəhəbinin digər ricali kitabında Kəb haqqında yazdığı bir mətləbi də əlavə etmək istəyirik:

"Kəb ibn Mati əl-humeyri əhli-kitabın qoca alimlərindən və elm dəryalarından idi. Əbu Bəkrin zamanında islamı qəbul etdi və möminlərin əmiri Ömərin dövləti zamanında Yəməndən gəldi (Mədinəyə). Səhabə və qeyriləri ondan (elm və.s) əxz etdi. O özü isə kitab və sünnəni səhabələrdən öyrəndi. Osmanın xilafəti zamanında vəfat edib. Tabeindən bir qrup camaat ondan mürsəl şəkildə rəvayət edib. Səhih-Buxari və qeyrisində (səhihi-Müslimdə) onun barəsində məlumat vardır.”[2]

Uca Allahın qəribə işlərindəndir ki, haqqı daim aşkar olaraq zahirdə saxlayıb və özünü bir balaca zəhmətə salıb axtaranlar üçün həqiqət qətiyyən gizli deyil. Kəbul-əhbar haqqında məlumat vermək istədikləri zaman əhli-sünnə alimləri və həmçinin Zəhəbi də tarixin mühüm həqiqətlərini üzə çıxarıb. Sözsüz ki, bu gerçəkliklər təəssübkeş olmayan, düşünən və sual verib soğrulayan insanlar üçün aşkar olur. Təfəkkür edib sual vemək istəməyənlər isə bizim müxatəbimiz deyillər. Çünki, biz Qurani-kərimin "ulul-əlbab” deyə vəsf etdiyi şəxslərdən olmaq istəyirik və hər bir məsələdə dərindən düşünmə yolunu seçmişik. Düşüncə də sual verməklə başladığına görə biz, sorğulamaqla bəzi gerçəkliklərə nəzər etmək niyyətindəyik. Zəhəbinin Kəbul-əhbar haqqında dediklərinin bəzilərini digər əhli-sünnə alimi ibn Həcər Əsqəlani də özünün ricali kitabı olan "Təhzibut-təhzibin” 8-ci cildinin 393-cü səhifəsində gətirmişdir. Zəhəbinin yazdıqlarında isə bir neçə maraqlı məqam vardır və biz onlara ayrı-ayrı toxunmaq istəyirik:

I) Kəb öncələri yəhudi olmuş və hətta onların qoca alimlərinin cərgəsinə daxil imiş, lakin, sonradan islamı qəbul edib Mədinəyə gəldi. Qəribəsi isə budur ki, onun islamı qəbul etməsi əziz islam Peyğəmbərinin (s) vəfatından sonra oldu. Görəsən niyə?! Əgər Kəbul-əhbar deyildiyi kimi alim bir insan idisə, niyə görə Allah rəsulunun sağlığında müsəlman olmamışdı? Halbuki, müsəlmanların Mədinə dönəmində islam Yəmənə çatmışdı və oradakı yəhudi kahinlər yeni dinin vücudundan xəbərdar idilər. Müqəddəs kitabımızın da buyurduğu kimi əziz Peyğəmbərimizin əlamətləri Tövratda göstərilənlərə uyğun idi və bu həqiqəti yəhudi kahinlər də bilə-bilə gizlətməyə çalışırdılar. Şübhəsiz ki, Quranın buyurduğuna əsasən onlar (yəhudi kahinlər) haqqı gizlətdiklərinə görə lənətə layiqdirlər və qiyamətdə onları ağır əzab gözləyir. İndi soruşuruq ki, bəs Kəbul-əhbar niyə alim olduğu halda və digərlərindən daha çox Tövratdan agah olduğu bir durumda islamı qəbul etməkdə gecikdi?! Etdiyi bu işlə o, lənətə layiqlər zümrəsinə daxil olmurmu? (DİQQƏT). Onun müsəlmanlara qoşulduğu zaman isə özünəməxsus bir dönəm idi. Artıq islam aləmi dünyaya çox sürətlə yayılmaqda idi.Güclü bir imperiyanın* təməli qoyulmuşdu və günbəgün bu təməl möhkəmlənməkdə idi. Müsəlmanlar bir çox ərazilərə yayılıb orada yaşayanları islama dəvət edir və sahib olduqları torpaqları genişlədirdilər. Bir çox insanlar ya məcburiyyətdən, ya da güclünün yanında olsunlar deyə islamı qəbul edirdilər. Müsəlman olmayanlar "cizyə” vermək məcburiyyətində idilər. Kəbul-əhbar da məhz bu zamanda Mədinəyə gəldi. Sadalanan tarixi həqiqətləri bildikdən sonra təəssübkeş olmayan insanlar üçün Kəbul-əhbarın iman gətirməsi ilə Xalid ibn Vəlid, Əbu Sufyan və Muaviyə kimilərin islamı qəbul etməsi arasında heç bir fərq qalmır (DİQQƏT). Çünki, bu cür müsəlmançılıq güc və maddi qüdrətin qarşısında təslim olmaqdan başqa bir şey deyil. Görəsən niyə, yəhudilərin qocalarından, özü də alim şəxsiyyətlərindən olan elm dəryası Kəbul-əhbar islamı Allah rəsulunun sağlığında və onun mübarək vücudundan xəbərdar olduğu zamanda yox, əksinə, o həzrətin (s) rehlətindən sonra və müsəlmançılıq xilafətinin imperiya gücünə çevrildiyi bir vaxtda qəbul edir?! Məgər bu təslimiyyət islamın bir zamanlar iqtisadi gücünün zəifliyi və sonradan artması ilə əlaqədar deyildi, bəs nə ilə əlaqədar idi? Verilən sualların mahiyyətini özündə cəm edən – "səni Peyğəmbər (s) və Əbu Bəkrin vaxtında müsəlman olmaqdan nə saxladı ki, Ömərin zamanında təslim oldun” – sualını da Abbas Kəbul-əhbara vermişdir. Demək ki, sözügedən suallar barəsində yalnız biz deyil, elə Kəbin öz dövründə də düşünənlər olub. Abbasın sualını isə (yəni o rəvayəti) ibn Həcər "Təhzibut-təhzibdə” qeyd edib.[3]
II) Digər bir mühim nöqtə budur ki, Kəb Mədinəyə gəldikdən sonra səhabələrlə oturardı və söhbət edərdi. Onlara israiliyyat kitablarından danışardı. Həmçinin, qəribə şeylər əzbərləyərmiş. Bunları Zəhəbi bir-bir yazmışdı və siz də oxuyub tanış oldunuz. Sual edilir ki, görəsən, Kəbin əzbərlədiyi o qəribə şeylər nə idi? Görəsən, Kəb səhabələrə israiliyyat kitablarından söhbət edərkən məqsədi nə idi? Maraqlıdır ki, səhabələrin o kitabları öyrənməkdə məqsədi nə idi? Bəli, Əbu Hureyrə də Ömərin zamanından başlayaraq Kəbul-əhbarla ünsiyyətdə oldu və qarşıdakı bölmələrdə göstərəcəyimiz dəlillərin sayəsində aşkar olacaq ki, o, Kəbdən bərk təsirlənmişdi. Bəzən Peyğəmbərdən (s) eşitdiyi hədislə, Kəbdən dinləmiş olduğu sözləri çaşdırırdı. Bəzən də sırf israiliyyat kitablarında və təhrif olunmuş Tövratda nəql edilən şeyləri islami hədis kimi insanlara danışırdı. Zəhəbinin də bildirdiyinə əsasən Kəbul-əhbardan bir neçə səhabə hədis nəql etmişdir. Bu hadisə də hədis elminin və islam tarixinin nadir və az görülən məsələlərindəndir. Necə olur ki, Allah rəsulunu (s) görməyən bir adam kitab və sünnəni səhabələrdən öyrəndiyi halda, bəzi başqa səhabələr həmin adamdan hədis nəql edir? Ağıla sığmayan və məntiqlə uyğun olmayan bu faktı qeyd edən Zəhəbi özü də məsələyə qarşı təəccübünü gizlətməyib və bunu "çox nadir rast gəlinən” olaraq göstərmişdir.

III) Toxunulması lazım olan başqa bir nöqtə də Kəbul-əhbarın kitab və sünnəni səhabələrdən öyrəndiyi, tabeinlərin ondan hədisləri mürsəl olaraq (özü eşitmədiyi halda hədisi başqasından nəql edən) rəvayət etdikləridir. Məhz bu üzdən Buxari və Müslimdə onun barəsində az məlumat vardır. Zəhəbi bu barədə yazır:

"Buxari və Müslimin ondan (Kəbul-əhbardan) hədis nəql etdiyini düşünən biri xəta edir. Onlar onun təriqi ilə (vasitəsi ilə) heç bir hədis gətirməyiblər. Həqiqətən, səhiheyndə onun yad edilməsi sözgəlişiolub...”[4]

Yuxarıda qeyd olunan sözlər Kəbin mötəbər biri olmadığına dəlil deyildirmi? Əgər o, etibarlı biri idisə, nəyə görə Buxari və Müslim ona etimad edib daha çox hədis gətirməyiblər? Məgər Əbu Hureyrə ondan hədis rəvayət etmirdimi? Bəli, edirdi. Bəs nəyə görə Buxari və Müslim onun haqqında sözgəlişi söhbət açıb? Yəni, Buxari və Müslim Əbu Hureyrədən daha artıq ehtiyat sahibi olublar? (DİQQƏT). Yox, sadəcə, Kəbul-əhbardan rəvayət öyrənmək və nəql etmək öz dövrünün şəraitindən irəli gəldiyinə görə Əbu Hureyrəyə sərf edirdi. Əbu Hureyrə əvvəllər yəhudi idi və Xeybər döyüşündən sonra islama gəlmişdi. Görünən budur ki, yəhudiliyin toxumları onun qəlbindən getməmişdi və Kəbi də görüncə onunla ünsiyyətə can atmışdı. Nəticə isə günəş işığı kimi aydındır. Kəbul-əhbar və Əbu Hureyrə sayəsində israiliyyat baxışları və yəhudi rəvayətləri müsəlmanlar arasında yayılmağa başladı. Sözsüz ki, bu proses o zaman hakimiyyətdə olanların nəzəri altında idi. Öncəkilər qarşı çıxmadı, sonra gələn və möhkəmlənən əməvi sülaləsi isə bundan istifadə etdi və sözügedən əməliyyatı daha böyük ərazilərə nüfuz etdirəcək qədər genişlətdi.
Kəbul-əhbar haqqında açdığımız bu hissənin sonunda isə onun Əbu Hureyrə barəsində dediyi sözlə mətləbi bitirmək istəyirik. Kəb belə demişdir: "Mən onun kimi Tövratı oxumadığı halda bu qədər bilən ikinci bir şəxs görməmişəm.” Bu sözü ibn Həcər Əsqəlani öz rical kitabında[5]Beyhəqinin "Mədxəl” kitabından nəql edərək yazmışdır. Kəbin sözü necə də qəribədir. "Oxumadığı halda Tövratı bilən” deyə vəsf etdiyi Əbu Hureyrə, həqiqətən də, oxuyub yazmağı bilmirdi. Lakin, Tövratı çox yaxşı bilirdi. Çox böyük ehtimaldır ki, islamdan öncə (Xeybərdən qabaq) Yəməndə yaşadığı zaman yəhudi kahinlərdən və sonra da Kəbul-əhbardan öyrəndikləri Əbu Hureyrənin israiliyyat haqqındakı bilgilərini nəzərə çarpacaq dərəcədə çoxaltmışdı. Öz diliylə desək, Onun üçün bu bilgilər bir kisə halına gəlmiş və bu kisəni kifayət qədər doldurmuşdu.

 Müəllif: Rza Əliyev



[1] "Siyəri-ə’lamun-nubəla” 3 cild, səh 489.

[2] "Təzkirətul-huffaz” 1 cild, səh 52.

[3] "Təhzibut-təhzib” 8 cild, səh 393.

*Şübhəsiz ki, imperiya dediyimiz zaman, əsla, islam peyğəmbərinin formalaşdırdığı son dərəcə məhəbbət dolu, qarşılıqlı dözümün mövcud olduğu nümunəvi yaşam(tolerantlıq) və ictimai qanunların ədalətlə tənzimləndiyi bir dövləti nəzərdə tutmamışıq. Eləcə də o həzrətin vəfatından 25 il sonra islami xilafət kürsisinə əyləşmiş İmam Əli (ə) və İmam Həsən (ə)-ın ümumilikdə 5 il 3 ay davam etmiş həqiqi Quran-Kərim hakimiyyətinin imperiya anlayışı ilə nə yaxından, nə də uzaqdan heç bir əlaqəsi yoxdur. İmperiya sözünü tərcih etməyimizdəki məqsədimiz Allah rəsulundan (s) sonra mübarək islam rəhbərliyini haqsızcasına ələ keçirərək 25 il hakimiyyətdə olmuş və sonradan da Şam torpağında heç bir hüquqi əsası olmayan dövlətin ləyaqətsiz şəxslər tərəfindən yaradılaraq səltənət şəklində təqribən 3 əsrə yaxın idarə edilmiş zalım hakimlərin hökümətidir.

[4] "Siyəri-ə’lamun-nubəla” 3 cild, səh 489-490.

[5] "Əl-isabətu fi təmyizis səhabə” 13 cild, künyələr fəslindəki "” hərfinin I qismi.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))