Shia.az SonUmidTv media
sitename

Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)

 

Bismillahir-rəhmanir-rəhim.

Mövzumuz Əbu Bəkrin xilafətə hər kəsdən daha layiqli olmasına dəlil kimi göstərilən hadisələr və hədislər idi. Biz əvvəlki mövzümuzda Əbu Bəkrin xilafətə hamıdan daha çox layiq olması barədə Əhli-Sünnə mənbələrində qeyd olunan rəvayətlərdən birinə və ən mühümlərindən sayılan hədisə aydınlıq gətirdik və dediyimiz kimi hədisin uydurma və ziddiyyətli olması ilə yanaşı, heç bir halda fəzilət və üstünlüyə dəlalət edilmədiyi sübut olundu. Çox qəribə haldır ki, adi və hər kəsə şamil olunan bir işi bu qədər böyüdərək uca bir fəzilət və üstünlüyə dəlalət etməsini vurğulayan şəxslər hansı düşüncə və tərzi-təfəkkürə əsaslanırlar? Sözügedən şəxslərin həqiqi üstünlüklərinin göz önünə belə alınmamasının təəssübkeşlikdən və ya düşmənçilikdən qaynaqlanmış olduğu gün kimi aydındır. Müstəqil və sağlam düşüncə sahibi olan hər bir kəs bunu dərk edir. Yalnız ağıl sahibləri olan əzizlərimizi daha da diqqətli olmağa çağırırıq.

Söhbəti uzatmadan bu yönümdə olan yəni, Əbu Bəkrin Həzrət Peyğəmbərdən (s) sonra ümmətin içərisində ən üstün şəxs olduğuna dəlil göstərilən bir hadisəni də qeyd edirik. Əbu Bəkrin xilafətə ən layiqli olduğunu iddia edənlərin növbəti dəlilləri də budur. İndi isə nəql edəcəyimiz tarixi hadisəni nəzərinizə çatdırırıq və həqiqətini araşdırırıq. Sizləri daha da diqqətli olmağa və təəssübdən uzaq şəkildə həqiqəti olduğu kimi dərk etməyə çağırırıq. Bütün deyilənləri bir yerə toplayıb Allahın insana bəxş etməklə digər canlılardan fərqləndirdiyi ağıl adlı nemət ilə özünüz müstəqil olaraq qərar verin!

Zəhəbi Əbu Bəkr üçün üstünlük olaraq "Tövbə” surəsinin 40-cı ayəsini qeyd edir. Elə buna görə də Əbu Bəkirin xilafətə ən layiqli olduğunu vurğulayır:

 

إِلَّا تَنْصُرُوهُ فَقَدْ نَصَرَهُ اللَّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُوا ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا فَأَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُوا السُّفْلَى وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən (Peyğəmbərlə Əbu Bəkrdən) biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Sour» mağarasında) olduqları vaxt və o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman Allah ona kömək etdi (yi kimi yenə də kömək edəcəkdir). Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq və xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir! Allah yenilməz qüdrətli və hikmət sahibidir.)Tövbə 40).

Ayədəki mühüm nöqtələrə işarə edib və daha sonra bir neçə diqqəti cəlb edəcək sualları siz əzizlərə təqdim edəcəyik:

Əvvəlcə onu demək lazımdır ki, Əhli Sünnə alimlərindən Əbu Bəkrin deyil, başqa birisinin Həzrət Peyğəmbər (s) ilə mağarada olduğunu iddia edənlər də mövcuddur. Bu iddianı edənlər azlıq təşkil etdiyindən onları qeyd etmirik.

 

Ayədəki nöqtələrə gəlincə isə, "Əd-durrul-mənsur” kitabında qeyd olunub ki;

وأخرج ابن أبي حاتم وأبو الشيخ وابن مردويه والبيهقي في الدلائل وابن عساكر في تاريخه عن ابن عباس رضي الله عنهما في قوله فأنزل الله سكينته عليه قال : على أبي بكر رضي الله عنه لأن النبي صلى الله عليه وسلم لم تزل السكينة معه

"İbn Əbu Hatəm, Əbu Şeyx, İbn Mərduveyh, Beyhəqi "Dəlail” kitabında və İbn Əsakir öz tarixində İbn Abbasdan Allahın bu ayəsi (Allah ona Öz rahatlıq və xatircəmliyini nazil etdi) barəsində belə deyir: (Yəni) Əbu Bəkrə (Allah öz xatircəmliyini nazil etdi). Çünki Həzrət Peyğəmbər (s) onsuz da rahat və xatircəm idi”.

"Təfsirur-Razi”-də isə deyilir:

فإن قيل : وجب أن يكون قوله : { فَأَنزَلَ الله سَكِينَتَهُ عَلَيْهِ } المراد منه أنه أنزل سكينته على قلب الرسول ، والدليل عليه أنه عطف عليه قوله : { وَأَيَّدَهُ بِجُنُودٍ لَّمْ تَرَوْهَا } وهذا لا يليق إلا بالرسول ، والمعطوف يجب كونه مشاركاً للمعطوف عليه ، فلما كان هذا المعطوف عائداً إلى الرسول وجب في المعطوف عليه أن يكون عائداً إلى الرسول .

قلنا : هذا ضعيف ، لأن قوله : { وَأَيَّدَهُ بِجُنُودٍ لَّمْ تَرَوْهَا } إشارة إلى قصة بدر وهو معطوف على قوله : { فَقَدْ نَصَرَهُ الله } وتقدير الآية إلا تنصروه فقد نصره الله في واقعة الغار إذ يقول لصاحبه لا تحزن إن الله معنا فأنزل الله سكينته عليه وأيده بجنود لم تروها في واقعة بدر ، وإذا كان الأمر كذلك فقد سقط هذا السؤال

Əgər belə desələr: "Allahın bu sözündən (Allah ona Öz rahatlıq və xatircəmliyini nazil etdi) məqsəd budur ki; Allah öz aramlıq və xatircəmliyini Həzrət Peyğəmbərin (s) qəlbinə nazil etdi. Bunun dəlil və sübutu budur ki, Allahın "onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi” sözü bağlayıcı vasitəsilə bu cümlənin ("Allah ona Öz rahatlıq və xatircəmliyini nazil etdi”) yerinə bağlanıb. Bu da ancaq Həzrət Peyğəmbərə (s) aid ola bilər ( çünki Allah Təala Həzrət Peyğəmbəri (s) qoşunlarla qüvvətləndirdi, Əbu Bəkri yox!). Qrammatik cəhətdən bağlanan cümlə, bağlanılan cümlə ilə eyni, müştərək olmalıdır. Bağlanan cümlədəki əvəzlik Həzrət Peyğəmbərə (s) aid edildikdə, bağlanılan cümlənin də o Həzrətə (s) aid edilməsi qaçılmazdır”. Biz də belə cavab verəcəyik: "Bu (yəni, Allah Peyğəmbərin (s) qəlbinə xatircəmlik və rahatlıq nazil etməsi kimi izah etmək) zəif sözdür. Çünki Allahın (onu (Həzrət Peyğəmbəri (s)) sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi) sözü Bədr hadisəsinə işarədir. Allah Təalanın (onu (Həzrət Peyğəmbəri (s)) sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi) sözü, (Şübhəsiz, Allah ona kömək etdi) sözünə bağlanmışdır. Beləliklə, ayənin həqiqəti belədir: Əgər siz ona (Həzrət Peyğəmbərə (s) kömək etməsəniz, şübhəsiz, mağara hadisəsində (Həzrət Peyğəmbər (s)) öz yoldaşına qəm yemə, Allah mütləq bizimlədir dediyi zaman, Allah o Həzrətin yoldaşının qəlbinə rahatlıq və xatircəmlik nazil etdiyi zaman, Allah (o həzrətə) kömək etdi(yi kimi, yenə də kömək edəcək) və Bədr hadisəsində Onu (Peyğəmbərin (s)) sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi (yi kimi, yenə qüvvətləndirəcək).

Bu yazdıqlarımız, Süyutinin "Əd-durrul-mənsur”-da qeyd etdikləri idi.

Göründüyü kimi, çox yaxşı və düşündürücü təfsir idi. Amma, məlum olduğu kimi qeyd olunan təfsirin heç bir əsası yoxdur. Nə edək ki, dəlilsiz və əsassız iddiaları qəbul etmək, kor şəxsin qarşısında kiminsə hərəkət etdiyini xəyal edib onun arxasınca getməsindən və ya heç bir qaynağa köklənməyən bir şəxsə təqlid etməkdən başqa bir şeyə bənzəməz. Əlbəttə, Qurani-Kərimin sözügedən ayəsinin biçim və quruluşuna əsasən Allah öz rahatlığını məhz Həzrət Peyğəmbərə (s) nazil etməsi gün kimi aydındır. Çünki söhbət Allahın Həzrət Peyğəmbərə (s) kömək etməsi zəminindədir. Göründüyü kimi, bütün əvəzliklər Həzrət Peyğəmbərə (s) aiddir. Necə ola bilər ki, bütün əvəzliklər Həzrət Peyğəmbərə (s) aid edildiyi halda, sadəcə bir əvəzlik heç bir qəti dəlil-sübut olmadan və ya heç bir açıq-aşkar yönəldici olmadan Əbu Bəkrə aid edilsin?

Həmçinin Allah Təalanın "Allah ona Öz rahatlıq və xatircəmliyini nazil etdi” ayəsindən məqsəd Həzrət Peyğəmbər yox, Əbu Bəkr olduğunu iddia edirlər və yekdil olaraq "Həzrət Peyğəmbər (s) onsuz da xatircəm və arxayın idi” deyirlər.

Şəxsi nəzərlərin yox, Qurani-Kərimin ayələrinin biri digəri üçün müfəssir (təfsirçisi) olduğunu nəzərə alsaq, başqa bir ayəyə müraciət etməklə bu problem öz həllini tapır. Allah Təala "Fəth” surəsinin 26-cı ayəsində buyurur:

فَأَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ

Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi (Əl-Fəth 26).

 

 

 

Beləliklə, düşünməyi özlərinə faydalı və insani xislət hesab edən haqq əhlinə bir neçə sual ünvanlamaq istəyirik :

 

1. Əgər Əbu Bəkrin Həzrət Peyğəmbər (s) ilə yoldaşlığı (صاحبه) onun üstünlüyünə dəlildirsə, elə isə, nə üçün Həzrət Yusifin (ə) müşrik olan zindan yoldaşları barədə də eyni yoldaş söz (صاحب ) işlədilib? Məgər Allah Təala Həzrət Yusifin (ə) dilindən buyurmadımı:

يَا صَاحِبَيِ السِّجْنِ أَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللّهُ الْوَاحِدُ الْقَهَّارُ

 

«Ey mənim iki zindan yoldaşım, (bütlər, ulduzlar və sairə kimi) çoxlu və pərakəndə tanrılar yaxşıdır, yoxsa tək və (varlıq aləminə) hakim olan Allah?»(Yusif 39).

Məgər, bu iki nəfər üçün Həzrət Yusif (ə) ilə yoldaşlıq etmək fəzilət və üstünlük idimi? Əgər bu yoldaşlıq üstünlük hesab edilmirsə, elə isə Əbu Bəkirin Həzrət Peyğəmbər (s) ilə yoldaşlığı nə üçün üstünlük hesab edilməlidir?

Bunu da diqqətinizə çatdıraq ki, Həzrət Yusifin (ə) zindan yoldaşları, O həzrət ilə beş il yoldaşlıq etmişlər. Amma Əbu Bəkr Həzrət Peyğəmbər (s) ilə "Sour”mağarasında məlum olduğu kimi üç gün yoldaşlıq etmişdir.

(مكث أبو بكر رضي الله عنه مع رسول الله صلى الله عليه وسلم في الغار ثلاثاً

Əbu Bəkr Peyğəmbər (s) ilə mağarada üç gün qaldı. (Əd-durrul-mənsur cild 5).

Əgər bu bir neçə gün edilən yoldaşlığa görə Əbu Bəkri ümmətin içərisində ən üstün şəxs hesab etsək, ədaləti qorumaqdan ötəri Həzrət Yusifin (ə) zindan yoldaşları üçün bu yoldaşlığı hansı məqam və fəzilət kimi qiymətləndirməliyik?

2. Görəsən bu iddianı irəli sürənlər Qurani-Kərimdən xəbərsizdilər, yoxsa yenə də adətlərinə uyğun olaraq təəssübkeşlikdən və digər amillərin təsirindən deyəcəyimiz ayəni nəzərə almayıblar? Məgər Allah Təala yuxarıda qeyd etdiyimiz ayədə (Əl-Fəth 26) buyurmur ki; "Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi”.

İddiaçıların müddəalarının əksinə olaraq Allah Təala hər an Öz Peyğəmbərinə (s) və möminlərə aramlıq və xatircəmlik nazil edir.

3. Əzizlər, məlum olduğu kimi, qəm-qüssəli halda (Əbu Bəkir o qədər qəm-qüssəli idi ki, hətta ayə də nazil oldu " qəm yemə, Allah mütləq bizimlədir” Tövbə 40.) Həzrət Peyğəmbər (s) ilə birlikdə mağaraya getmək fəzilət hesab olunur və xilafətə digərlərindən daha layiqli olmasına dəlalət edir, elə isə, nə üçün Əhli-Sünnə müfəssirlərinin (təfsir alimlərinin) etiraf etdikləri kimi, "Təthir”(Əhzab 33), ”Mübahilə”(Ali-İmran 61), ”Məvəddət”(Şura 23) və onlarla barəsində açıq-aşkar ayə nazil olan Həzrət Əli (ə) barədə bu üstünlüyün bir hissəsi belə qeyd olunmur? Buna nə ad vermək olar? Təəssüb ya düşmənçilik?!

Bəli, hər şey gün kimi aydındır, sadəcə etiraf etmək lazımdır ki, şəfəq saçan günəşdir. Siz əzizləri Allah Təalanın haqq sözləri barədə azacıq düşünməyə və bu düşüncə ilə haqqı batildən ayırmağa dəvət edirik.

Necə ki, Allah Subhan Təala Qurani-Kərimdə buyurur:

وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الأَلْبَابِ

(Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz. (Əl-Bəqərə 269, Ali-İmran 7).

وَقُلْ جَاء الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقاً

Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir (İsra 81).

 

Allah Təalanın buyurduğu kimi, əvvəl ağıl və düşüncə sahibi olaraq, düşünüb haqqı araşdıraraq qəbul edək. Əks təqdirdə haqq aradan gedər.

وَالسَّلَامُ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى

Salam olsun doğru yola tabe olan kəslərə!

 

Şiə Elmi Araşdırmalar Mərkəzi

www.Shia.az

Müəllif: Müslüm Müslümov

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))