Shia.az SonUmidTv media
sitename

Əbu Hureyrənin əvvəli və sonu: 1

1) Bura kimi qeyd etdiklərimiz adı dillər əzbəri olmuş məşhur səhabənin haqqında ümumi xarakterli məlumatlar idi. İndi isə onun barəsində sənəd hesab edilən kitablardan bir neçə nümunə göstərmək istəyirik. Təbii ki, müraciətimiz və qənaət (nəticə) əldə etmə metodumuz yalnız düşünən və təəssübkeş olmayan insanlar üçün keçərlidir. Göstərdiyimiz dəlillər və nümunələr əhli-sünnə məzhəbinin böyük rical və tarixçi alimləri tərəfindən qələmə alınmışlardır. Sözsüz ki, onlar qeydə aldıqlarını Əbu Hureyrəni mədh etmək üçün və onu ana-ata tərəfindən gördükləri tərbiyələrinə söykənərək sevdikləri halda tanıtdırıblar. Lakin, tarixə və insanlara gizli qalmamış bir qrup həqiqətləri ya məcburiyyətdən, ya da fərqinə varmadan aşkar ediblər ki, biz də məhz həmin nöqtələri və nisbətən qapalı olan həqiqətləri göstərməyə çalışacağıq.

Əbu Hureyrənin islama qədərki və islamdan sonraki durumu haqqında dəyərli əhli-sünnə alimi Zəhəbi[1]belə yazır:

"Əbu Hureyrə əd-Dusi əl-Yəməninin məşhur adı Abdullah ibn Saxrdır. Cahiliyyət vaxtı isə adı Əbduş-şəms idi. Öz dediyinə əsasən, atası ona "əbu-hureyrə” künyəsini verib. Çünki, (o deyir ki) mən qoyun otarırdım və bir gün vəhşi çöl pişiyinin balalarını tapdım. Atam onları görüb səslərini eşidəndə əhvalatı ona danışdım və o mənə həmin zaman "əba-hirr” deməyə başladı. Halbuki, adım əbduş-şəms (günəş qulu) idi.

Əbu Hureyrə Mədinəyə Xeybərin fəthi gecələrində gəlmişdi. O Allah rəsulu (s), Əbu Bəkr, Ömər, Ubey ibn Kəb və Kəbdən (kəbul-əhbar) rəvayət əzbərləyib, ondan isə çoxları (bəzi səhabələr və tabeinlər) hədis nəql edib.”[2]

Eyni kitabın digər səhifəsində isə Zəhəbi belə yazır:

"Deyirlər ki, o, enli kürək, qabaq dişləri aralı, qırmızı rəngə boyandığı iki hörüyü var idi. Fəqir səhabələrindən idi. Həmin o fəqir səhabələrdən ki, aclıq və yoxsulluğu dadmışdılar. Allah rəsulunun (s) rehlətindən sonra isə halı yaxşılaşdı, mal-dövləti artdı... Sonra Mədinə şəhərinin əmirliyinə seçildi və Mərvanın hakimliyi (Mədinədə) zamanı onu da əvəz edərdi.” [3]

Zəhəbinin qələmə almış olduğu tarixi məlumatlardan bəzi xüsusi nöqtələri ayırmaq və bir az daha geniş şəkildə bəyan etmək istəyirik:

1) Zəhəbi deyir ki, Əbu Hureyrənin adı Abdullah ibn Saxr olub. Halbuki, onun adı məsələsi, şəxsiyyətinin qarmaqarışıq olduğu kimi tarixə məchul qalmış bir həqiqətdir. Ona 30-a yaxın ad nisbət verilmişdir ki, Zəhəbi onlardan yalnız ikisini (Abdullah ibn saxr və Əbduş-şəms) yada salır. "Səhihi Müslimə” yazdığı şərhlə məşhurlaşmış böyük alim Nəvəvinin də bildirdiyi kimi "Əbu Hureyrənin adını 30 fərqli rəyy içindən seçilmiş ən düzgünü kimi Abdullah ibn Saxr hesab etmək olar.” [4] Adının tarixə şübhəli qalması Əbu Hureyrənin şəxsiyyətindən xəbər verən kiçik (bəlkə də böyük) dəlil olması hər bir düşüncəli insana aşkardır. Necə olur ki, nəql etdiyi hədislərlə dolu olan hədis kitablarında onun haqqında dəqiq bir ism qeyd oluna bilinmir? Əgər həqiqətən, o, bir çox səhabə və tabein tərəfindən etibarlı biri idisə, həmçinin, ona etimad edərək bir çox hədisi nəql edirdilərsə, bəs niyə onun adı haqqında dəqiq bir şey bilməmiş və insanlara da bildirməmişlər? Məgər rical kitablarında özü fəzilətli hesab edilən, eyni zamanda da isminin bu qədər şübhəli qalmış olduğu ikinci bir səhabə və ya hətta belə bir tabein vardırmı? Görəsən, tarix boyu və bu gün də bir məşhur səhabənin yalnız künyəsi ilə yad edilməsi onun adının hamıya və hətta səhabələrə də qaranlıq qaldığından xəbər vermirmi? Əhli-sünnə qardaşlarımız da böyük və əzəmətli qəbul etdikləri səhabələrin (demək olar ki) hamısını öz adlarıyla zikr etdikləri bir durumda, görəsən, nə üçün Əbu Hureyrənin isminin nə olduğu barədə heç düşünmürlər? Bundan daha genişi isə görəsən, adı ixtilaflı və tarixə qaranlıq qalmış bu şəxsin şübhəli vəziyyətini bildikləri halda nə üçün digər səhabələrin ona etimad edib-etmədiklərini heç araşdırmırlar? Qeyd etdiyimiz bu birinci nöqtəyə (Əbu Hureyrənin adı) İbni-Əbdulbirrin sözləri ilə yekun vurmaq istəyirik. O, belə deyirdi ki, "Əbu Hureyrənin və atasının adları üzərində nə cahiliyyət, nə də İslam dönəmində misli görünməmiş bir ixtilafa düşüldü. Belə bir ixtilafın əsaslı mövzu olduğu halda etimada səbəb olan bir gerçəyin ortaya çıxması çox uzaqdır.”

2) Bəziləri deyirlər ki (belələri bizim yurdumuzda da var), Əbu Hureyrəyə məşhur künyəsini əziz Peyğəmbərimiz (s) vermişdir. Lakin, siz də gördünüz ki, Zəhəbi belə yazmır (DİQQƏT). Həqiqət budur ki, Allah rəsulu (s) Əbu Hureyrənin yalnız və yalnız atasının ona verdiyi künyə ilə çağırmışdır. Həmin künyənin Peyğəmbər (s) tərəfindən ona verilməsi isə bütün tarixçilərə aşkar olan bir məsələdir. Böyük əhli-sünnə alimi ibn Həcər Əsqəlani də özünün "əl-isabətu fi-təmyisiz-səhabə” kitabında Əbu Hureyrəyə həsr etdiyi hissədə məşhur künyənin ona qövmü tərəfindən verilmiş olduğunu bildirmişdir. Maraqlıdır ki, niyə görə tarixi gerçəkliklə uyuşmayan bir iddia ortaya atılır? Adının şübhəli olduğu gizlədilir və heç bir əsasa söykənmədən künyəsinin ona Peyğəmbər (s) tərəfindən verildiyi iddia olunur? Məgər bəziləri tərəfindən atılmış bu addım mövcud həqiqətləri gizlətməyə və gerçəkliyin üzərinə pərdə salmağa yönəlməmişdirmi? Tutaq ki, sözügedən künyəni Əbu Hureyrəyə Allah rəsulu (s) vermişdi və həmçinin, mübahisə mövzusu olduğunu nəzərə almadan fərz edək ki, həmin künyənin ona verilməsi bir fəzilət kimi qəbul edilməlidir. Hətta bu halda da belə Əbu Hureyrənin Peyğəmbər (s)-dan sonra çaşmadığı və yolundan azmadığı qənaətinə gəlmirik!!! Düşünən insanlar çox yaxşı və rahatlıqla başa düşürlər ki, Bələm ibn Baura kimi mənəvi çəkisi olmuş şəxslərin yolunu azması mümkün olduğu halda Əbu Hureyrə kimi şəxsiyyəti belə qaranlıq olan və fəzilətli olub-olmadığı şübhəli qalınmış birinin yolundan sapması çox sadə və tarixdə dəfələrlə görünmüş bir hadisədir. Xüsusən, əhli-beyt ardıcıllarına məsələ günəş işığı kimi aydındır. Çünki, onların qəbul etdiklərinə əsasən (ki, həqiqət də elə budur), Əli ibn Əbutalib (ə) haqqın tərəzisidir. O həzrətə bağlı olub olmamaq hər bir insanın düz yoldan sapıb-sapmadığını göstərən ən başlıca xüsusiyyətlərdən biridir. Bu haqda çox sayda və mənəvi təvatür yaradan miqdarda hədislər nəql olunmuşdur. Sözsüz ki, həmin hədisləri böyük əhli-sünnə alimləri də qələmə almışlar və həm miqdar, həm də keyfiyyət baxımından Əbu Hureyrə üçün qeyd etdikləri fəzilətlər həmin hədislərin müqabilində dəryada bir damcı misalı kimi durmaqdadır. Həzrət Əlini (ə) haqqın tərəzisi olduğunu nəzərə alaraq, Əbu Hureyrənin da ona qarşı müxalifətçilik etdiyini bildikdən sonra, artıq, həqiqət əhli-beyt ardıcıllarına gizli qalmır. Qarşıda xüsusi bir bölmə olaraq Əbu Hureyrənin "əməvi” hakimiyyətinə olan yaxınlığı və bu üzdən də Əli (ə)-a qarşı tutumu barəsində danışacağıq.



[1] Muhəmməd ibni Əhməd ibn Osman əz-zəhəbi 8-ci hicri əsrinin böyük əhli-sünnə alimlərindəndir. Hicrətin 673-cü ilində (miladi 1274) Şam şəhərində qohumlarının nəzərə çarpan hissəsi alim hesab edilən əslən Türkmən olan elmi bir ailədə dünyaya gəldi. Atası sərraflıqla məşğul olub bu sahədə kifayət qədər şöhrət tapdığına görə ona "Zəhəbi” (yəni zərgər) ləqəbi verilmişdi. Elə həmin ləqəb də atasından ona bir növ miras kimi qalmışdı. Özünün dediyinə əsasən atası rəvayət elminə çox aşina bir alim idi. Zəhəbi məşhur və təəssübkeş əhli-sünnə alimi ibn Teymiyyənin şagirdi olmuşdur. Zəhəbinin bir çox əsərləri dövrümüzə rahatlıqla gəlib çatmış və hal-hazırda elmi sahələrdə çox oxunulan kitablardandır. İstər təfsir, istər tarix və istərsə də ricali sahələrdə Zəhəbinin kitabları dəyərli qəbul edilən müraciət mənbələrindəndir. Hicrətin 748-ci ilində (miladi 1348) Misirdə dünyasını dəyişdi. Zəmanəsinin böyük alimləri onun cənazə namazında iştirak etdilər.

[2] "Təzkirətul-huffaz” 1 cild, səh 32.

[3] "Təzkirətul-huffaz” 1 cild, səh 33.

[4] "Əl-isabətu fi-təmyizis-səhabə”.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))