Shia.az SonUmidTv media
sitename

Əbu Talibin imanı:

Əziz islam peyğəmbərindən (s) sonra mübarək dinimizin təməl prinsiplərində bir çox dəyişikliklər edilməyə başlanıldı. Yalnız öz dünya mənfəətlərini güdən və əziz Allah rəsuluna (s) qəlbdən iman gətirməmiş bir qrup müsəlmanın mərkəzi gücə yiyələnməsi ilə sapdırma və təhrif etmə əməliyyatının əsası qoyuldu. Sözü gedən əməliyyat bir qədər vüsət tapıb genişləndi, amma özünün pik və ən rəzil həddinə əməvi sülaləsinin hakimiyyətə gəlməsi ilə yetişdi. Muaviyə və ondan sonra gələn üməyyə oğulları qəlblərindəki kini üzə çıxardıb biruzə verməkdən heç çəkinmədilər. Ümmətin süstlüyü və avamlığı onlara çox kömək oldu. Bir qrup haqdan xəbərdar insanlar muzd və bəxşişlər ilə ələ alındı, bəzi cəsarətli müsəlmanlar isə qorxu və təhdid ilə susduruldu. Zalım əməvi hakimləri öz arzularına çatmaq üçün qətliamdan və günahsızların öldürülməsində belə uca Allahdan qorxmadılar. Belə zülmkar adamlar üçün yalançı hədislər yaratmaq, müqəddəs islam şəriətini bilərəkdən dəyişmək və əziz Allah rəsulunun (s) can qardaşı olmuş imam Əlinin (ə) haqqında böhtanlara əl atmaq çox sadə və problemsiz bir addım idi. Onlar da bunu etdilər. Ümumiyyətlə islam peyğəmbərindən (s) sonra 4 il 9 aylıq hakimiyyəti zamanı özünün elmi, səxavəti, həlimliyi, yetimdarlığı və ən əsası ədaləti ilə ümmət arasında kifayət qədər sevilmiş və insanların məftun qaldığı hz.Əlinin (ə) mübarək adını yaddan çıxarmaq üçün üməyyə oğulları əllərindən nə gəldisə həyata keçirdilər. Onlar hz.Əliyə (ə) dair bütün izləri yer üzündən silmək istəyirdilər və bu hədəfə çatmaq üçün bütün hüdudları, hətta ilahi qanunları belə pozdular. Zatən onlar Allaha və rəsuluna (s) qəlbdən iman gətirməmişdilər. Əməvilərin imam Əliyə (ə) yönəlik həyata keçirdikləri təxribatlardan biri də onun atası və islam peyğəmbərinin (s) əziz əmisi olmuş Əbu Talibin imanı haqqında müsəlmanların qəlbinə şübhə salmaq oldu. Allahın rəhmət peyğəmbərini (s) 8 yaşında olarkən öz himayəsi altına alan, onu böyüdüb boya-başa çatdıran, 25 yaşına çatanda evləndirib ailə sahibi edən və ilahi nübuvvətin icrasına başladıqdan sonra da bütün gücü və vücudu ilə islam peyğəmbərini (s) qorumuş bir insanın imanı haqqında ümməti şəkk-şübhəyə və tərəddüdə salmağa cəhd edildi. Biz bu yazıda möhtərəm və əziz Əbu Talibin fədakarlıqları və uca şəxsiyyətinin barəsində xülasə şəkildə söz açmaqla zalım əməvi hakimlərindən bezar olduğumuzu göstərmək istəyirik. Onsuz da tarixdən xəbərdar və insaflı olan hər təhqiqatçı üçün Əbu Talibin imanı və alicənablığı məlum məsələdir.

Əhli-sünnənin hədis mənbələrində islam peyğəmbərinin (s) besətindən sonraki 10 il ərzində Əbu Talibin iman gətirmədiyi və bu halda da dünyadan köçdüyünə aid rəvayətlər vardır. Öncədən də qeyd etdiyimiz kimi bu rəvayətlər əməvi hakimlərinin istəyi ilə qondarılmış yalançı hədislərdir. Bu qrup rəvayətlərin hər birini ayrıca gətirib və mərdud olduğunu sübut etmək istəsək yazımızın xülasəliyinə xələl gələcək. Biz yalnız bunu demək istərdik ki, bu yalançı hədislərin həm raviləri, həm də mətnlərindəki məzmunlar problemlidir. Hədislərin məzmununda bəzən Quran–Kərimin ayələri ilə, bəzən də tarixi müsəlləm hadisələrlə ziddiyyətlər aşkar şəkildə müşahidə olunur. Ravilərə qaldıqda isə bəzən Müseyyib ibn Huzn kimi Məkkənin fəthindən sonra iman gətirmiş bir şəxslə rastlaşırıq və bu qarşılaşma hər bir insaflı mühəqqiqə maraqlı gəlir. Axı niyə görə və nə üçün Əbu Talibin hicrətdən 3 il öncə dünyasını dəyişdiyini və onun imansızlığı barədə danışan Müseyyibin hicrətdən 8 il sonra islamı qəbul etdiyini bildiyimiz halda onun söylədiyi rəvayətə inanaq? Ravilərə baxdıqda bəzən də əz-Zuhri və Muğeyrə ibn Şöbə kimi əməvi hakimlərinin qulluqçusu və "vəfalı” dostu olmuş şəxslərlə üzləşirik. Bu iki ravinin Əbu Talib haqqında hədis nəql etməsini sözügedən iftiranın üməyyə oğullarından qaynaqlandığına tarixi şahid kimi qəbul edirik. Çünki məsələnin kökü aydındır və Əbu Talibin islam peyğəmbərinə (s) olan vəfa, sədaqət və fədakarlığını bildikdən sonra məlum həqiqət sizin üçün də şübhəsiz məsələ olacaq.

Əbu Talibin sədaqət və xidməti:

Öncə də işarə etdiyimiz kimi əziz Allah rəsulunu (s) 8 yaşından öz himayəsi altına alan və yetim qardaşı oğluna atalıq etmiş Əbu Talibin xidmətindən danışmağa və bunu sübut etməyə ehtiyac yoxdur. Çünki bütün tarixçi alimlər bu həqiqətin üzərində ittifaq ediblər. Əsas müzakirə mövzusu islam peyğəmbərinin (s) besətindən sonraki 10 il ərzində Əbu Talibin Allah rəsulunu (s) necə qoruduğu və ona bütün vücudu ilə xidmət etməsidir. Məhz Əbu Talibin varlığından və ictimai hörmətindən çəkinən Məkkə əyanları islam peyğəmbərinə (s) neçə illər toxuna bilmədilər. Onu öldürməyi qərara alıb sui-qəsd təşkil etdikləri zaman da məhz Əbu Talib əziz Allah rəsulunu (s) qorumaq üçün onun Məkkədən çıxışını təmin etdi və öz oğlu hz. Əliyə (ə) onun yerində uzanmağı və ölümlə burub-buruna gəlməyi tapşırdı. Ey insaflı müsəlmanlar, məgər bu cür təhlükəli və misli görünməmiş xidmətlər Əbu Talibin iman gətirmiş olduğuna dəlil deyilmi? Əgər Əbu Talib iman gətirməmiş olsaydı, təbii məntiqi nəticə olaraq hz.İbrahimə (ə) öz atalığının verdiyi cavab islam peyğəmbərinə də (s) verilərdi. Belə ki, İbrahim (ə) neçə illər qoynunda böyümüş olduğu atalığının, yəni doğma əmisinin halına yanaraq onu təkallahlığa çağırdığı zaman bu cür cavab eşitmişdi:

" Ey İbrahim, sənmi mənim ilahlarımdan üz çevirirsən?! Əgər bu işdən əl götürməsən, səni daşqalaq edəcəyəm və ( odu ki, get) məndən uzun müddət uzaq ol” ( Məryəm surəsi 46).

Əgər Əbu Talib islam peyğəmbərinə (s) iman etməmişdisə və Qureyşlilər kimi bütlərə inanırdısa niyə öz qardaşı oğluna bir dəfə də olsun belə etiraz etmədi?! Əksinə daim onu qorudu və Məkkə əyanlarının ona xətər verməsinə əngəl oldu?! Əbu Talib bütün Haşim oğullarını islam peyğəmbərini (s) qorumağa səsləyir və hamılıqla onu müdafiə etməyə təşviqləndirirdi. Bura kimi deyilənlər əziz Allah rəsulunun (s) həyatından söz açan hər bir qədim tarix əsərində mövcuddur.

Əbu Talibin şeirləri:

Hər hansısa tarixi bir insanın kimliyini tanımaq üçün ondan qalan əsərləri araşdırmaq ən gözəl yollardan biridir. Əbu Talibdən bizə qalan əsər, onun islam peyğəmbərinə (s) və onun müdafiəsinə həsr etdiyi şeirlərdir. Belə ki, bu şeirlər Əbu Talibin əziz Allah rəsuluna (s) olan sədaqətini sübut etməkdən əlavə onun imanına da əsas dəlillərdir. Biz bu şeirlərdən yalnız birini, daha doğrusu "Lamiyə” adlanan məşhur(!) və böyük şeirin bəzi hissələrini burada qeyd edirik. Bu şeri ibn Əbil-Hədid, şeyx Əbul-Qasim Bəlxi və Əbu Cəfər İsqafi kimi alimlər öz kitablarında gətiriblər, lakin biz bu məşhur şeirin Zəhəbinin öz tarix kitabında gətirdiyi şəklinin bəzi hissələrini və onun imanına aşkar dəlil olan nöqtələrini qeyd edirik:

"...Dində etmədiyimiz bir əyriliyi bizə nisbət verənlərdən qaçıb insanların Rəbbinə sığınıram...

...Məkkənin mərkəzindəki beytə sığınıram. Allaha and olsun ki, əsla O bizdən xəbərsiz deyildir. Səhər və axşam insanların əl sürtmək üçün ətrafına dövr etdikləri həcərul-əsvədə sığınıram. İbrahimin ayaqqabısız və çılpaq halda üzəri rütubətli olan ayaq basdığı qayaya (məqami-İbrahimə) sığınıram...

...O (islam peyğəmbəri), xeyirlərin hamısını özündə toplayan, şərəf və fəzilət meydanındaki bir sülaləyə mənsubdur. O, dünyada ailə üçün bir gözəllik və insanlara surət vermiş Rəbbin vilayətini almış bir kəsdir. Qulların Rəbbi onu Öz yardımıyla dəstəklədi və haqlığı inkar olunmayan bir dini ortaya qoydu.”

Əhli-sünnənin qiymətli alimi Zəhəbi bu şeiri özünün tarix kitabının 1-ci cildinin 5-ci bölümündə "Əbu Talibin müdafiə şeirləri” başlığı altında gətirmişdir. Əlavə olaraq islam peyğəmbərini (s) vəsf və mədh edən digər bir şeiri də Əbu Talibin dilindən nəql edir. Şeirin bəzi cümlələri bunlardır:

"Allahın beytinə and olsun ki, siz yalan söylədiniz. Biz ətrafında çalışıb vuruşmaqla Muhəmmədi sizə verməyəcəyik... Ağ üzlü, onun hörmətinə yağış istənilən, yetimlərin pənahı, dulların qoruyucusu Muhəmməd...Haşim oğullarının fəqirləri ona sığınır...Onlar Muhəmmədin yanında mərhəmət və yaxşılıq içində olurlar. Ömrümə and olsun ki, Əhməd və onun qardaşlarına (müsəlmanlara) sarsılmaz bir sevginin coşğusuyla bağlanmışam...Onlar yaxşı bilirlər ki, oğlumuz bizim qatımızda əsla yalançı deyildir və batil sözlərlə Muhəmməd qəsd olunmaz...”

Ey insaf əhli, məgər bu şeirlər Əbu Talibin iman gətirmiş olduğuna aşkar dəlillər deyilmi?! Bu şeirləri və əziz Allah rəsuluna (s) candan bağlandığına aid etirafları Əbu Talibin misli görünməmiş xidməti ilə birgə qiymətləndirsək, onun iman etmiş olduğu qənaətinə gəlmirikmi? Özü də elə bir iman ki, digər insanlardan çoxunda görünməmiş və müşahidə edilməmişdi? Həqiqət budur ki, qetd etdiyimiz şeirlər onun imanına aşkar dəlil və etiraflardır. Eyni zamanda bu şeirlər Əbu Talibin islam peyğəmbərinə (s) göstərmiş olduğu misilsiz xidmətin əsasını və köklərini göstərir. Əbu Talibin şeirlərinə misal olaraq sonda ibn Əbil-Hədidin "Şərhi-Nəhcul-bəlağə” kitabında (3-cü cild, səh 315) nəql etdiyi şeiri qeyd edək:

" Ey Allah şahidləri, şahid olun ki, mən Əhmədin dini üzrəyəm.

Kim dindən azarsa azsın, şübhəsiz mən hidayət üzrəyəm.”

Kiçik bir şübhənin cavabı:

Əbu Talibin əziz Allah rəsuluna (s) olan xidmətlərinə işarə etmiş və bu xidmətlərin misilsiz olduğunu bildirmişdik. Bəlkə də dəfələrlə təkrar edib yada salmaq və bu həqiqətə işarə etmək lazımdır ki, bənzəri görünməmiş belə fədakarlığın imansız birindən müşahidə edilməsi qeyri-mümkündür. Axı necə ola bilər ki, iman gətirməmiş bir insan bu qədər canla-başla özünü islam peyğəmbərinin (s) qulluğunda fəda etsin? Qureyşin rəisi və ağsaqqalı olduğu halda özünün böyütmüş olduğu qardaşı oğluna özünü təslim etsin və hər bir təhlükəli qərarının müqabilində öz canını onun üçün sipər etsin? Məhz əziz Allah rəsulunu (s) qoruduşu üçün onu Qureyşin rəisliyindən çıxartdılar. Lakin Məkkə əyanları onun xalq arasında qalan ağsaqqallıq hörmətindən çəkindilər və elə bu hörmət və çəkinmə də islam peyğəmbərinin (s) müşriklərdən amanda qalmasına səbəb oldu. Əbu Talib Qureyşin rəisliyini buraxdı və 3 il islam peyğəmbəri (s) və müsəlmanlarla sonradan öz adıyla anılacaq "Əbu Talib” dərəsində sərgərdançılığa dözdü. Bu 3 il iqtisadi mühasirə, dəhşətli əziyyətlər və dözülməz aclıqla həmahəng oldu. Həmin dövrün müsəlmanlarını ən imanlı və ən ixlaslı şəxslər kimi qəbul etdikləri halda, necə olur ki, Qureyşin rəisliyini tərk edib əziz Allah rəsulu (s) ilə birgə bu qədər əziyyətə sinə gələn Əbu Talibi əhli-sünnə qardaşlarımız imansız hesab edir?! Ümumiyyətlə islam peyğəmbəri (s) hələ uşaq ikən ticarət səfərlərinin birində nəsrani (xristian) kahinin Əbu Talibə bu uşağı yəhudilər olan məmləkətə aparmamağı məsləhət görməsi və bunu onun gələcəkdə peyğəmbər olacağı ilə izah etməsini bildiyimiz halda Əbu Talibin iman gətirməməsinə inanmaq məntiqə sığırmı? Yəni hələ uşaq vaxtlarından gələcəkdə peyğəmbər olacağını bildiyi halda Əbu Talib əziz Allah rəsuluna (s) iman gətirmədi? Belə sarsılmaz sualların qarşısında aciz qalan və eyni zamanda öz əqidələrindən dönmək istəməyən əhli-sünnə qardaşlarımız bu məqamda ortaya kiçik bir şübhə atmaq istəyirlər və Əbu Talibin kəlmeyi-şəhadəti Məkkə əyanlarının qarşısında onların üzünə demədiyini bildirirlər. Sözsüz ki, bu irad və şübhə çox zəifdir. Çünki islamı qəbul etmə yalnız kəlmeyi-şəhadət deməklə hasil olmur. Yəni müsəlman olmanın zahiri yollarından biri şəhadəti dilə gətirməkdir, nəinki islamı qəbul etmənin yeganə yolu budur. Əgər bir insan öz şeir və qəsidələri ilə imanını aşkar edirsə bu onun iman gətirməsinə dəlalət etmirmi?! Çəkinmədən islam peyğəmbərini (s) müdafiə etmək və bu yolda hər şeyindən keçmək, sonda da onu qorumağı ən yaxınlarına ( oğulları Əli (ə) və Cəfərə, qardaşları Abbas və Həmzəyə) təkidlə tapşırıb can vermək Əbu Talibin imanının əməli təzahürü deyilmi? Əgər Əbu Talib öz imanını Məkkə əyanları müqabilində izhar etmirdisə, sözsüz ki bu addım islam peyğəmbərini (s) qorumaq üçün idi. Əbu Talib özünün ağsaqqallıq hörmətini sabit saxlamaqla əziz Allah rəsuluna (s) müşriklərdən gələ biləcək təhlükələri önləmək istəyirdi. Düzdür ki, Əbu Talib əməlində əks etdirdiyi öz möhkəm imanını Məkkə əyanlarının üzünə demədi, amma bu qədər şeir və qəsidələri ilə digər müsəlmanların yanında islam peyğəmbərinə (s) olan etiqad və bağlılığını nümayiş etdirmişdi. Bütün bunlardan əlavə məşhur səhabə Əmmar Yasirin xüsusi bir şəraitdə öz imanını gizlətmiş olduğu tarixi təhqiqatçılara və hər bir agah müsəlmana bəllidir. Əmmar bu işinə görə heç kim tərəfindən qınanılmır. Əbu Talibin vəziyyəti də Əmmarın düşmüş olduğu xüsusi halın ümumi və geniş forması idi. Elə bu üzdən də əhli-beyt (ə) hədislərində Əbu Talibin halı əshabi-kəhfin vəziyyətinə bənzədilib. Necə də gözəl təşbih və oxşatma... İndi isə sualımız budur ki, Əmmarı başa düşdüyümüz halda niyə görə Əbu Talibin halını anlamaq istəmirik?! Halbuki Əmmar canını qorumaq üçün öz imanını gizlətmişdi, lakin Əbu Talib əsla özünü düşünməmiş və yalnız islam peyğəmbərini (s) qorumaq üçün müvafiq addımı atmışdı. Əbu Talibi imansızlıqda ittiham etməklə, məgər lənətə gəlmiş nasibi üməyyə oğullarının dəyirmanına su tökmüş olmuruqmu?

Əhli-beytin (ə) nəzərində Əbu Talib:

Hər hansısa tarixi bir şəxsiyyəti tanımaq üçün lazım olan 2 yola işarə etdik. Bu iki yol tarixi şəxsiyyətdən miras qalmış əsərləri və onun ictimai addımları idi. Hər iki cəhətdən Əbu Talibin islam peyğəmbərinə (s) olan sədaqətini göstərdik. İndi isə 3-cü və sonuncu yolla, yəni tarixi şəxsiyyətin barəsində onun dostları və yaxınlarının sözlərini araşdırmaq üslubu ilə Əbu Talibin kimliyini müşahidə edəciyik.

Əziz Allah rəsulu (s) əmisi barədə belə buyurmuşdu:

" Əbu Talib həyatda olduğu vaxtlarda Qureyş kafirləri mənə əzab-əziyyət və işgəncə verə bilmədilər (Sireyi Hələbi 1-ci cild, səh 931) ”.

" Əqil ibn Əbu Talibə xitabən: " Mən səni iki cəhətə görə sevirəm. Birincisi mənimlə qohum olduğuna görə, ikincisi isə əmim Əbu Talibin səni sevdiyini bilirəm”.”

Əli (ə) öz atasının imanlı gətirənlərdən olduğunu dəfələrlə vurğulamış, hətta onun yanında Əbu Talibin imansızlığını dilə gətirən birinin sözünü kəsib onu təkzib etmişdi. İmam (ə) hədislərinin birində atasının haqqında belə buyurub:

" Allaha and olsun ki, Əbu Talib Əbdulmənaf ibn Əbdulmutəllib mömin və müsəlman idi, bəni-Haşimlə düşmənçilik etməsinlər deyə öz imanını Qureyş kafirlərindən gizlədirdi ( Əl-Huccət, səh 24) .”

İmam Baqir (ə) Əbu Talib barədə buyurub:

" Əgər Əbu talibin imanını tərəzinin bir gözünə, bu insanların imanını isə tərəzinin digər gözünə qoysalar, şübhəsiz ki, Əbu talibin imanı ağır gələr ( Şərhi Nəhcul-bəlağə 14-cü cild, səh 68).”

Əziz oxucu, bu qədər dəlil və sübutdan sonra nəticə çıxarmağı və insaflı olmağı sənə həvalə edirik. Unutma ki, Allah-taala buyurub:

" Sözlərə qulaq asıb ən yaxşısına tabe olan bəndələrimə bəşarət ver. Onlar Allahın hidayət etdiyi kəslərdir və əsl ağıl sahibləri də onlardır ( Zumər surəsi, 17-18 ).”

 

 

 

Şiə Elmi Araşdırmalar Mərkəzi

www.Shia.az

Müəllif :Rza Əliyev

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))