sitename
sitename

3-cü xütbə

İmam Əli əleyhis-salamın «Şiqşiqiyyə» adlanan xütbəsidir. 
Agah ol! Allaha and olsun ki, Əbu Quhafənin oğlu (cahiliyyət dövründə Əbu Bəkrin adı Əbdülüzza olmuş, sonra Həzrət Rəsul -səlləllahu əleyhi və alih- onun adını dəyişərək Abdullah qoymuşdur) mənim xəlifəlik üçün dəyirmanın orta qütbü kimi (elmdə və əməldə kamillik baxımından) oduğumu bildiyi halda xəlifəliyi köynək kimi əyninə geydi.  Elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra (Əbu Quhafənin oğlu xəlifəlik köynəyini haqsız yerə geydiyinə və camaat onu təbrik etdiyinə görə) xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim.  Mirasımın tarac olunduğunu görürdüm.  
(Allah Peyğəmbərinin - səlləllahu əleyhi və alih - vəfatından sonra xəlifəliyi haqsızcasına qəsb edərək xalqı azğınlığa düçar etdikləri vaxt İslamın qorunub saxlanılması, daxili inqilabın baş verməməsi və düşmənlərin ondan sui-istifadə etməmələri üçün xəlifəlikdən çəkinərək dözməyi məsləhət bildim.) Birincisi (Əbu Bəkr) öz yolunun sonuna çatıb (iki il, üç ay, on iki gündən sonra öldü. Ölməmişdən qabaq) xəlifəliyi-özündən sonra-İbn Xəttabın (Ömərin) boynuna atdı. (Seyyid Rəzi əleyhir-rəhmə deyir): Bunları bəyan etdikdən sonra Həzrət, məsəl olaraq şair Ə’şanın şe’rini (Amirin mədhi və Əlqəmənin həcvi barədə olan qəsidəsini) oxudu: شَتَّانَ ما يَوْمِى عَلى كُورِها **** وَ يْوْمُ حَيَّانَ أَخِى جابِرِ (Bu şe’ri iki cür izah etmək olar, birincisi) dəvənin donqar və palanı üstündə səfərin əzab-əziyyətinə qatlaşdığım bu günümlə Cabirin qardaşı Həyyanın dostu olaraq naz-nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var. (İkinci məna isə): və dəvənin belinə minən mənimlə, səfərin məşəqqət və çətinliklərindən azad olan Cabirin qardaşı Həyyanın güzəranı arasında nə qədər fərq var.  Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan bey’ətinin geri götürülməsini istəyir.  Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə Öməri vəsiyyət edir. Bu iki qarətçi xilafəti dəvənin iki döşü kimi öz aralarında böldülər (dəvənin bir döşünü Əbu Bəkr, digərini isə Ömər öz əlinə götürüb sağdılar, dəvənin sahibini isə ondan məhrum etdilər). (Beləliklə, Əbu Bəkr xilafəti) hamar olmayan, sərt yerdə yerləşdirdi (Öməri özündən sonra xəlifə etdi), halbuki Ömər sərt və acıdil idi, onunla görüş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara görə) etdiyi üzürxahlıqları saysız-hesabsız idi.  Onunla ünsiyyət (həm İmamın, həm başqalarının onunla ünsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, öz başına buraxdıqda isə süvarsini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə (on il altı ay) dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum.
Ömər də öz yolunun sonuna yetişdi (və libası tərk etməzdən öncə) xilafət məsələsini, məni də onlardan biri güman etdiyi bir neçə adamın arasında ortaya qoydu.  Pərvərdigara, təşkil olunmuş şuradan və etdikləri məşvərətdən sənə pənah gətirirəm. Camaat məni necə Əbu Bəkrə bərabər tutub, mənə şəkk-şübhə ilə yanaşdı? İş o yerə çatdı ki, bu gün belə şəxslərlə (şura üzvü olan beş nəfərlə) bir sırada dayandım. Bununla belə (yenə də səbr edib şurada iştirak etdim) eniş-yoxuşlarda onların ardınca getdim (məsləhətə görə, hər yerdə onlarla razılaşdım). Beləliklə, onlardan biri paxıllıq və kininə görə haqdan əl çəkərək batil yola qədəm qoydu,  başqa birisi Osmanın kürəkəni və qohumu olduğundan məndən üz döndərdi.  Başqa iki nəfərinsə (Təlhə ilə Zübeyr rəzalət və alçaqlığına görə) adını çəkmək rüsvayçılıqdır.
(Ömərin ölümündən sonra, onun göstərişilə yaradılan şurada) qövmün üçüncüsü (Osman) ayağa qalxdı (haqsız yerə xəlifəlik məqamını qəsb etdi). Yeyib bayıra getməkdən (çox yeyib-içməkdən şişən dəvə kimi) hər iki tərəfini şişirtmişdi (onun işi heyvanlar kimi yeyib peyin tökmək idi və xəlifəliyə aid məsələlərə riayət etmirdi) və onun atalarının övladları da (onun qohumu olan Əməvilər) onunla əlbir idilər. Onun dolaşıq ipi çözülənə qədər (səhabələr əhdlərini pozaraq yan-yörəsindən uzaqlaşana qədər) iştahlı dəvə bahar otlarının hamısını yediyi kimi Allahın malını (müsəlmanların beytulmalını) yeyirdilər (yoxsulları və bu mala haqqı olanları isə məhrum, ac saxlayırdılar). Rəftarı qətlinin tezləşməsinə, qarnının doluluğu devrilməsinə səbəb oldu.  
(Osmanın öldürülməsindən) sonra kaftarın boynunun tükü tək camaatın məni dövrəyə almasından başqa heç nə məni bu çətin və böyük işə vadar etmədi. Hər tərəfdən üstümə elə hücum çəkdilər ki, izdihamdan, camaatın çoxluğundan Həsən və Hüseyn ayaq altında qaldılar. Paltarım və əbam hər iki tərəfdən cırıldı, (bey’ət etmək üçün) qoyun sürüsü kimi məni dövrəyə aldılar. Bey’ətlərini qəbul edib xəlifəliyə başladıqda isə bir hissəsi (Təlhə, Zübeyr və başqaları) mənimlə olan bey’ətlərini pozdu, bir dəstə (Nəhrəvan Xəvarici və başqaları) bey’ətdən çıxdı, bəziləri isə (Müaviyə və sair şəxslər) Allah-təalanın itaətindən çıxdılar. Sanki, müxaliflər pak olan Allahın (Qəsəs surəsinin 83-cü ayəsində) «əbədi sarayı məqsədləri yer üzündə ucalıq və fitnə-fəsad törətmək olmayanlar üçün yaratdıq. Gözəl mükafat pərhizkarlar üçündür»-deyə buyurduğunu eşitməyiblər. Bəli, Allaha and olsun, bu ayəni eşidib və əzbərləyiblər. Lakin dünya onların gözlərini qamaşdırıb və dünyanın zinəti isə onları aldatmışdır. (Haqqdan əl çəkərək itaətsizlik etmiş, yer üzündə fitnə-fəsad törətmişlər.)
Agah olun! Toxumu ortadan yaran və insanı xəlq edən Allaha and olsun, bu qədər camaat (mənə bey’ət etmək üçün) toplaşmasaydı, höccətin tamam olmasına kömək etməsəydilər, Allah-təalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün üləmalardan aldığı əhd olmasaydı xəlifəlik dəvəsinin yüyənini hər an onun hörgücünün üstünə atardım  xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim. (Əvvəllər də bu işi etmədiyim kimi indi də kənara çəkilər, xəlifəliyi tərk edib camaatı azğınlıq içində buraxardım, çünki) bilirsiniz ki, sizin bu dünyanız mənim üçün dişi keçinin asqırığı qədər dəyərsizdir.
Deyirlər, Həzrət bu sözləri buyurduqda İraq kəndlilərindən olan bir kişi ayağa qalxaraq ona bir məktub verdi. O Həzrət məktubu oxumağa başladı. Oxuduqdan sonra İbn Abbas dedi: «Ey Əmirəl-möminin, kaş ki, sözünü kəsdiyin yerdən nitqinə davam edəydin. O Həzrət buyurdu: «Heyhat, ey İbn Abbas (belə sözlər bir daha deyilməyəcək, sanki) səslənib, sonra yenidən öz yerində duran dəvənin şiqşiqəsi idi.» İbn Abbas dedi: «Allaha and olsun, mən heç bir sözün kəsilməsinə o Həzrətin öz sözünün istədiyi yerə çatdırmadan kəsilməsi qədər kədərlənməmişdim».
(Seyyid Rəzi əleyhirəhmə deyir:) Bu xütbədə Həzrətin (ikinci xəlifə Ömər barədə) كَراكِبِ الصَّعْبَةِ إِنْ أَشْنَقَ لَهاَ خَرَمَ وَ إِنْ أَسْلَسَ لَهاَ تَقَحَّمَ dedikdə məqsədi budur ki, itaətsiz dəvəni minən şəxs hər zaman onun cilovunu bərk tutsa, dəvə itaətsizlik edib burnunu dağıdar, əgər cilovunu boş tutsa onu möhkəm çırpıb tullayar, bir daha sahibinə qayıtmaz. أَشْنَقَ النّاقَةَ dəvəyə minib cilovu vasitəsilə başını yuxarı dartmağa deyilir, وَشَنَقَهَا də deyilər,  İbn Sikkitin «İslahul-məntiq» kitabında deyildiyi kimi, belə ki, Həzrət أَشْنَقَ لَهَا buyurur أَشْنَقَهَا demir, bu iki söz eyni bir mənada işlədilməsinə baxmayaraq, o Həzrətin أَشْنَقَ لَهَا deməsinin səbəbi bu sözün əvvəlki cümlədəki أَسْلَسَ لَها ilə həmvəzn olması üçündür. Sanki, o Həzrət belə buyurub: Dəvəyə minən onun başını cilovuyla yuxarı dartsa, yəni, cilovu dəvənin üstündə möhkəm saxlasa dəvənin burnu dağılar. Hədisdə buyurulur: Allahın Rəsulu dəvənin üstündə olduğu halda camaata xütbə oxuyurdu. 
قَدْ شَنَقَ لَهَا وَ هِىَ تَقْصَعُ بِجَرَّتِهَا - yəni, dəvənin cilovunu dartıb saxlamışdı, dəvə boğazından çıxardığı bir şeyi çeyniyirdi. (Bu hədisdən məlum olur ki, «شَنَقَ» və «أَشْنَقَ» eyni mənalı sözlərdir.) اَشْنَقَ sözünün شَنَقَ ilə eyni mənada olmasına başqa bir dəlil isə Ədiyy ibn Zeyd İbadinin aşağıdakı beytdə söylədiyi sözdür.
سائَهَا ما تَبَيَّنَ فِى الْأَيْدِى                 وَإِشْناقُها إِلَى الْأَعْناقِ
Cilovları bizim əlimizdə olmayan itaətsiz dəvələr ram olmurlar, onlar pis dəvələrdir.

4-cü xütbə

İmam Əli əleyhis-salamın (Təlhə və Zübeyrin öldürülməsindən sonrakı) xütbələrindəndir. Azğınlığ və nadanlığın zülmətində olduğunuz vaxt bizim səbəbimizə doğru yola qədəm qoydunuz, uca zirvələrə yüksəldiniz (böyüklük və şərəf əldə etdiniz) və bizim vasitəmizlə ayın son gecələrinin qaranlığından (küfr və şirkin ən son həddindən) sübhün nuruna (İslam dininə) çıxdınız. (Bədbəxtlik və sərgərdanlıqdan xilas oldunuz. Deməli, sizin boynunuzda böyük haqqımız var və onun qədrini bilməlisiniz.) Kar olsun yol göstərən fəryaddan nəsihət almayan qulaq.  Uca səsdən (Allahın buyurduqları və Həzrət Peyğəmbərin kəlamlarından) ağırlaşaraq kar olan qulaqlar asta səsi (Allahın, Peyğəmbərin moizə və öyüd-nəsihətləri onlara təsir etmədiyi halda, sözsüz ki, mənim çağırış və nəsihətimin də təsiri olmayacaqdır) necə eşidə bilər? Allah xofu və qorxusundan narahat olan qəlblər rahat olsun. (Bu, İlahi əzabdan qorxaraq haqqın yolundan dönməyənlər üçün duadır.) Daima sizlərdən xəyanət, vəfasızlıq və əhdinizi pozmağınızın nəticələrini gözləyirəm. Qiyafələrinizə baxmaqla (şeytanın müjdəçisi olan) aldadıcı bər-bəzəyin sizi aldatdığını anlayıram. (Deməli, mənə göz yumub haqq-ədalətdən heç bir bəhrəsi olmayan başqa birisinə üz tutmağınız təəccüblü deyil.) Təqva libası və dindarlıq köynəyi məni sizlərdən gizlətdi (heç vaxt pozğunluq libası geyinmədiyimə və Allahın istəyinin əksinə heç bir iş görmədiyimə görə məndən əl çəkib başqalarına bey’ət etdiniz), batinimin səfası sizləri tanımaqda gözümü açdı (sizin hiylə, məkr, nifaq və ikiüzlülüyünüzü anladım). Azğınlıq yollarında hamınızın bir-birinizin dövrəsinə toplaşdığı, yolu azdığı, yol göstərəniniz olmadığı zaman (cəhalət və nadanlıq biyabanında elm və biliyə təşnəlikdən ölmək üzrə idiniz) sizə yol göstərmək üçün ayağa qalxdım. Quyu qazırdınız, ancaq su əldə etmirdiniz (sizi həlak olmaqdan və bədbəxtlikdən xilas etdim). Bu gün sizin üçün bəyan sahibinin bağlı dilini açdım (sizin hidayətiniz və əminiliyiniz üçün bu xütbədə mənim halımdan bəhs edən rəmz və sirləri bəyan etdim. Buna görə də) mənim əleyhimə çıxanın (itaətimdən boyun qaçıranın) rəyi uzaq olsun (çünki batil yola qədəm qoymamışam). Haqqı tapdığım gündən ona şəkk-şübhə etməmişəm.  (Necə ki,) Həzrəti Musa öz-özündən qorxmurdu (o özünün haq və doğru olduğuna, sehrkar və cadugərlərin məğlub olacaqlarına əmin idi). O, nadanların qələbə çalmasından və azğınlıq ərbablarının qabağa düşməsindən (bunun nəticəsində camaatın yolunu azmasından) qorxurdu.  Bu gün biz və siz haqla batil yolda qarşılaşdıq (mən haqq yolunda, siz isə batil yolda), suya əmin olan (mənim sözlərim və əməllərimə tabe olan, heç vaxt) susamaz (küfr, şirk, nifaq vadisində heyran və sərgərdan qalmaz).  

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler