sitename
» » » İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
Saytın xəritəsi Saytın xəritəsi
sitename

a) Rahibin əli açılır

 

Bir dəfə Samirrada bərk quraqlıq düşür. Xəlifə Mötəmid əmr edir ki, camaat "istisqa”[1] namazına çıxsın. Camaat üç gün dalbadal istisqa namazına gedib dua etsə də, lakin yağış yağmır. Dördüncü gün isə xristian yepiskopların baş kotoliki, rahiblər və xristanlanlarla birlikdə səhraya gedir. Rahiblərdən biri hər dəfə əlini göyə qaldırıb dua etdikdə dolu yağmağa başlayırdı. Sonrası gün baş katolik də həmin işi təkrar edir. O qədər yağış yağır ki, camaat daha yağış istəmir. Bu iş camaatın təəccübünə və müsəlmanların böyük bir qisminin İslam dinində şəkk edib xristianlığa meyl etməsinə səbəb olur. Xəlifə bu işdən narahat olur, məcbur olub zindanda olan İmam Həsən Əskəri əleyhissəlamı saraya çağırtdırıb deyir: "Cəddin Peyğəmbərin (səlləllahu əleyhi və alih) ümməti yolunu azır, onların dadına çat!” İmam Həsən Əskəri (əleyhissəlam) buyurdu: "Baş katolik və rahiblərə de ki, sabah səhraya gəlsinlər.” Xəlifə dedi: "Camaat daha yağış istəmir. Kifayət qədər yağış yağıb, daha səhraya getməyin nə mənası var?” İmam buyurdu: "Şəkk-şübhəni aradan götürmək istəyirəm.” Xəlifə əmr edir ki, sabah xristianların başçısı rahiblərlə birlikdə səhraya getsin. İmam Həsən Əskəri (əleyhissəlam) da çoxsaylı müsəlmanlarla birlikdə səhraya gedir. Baş katolik və rahiblər yağış yağması məqsədilə əllərini duaya qaldırırlar. Göy üzü tutularaq yağış yağmağa başlayır. Bu vaxt İmam Həsən Əskəri (əleyhissəlam) buyurur ki, gedin, filan rahibin əlində nə varsa, çıxarın. Onun ovcunda bir parça qara rəngli adam sümüyü var idi. İmam sümük parçasını bir parçaya büküb rahibə buyurur: "Yenə də Allahdan istə ki, yağış yağsın!” Rahib yenə əlini göyə qaldırdı. Ancaq bu dəfə əvvəlkindən fərqli olaraq, bulud çəkilir və günəş çıxır. Camaat hamı təəccüblənib mat qalmışdı. Xəlifə İmamdan soruşdu: "Bu sümük nədir?” İmam Həsən Əskəri (əleyhissəlam) buyurdu: "Bu, peyğəmbərlərdən birinin sümüyüdür, onu qəbirdən çıxarmışlar. Hansı peyğəmbərin sümüyü görünərsə, həmin an mütləq yağış yağmalıdır.” Xəlifə İmamı alqışladı. Sümüyü yoxlayıb gördülər ki, o, həqiqətən də, Peyğəmbər sümüyüdür. Bu hadisə İmamın zindandan azad olmasına və o Həzrətin camaatın yanında hörmətinin daha da artmasına səbəb olur. İmam Həsən Əskəri (əleyhissəlam) bu fürsətdən istifadə edib onunla bir yerdə zindanda olan dostlarının azad edilməsini xəlifədən istəyir. Xəlifə İmamın istəyini qəbul edib onları da azad edir.[2]

 

1. Şiələrlə əlaqə yaratmaq

 

İmam Həsən Əskəri əleyhissəlamın dövründə bir çox şəhərlərdə şiələrin sayı artmış və onlar müxtəlif yerlərdə mərkəzləşdirilmişdilər. Kufə, Bağdad, Nişabur, Qum, Abe (Ave), Mədain, Xorasan, Yəmən, Rey, Azərbaycan, Samirra, Qorqan (Corcan) və Bəsrə kimi yerlər artıq şiələrin mərkəzinə çevrilmişdi. Bu şəhərlər arasında Samirra, Kufə, Bağdad, Qum və Nişabur bir sıra səbəblər üzündən xüsusi əhəmiyyətə malik idi.[3]

Şiə mərkəzlərinin çoxalması və müxtəlif yerlərdə olması, onların həm İmamət xətti ilə, həm də bir-biri ilə əlaqə saxlamaları üçün tənzimlənmiş bir əlaqə mərkəzi tələb edirdi. Belə ki, bu mərkəz onları siyasi və dini baxımdan idarə etməli idi. Belə bir mərkəzə olan ehtiyac artıq doqquzuncu İmamın dövründən hiss olunmağa başlanmışdı. İmam Cavad (əleyhissəlam) və İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatından danışarkən artıq o vaxtdan belə bir mərkəzin yarandığını qeyd etmişdik. Bu iş İmam Həsən Əskəri əleyhissəlamın dövründə də, davam etdirilirdi. Tarixi qaynaqlara əsasən, İmam Həsən Əskəri (əleyhissəlam) şiələr arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün şiələrə nəzarət edə bilmişdir. Bu nümayəndələr arasında o Həzrətin Nişabur şəhərindəki nümayəndəsi İbrahim ibn Əbduhu nümunə göstərmək olar. İmam Həsən Əskəri (əleyhissəlam) İshaq ibn İsmayıl və Nişabur şiələrinə yazdığı geniş məktubda İslam ümmətinin hidayət edilməsində (düz yola yönəldilməsində) İmamətin rolunu, İmamlardan itaət etməyin nə dərəcədə vacib olduğunu izah etdikdən və İmamın əmrindən çıxmamağı tapşırdıqdan sonra yazmışdır: "İshaq, sən İbrahim ibn Əbduhu yanında mənim nümayəndəmsən. O da Məhəmməd Musa Nişaburi vasitəsilə ona göndərdiyim məktuba əməl etsin. Sən və şəhərinizdə olanların hamısı məktubda göstərilənlərə əməl etməlisiniz! İbrahim mənim məktubumu hamıya oxusun. Qoy heç kimdə şəkk-şübhə qalmasın... Allahın sonsuz rəhməti İbrahim ibn Əbduha, sənə və bizdən itaət edən bütün şəxslərə olsun. Mənim bu məktubu oxumuş şəhərinizdəki bütün şiələrim və o tərəflərdə haqdan dönməyən bütün şəxslər bizə çatdırılacaq şəri vergiləri İbrahim ibn Əbduha, o isə Raziyə,[4] ya da onun dediyi bir şəxsə təhvil verməlidir. Bu, mənim əmrimdir...”[5]

Bu məktubdan şiələrin maddi vəziyyətini dirçəltməkdə böyük rol oynayan şəri vergilərin yığılması məsələsindən əlavə, belə başa düşülür ki, İmamın nümayəndələrinin müəyyən mərtəbələri olmuş, hər birinin fəaliyyət dairəsi həmin mərtəbəyə əsasən, müəyyən edilmişdi. Toplanmış şəri vergilər axırda əsas nümayəndəyə, ondan da birbaşa İmama çatdırlımalı idi. İmam Həsən Əskəri (əleyhissəlam) sanki İbrahim ibn Əbduhun fəaliyyət dairəsini müəyyənləşdirmək və onun mövqeyini möhkəmlətmək məqsədilə Abdullah ibn Həmdiveyh Beyhəqiyə yazdığı məktubda buyurur: "Mən İbrahim ibn Əbduhu o tərəflərin və sizin məntəqənin şəri vergilərini toplamaq üçün təyin etmişəm. O, şiələr yanında mənim sədaqətli və etibarlı nümayəndəmdir. Təqvalı olun, özünüzü gözləyin, şəri vergilərinizi ödəyin, heç kəs onu ödəməkdən boyun qaçırmaqda, ya onu kecikdirməkdə üzürlü sayılmır...”[6] Deyəsən bəzi şiələr İmam Həsən Əskəri əleyhissəlamın İbrahim ibn Əbduh barədə yazdığı məktubda şəkk edib onun saxtalaşdırıldığını zənn etmiş, buna görə də İmam başqa bir məktubda yazmışdır: "Oranın (Nişaburun) şəri vergilərinin toplanılması üçün İbrahim ibn Əbduhun mənim vəkilim olması barədə oxuduğunuz məktub mənim öz xəttimlədir...”[7]

İmam Həsən Əskəri əleyhissəlamın digər bir nümayəndəsi isə o Həzrətin yaxın dostlarından və Qum şiələrinin adlı-sanlı şəxslərindən olan Əhməd ibn İshaq ibn Abdullah Qummi Əşəri olmuşdur. Bəzi "rical” mütəxəssisləri onu qumlularla İmam Həsən Əskəri (əleyhissəlam) arasında vasitəçi və o Həzrətin yaxın dostlarından biri kimi qələmə vermişlər.[8] Başqa alimlər isə onu İmamın vəkil və nümayəndəsi bilmişlər.[9] "Biharül-ənvar” kitabında gəlmiş bir hədisdən belə başa düşülür ki, o, İmamın Qumdakı nümayəndəsi olmuşdur.[10] Görkəmli tarixçi Məhəmməd ibn Cərir ət-Təbəri yazır: "Əhməd ibn İshaq Qummi Əşəri Şeyx Səduqun müəllimi və İmam Həsən Əskəri əleyhissəlamın nümayəndəsi olmuşdur. İmam Həsən Əskəri (əleyhissəlam) vəfat etdikdən sonra isə Həzrət Sahib əz-Zaman əleyhissəlamın nümayəndəsi olmuşdur. O Həzrət ona məktublar yazır, o da Qum və onun ətraf məntəqələrindən şəri vergiləri toplayıb ona çatdırırdı.”[11] O, (Əhməd ibn İshaq) Qum şiələrindən topladığı yüz altımış kisə qızıl-gümüşü İmam Zaman əleyhissəlama çatdırır[12] ki, bu da toplanmış şəri vergilərin külli miqdarda olduğunu göstərir.

Əhvazlı İbrahim ibn Məhziyar da İmam Həsən Əskəri əleyhissəlamın nümayəndələrindən biri olmuşdur. O, topladığı bir qədər şəri vergini İmam Həsən Əskəri əleyhissəlama çatdıra bilməmiş, o Həzrətin şəhadətindən sonra İbrahim xəstələndiyindən oğlu Məhəmmədə vəsiyyət edir ki, yığılmış şəri vergiləri Həzrət Məhdi əleyhissəlama çatdırsın. O, atasının vəsiyyətini yerinə yetirərək atasının əvəzinə on ikinci İmamın nümayəndəsi təyin olunur.[13]

İmam Həsən Əskəri əleyhissəlamın nümayəndələrinin başında Məhəmməd ibn Osman Əmri dururdu. Digər nümayəndələr isə onun vasitəsilə İmamla əlaqə saxlayırdılar. Onlar adətən topladıqları şəri vergiləri Məhəmmədə, o isə onları İmam Həsən Əskəri əleyhissəlama çatdırırdı.[14]

Qasidlər və məktublar

 

İmam Həsən Əskəri (əleyhissəlam) şiə mərkəzlərində nümayəndələr təyin etməkdən əlavə, qasidlər vasitəsilə də şiələrlə əlaqə saxlayır və bu yolla onların müşkülatını həll edirdi. Bu sahədə İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın dostlarından biri olan Əbül-Ədyanın misilsiz xidmətlərini nümunə göstərmək olar.[15] O, İmamın məktublarını müxtəlif yerlərdə yaşayan şiələrə çatdırır, eləcə də şiələrin İmama yazdığı məktubları, sualları, həmçinin, onların çətinlik və müşkütlatını, habelə İmama göndərdikləri şəri vergiləri Samirraya gətirərək İmama çatdırırdı. Onun İmam Həsən Əskəri əleyhissəlamın ömrünün son günlərində göstərdiyi fəaliyyəti barədə o Həzrətin şəhadəti bölməsində şərh verəcəyik.

Qasidlərdən başqa İmam Həsən Əskəri (əleyhissəlam) məktublaşma yolu ilə də şiələrlə əlaqə saxlayır və onları öz hidayət qanadı altına alırdı. İmamın ibn Babəveyhə yazdığı məktub bu məktublaşmalardan bir nümunədir.[16] (Bu barədə "mühüm şiə ünsürlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək” bölməsində söhbət edəcəyik.)[17] Bundan əlavə, o Həzrət Qum və Ave şəhərlərinin şiələrinə də iki məktub yazmışdır. Bu məktublar hədis kitablarında dərc olunmuşdur.[18] Müxtəlif münasibətlərlə o Həzrətin yazdığı başqa məktublar da vardır.[19] Bir rəvayətə görə İmam Həsən Əskəri (əleyhissəlam) şəhadətindən bir neçə gün qabaq hicrətin iki yüz altımışıncı ili rəbiül-əvvəl ayının səkkizində Mədinə camaatına çoxlu məktub yazmışdır.[20]

2. Gizli siyasi fəaliyyətlər

 

Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq İmam Həsən Əskəri (əleyhissəlam) bir sıra gizli siyasi fəaliyyətlər aparmış, bu fəaliyyətlər zamanı çox incə və gizli metodlardan istifadə edərək saray casuslarının gözündən uzaq olmuşdur. Bu fəaliyyətlərə dair çoxlu nümunələr vardır, lakin biz aşağıda qeyd etdiyimiz iki nümunə ilə kifayətlənirik:

1) İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın və səmimi dostlarından olan Osman ibn Səid Əmri yağ satmaq adı altında gizli fəaliyyət göstərirdi. Şiələr şəri vergilərini İmama göndərmək istəyəndə onu Osmana verir, o isə yağ qablarına qoyub onu İmama çatdırırdı.[21]

2) İmam Həsən Əskəri əleyhissəlamın hamamını qızdırmaq üçün odun daşıyan Davud ibn Əsvəd deyir: Bir gün İmam məni çağırıb mənə qalın, uzun və dairəvi bir çubuq verib buyurur ki, bu çubuğu apar ver Osman ibn Səidə. Mən çubuğu götürüb yola düşdüm. Yolda bir nəfər su daşıyanla rastlaşdım. Onun qatırı yolu kəsmişdi. O, məndən qatırı kənara çəkmək üçün kömək istədi. Mən İmamın verdiyi çubuğu qaldırıb qatıra çəkdim. Çubuq sındı, gözüm çubuğun içərsində olan məktublara sataşdı. Tez çubuğu qoltuğuma vurub geri qayıtdım. Su daşıyan isə məni söyə-söyə qaldı... İmamın evinə çatdıqda o Həzrətin xadimi qabağıma çıxıb dedi: "Ağa deyir ki, nə üçün çubuğu qatıra vurub sındırdın?” Dedim ki, bilmirdim çubuğun içərsində məktub var. İmam buyurdu: "Nəyə görə elə bir iş görürsən ki, sonradan üzr istəməli olasan? Bundan sonra bir də belə bir iş görmə. Əgər eşitsən ki, bir nəfər bizi söyür, yenə də işin olmasın, çıx yolunu get. Biz çox pis şəhərdə yaşayırıq. Sən ancaq öz işini gör. Bunu da bil ki, sənin bütün işlərin bizə çatdırılır.”[22]

Bu hadisədən məlum olur ki, İmam Həsən Əskəri (əleyhissəlam) gizli məktubları çubuğun arasına qoyub sirsaxlayan və etimadını doğrultmuş Osman ibn Səidə göndərir. Özü də bu işi vəzifəsi hamam qızdırmaq üçün odun daşıyan və heç kəsin gümanına gəlməyən bir şəxsə tapşırır. Ancaq onun ehtiyatsızlığı ucbatından az qala bu sirrin üstü açılacaqdı.

3. Şiələri maddi cəhətdən təmin etmək

 

İmam Həsən Əskəri əleyhissəlamın fəaiyyətlərindən biri də şiələri, xüsusən də, yaxın dostlarını maddi cəhətdən təmin etmək idi. O Həzrətin həyatı barədə mütaliə edilsə, bəzi vaxtlar şiələrdən bir neçəsinin İmamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsinin, İmamın da onların maddi ehtiyacını ödəməsinin şahidi olarıq. Hətta bəzi vaxtlar onlar özləri şikayətlənməzdən qabaq İmam özü onların maddi ehtiyacını aradan qaldırırdı. İmam Həsən Əskəri əleyhissəlamın bu hərəkəti şiələrin maddi çətinlik ucbatından hökumətə tərəf cəlb olunmasının qarşısını alırdı. Buna dair aşağıdakı nümunələri qeyd etmək olar:

1) Əbu Haşim Cəfəri deyir: "Maddi cəhətdən çox pis vəziyyətə düşmüşdüm. Vəziyyətimi məktub vasitəsilə İmam Həsən Əskəri əleyhissəlama bildirmək istədim, ancaq utandığımdan bu fikirdən əl çəkdim. Evə gəldikdə, İmam mənim üçün yüz dinar pul göndərib məktubda da yazır ki, nə vaxt ehtiyacın oldu, bizə xəbər ver, utanma, Allahın sayəsində öz istədiyinə çatarsan.”[23]

2) Əli ibn Zeyd Ələvi deyir: İmam Həsən Əskəri (əleyhissəlam) mənə bir qədər pul verib buyurur: "Get bu pula özün üçün bir kəniz al. Sənin kənizin ölüb.” Evə qayıtdıqda gördüm ki, doğurdan da, kənizim ölüb.”[24]

3) Əbu Haşim Cəfəri deyir: "Maddi çətinliyim barədə İmama xəbər çatdırdım. O Həzrət mənə beş yüz dinar pul verib buyurdu ki, Əbu Haşim, bunları götür, az olsa, bizi bağışla.”[25]

4) Əbu Tahir ibn Bilal bir dəfə həcc ziyarətinə gedib orada görür ki, Əli ibn Cəfər külli miqdarda pul paylayır. Həcdən qayıtdıqdan sonra hadisəni İmam Həsən Əskəri əleyhissəlama çatdırır. İmam onun cavabında yazır: "Əvvəl demişdim, ona yüz min dinar versinlər, sonra bir o qədər də əlavə etdik, ancaq o, bizi nəzərə alıb bunu qəbul etmədi.” Bu hadisədən sonra Əli ibn Cəfər İmamın hüzuruna gedir və İmamın əmrinə əsasən, ona otuz min dinar pul verirlər.”[26]

Bu hadisədən belə başa düşülür ki, Əli ibn Cəfər Hicazda külli miqdarda pul paylamışdır. Onun payladığı pulların hara sərf edildiyi hədisdə müəyyən edilməsə də onun miqdarından belə başa düşülür ki, bu, geniş və qabaqcadan hazırlanmış (nəzərdə tutulmuş) bir proqram əsasında qurulmuş və təbii ki, ehtiyacı olan, sayılıb-seçilmiş, mübarizə aparan şiə başçıları həmin puldan istifadə etmişlər. Şübhəsiz ki, bu iş İmam Həsən Əskəri əleyhissəlamın göstərişi və maddi köməyi ilə həyata keçmişdir.

İmam Həsən Əskəri əleyhissəlamın şəraitinin məhdud olmasına baxmayaraq bu kimi böyük məbləğlərin ödənilməsi heç də təəccüblü gəlməməli, yaxud inkar edilməməlidir. Çünki İmamın siyasi-ictimai fəaliyyəti Abbasi hökumətinin ciddi nəzarəti altında olsa da, müxtəlif yerlərdə yaşayan çoxsaylı şiələr o Həzrətə külli miqdarda pul (şəri vergilər) göndərirdilər. Məsələn, tarix deyir: "Qorqan (Corcan) şəhərindən bir nəfər İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gəlib yerlilərinin göndərdiyi şəri vergiləri o Həzrətin Mübarək adlı xadiminə təhvil verir.”[27]Yaxud Cəbəl məntəqəsindən bir nəfər Ələvinin vasitəsilə İmamın yanına gəlmiş şəxs o Həzrətə dörd min dinar pul verir.[28]Yaxud bundan qabaq qeyd etdiyimiz kimi İmamın Qumdakı nümayəndəsi (Əhməd ibn İshaq) şiələrdən topladığı yüz altımış kisə qızıl-gümüşü o Həzrətə çatdırır.[29]Bunlardan əlavə, İmam Həsən Əskəri əleyhissəlamın müxtəlif şəhərlərdə olan nümayəndələri külli miqdarda şəri vergi toplamış, lakin onu İmamın şəhadətinə qədər o Həzrətə göndərə bilmədiklərindən İmam Zaman əleyhissəlama çatdırmışlar. Buna misal olaraq Əli ibn Məhziyarın topladığı, onun vəfatından sonra isə oğlu Məhəmmədin İmam Zaman əleyhissəlamın nümayəndəsinə çatdırdığı külli miqdarda pulu qeyd etmək olar.[30]Həmçinin, Cəbəl əhalisindən olan bir nəfərin[31] yanındakı yeddi yüz dinar, eləcə də İmran Həmədani adlı bir şiədəki beş yüz dinarı buna misal göstərmək olar.

 

4. Mühüm şiə şəxsiyyətlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək

 

İmam Həsən Əskəri əleyhissəlamın ən əsas fəaliyyətlərindən biri də şiələrin görkəmli şəxslərini siyasi mübarizə çətinlikləri qarşısında şiə amalını müdafiə etmək məqsədilə himayə etməsi olmuşdur. Şiələrin görkəmli nümayəndələri çətinliklərlə üzləşdiyindən İmam Əskəri (əleyhissəlam) müxtəlif məqamlarda yeri gəldikcə onlara təskinlik verib öz himayəsi altına alır, çətinliklər, yoxsulluq, təzyiqlər qarşısında daha dözümlü olmaları və böyük siyasi-ictimai məsuliyyətlərini, dini vəzifələrini layiqincəsinə yerinə yetirmələri üçün onları ruhlandırırdı. Məhəmməd ibn Həsən ibn Meymun deyir: Bir dəfə İmam Həsən Əskəri əleyhissəlama bir məktub yazıb kasıbçılıqdan şikayətləndim. Ancaq sonra öz-özümə dedim ki, məgər İmam Sadiq (əleyhissəlam) buyurmayıbmı ki, bizimlə birgə kasıb yaşamaq başqaları ilə varlı yaşamaqdan, bizimlə birlikdə ölmək düşmənlərlə birgə yaşmaqdan yaxşıdır?

İmam Həsən Əskəri (əleyhissəlam) cavabında yazdı: "Bizim dostlarımızın günahları çoxaldıqda, Allah-taala onları kasıblıqla imtahana çəkir. Bəzi vaxtlar onların bir çox günahlarından keçir. Özün dediyin kimi bizimlə kasıb yaşamaq başqaları ilə varlı yaşamaqdan yaxşıdır. Biz, bizə arxalananlar üçün arxa, bizdən hidayət diləyənlər üçün bir nuruq. Biz (azğınlıqdan qurtarmaq üçün) bizə üz tutmuş şəxslərin gözətçisiyik. Bizi istəyən şəxslər (Allah dərgahında) yüksək mərhələdə bizimlə birlikdə olacaqlar. Bizim yolumuzu getməyənlər isə Cəhənnəmə tərəf getməli olacaqlar.”[32]İmam Həsən Əskəri əleyhissəlamın böyük şiə fəqihlərindən biri olmuş Əli ibn Hüseyn ibn Babəveyh Qummiyə yazdığı məktub da bu məsələyə dair bir sübut ola bilər. İmam bu məktubda bir sıra lazımi məsləhətləri qeyd etdikdən sonra yazır: "Səbirli ol, (İmamın) zühurunu gözlə. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, mənim ümmətim üçün ən yaxşı əməl zühuru gözləməkdir. Şiələrimiz, oğlum (İmam Zaman (əleyhissəlam)) zühur edənə qədər daima qəm-qüssə içərisində olacaqlar. Peyğəmbər (səlləllahu əleyhi və alih) onun barəsində buyurub ki, yer üzü zülm və haqsızlıqla dolduğu zaman o gəlib yer üzünü haqq-ədalətlə dolduracaq. Ey mənim etibar etdiyim böyük fəqih! Səbr et, şiələrimizi də səbirli olmağa çağır. Yer kürəsi Allahın ixtiyarındadır və bəndələrindən kimi istəsə, ora (yer kürəsinə) hakim seçər. Yaxşılıq yalnız təqvalılara, Allahdan qorxanlara məxsusdur. Sənə və bütün şiələrə Allahın rəhmət və bərəkəti olsun!”

5. Qeybi məlumatlardan geniş şəkildə istifadə etmək

 

Məlumdur ki, İmamlar Allahla əlaqədə olmaları sayəsində qeybi məlumatlardan bəhrələnmiş, İslam əsasının, yaxud ümmətin ali məsləhətləri təhlükə ilə üzləşdiyi zaman onlar da, bu məlumatlardan bir növ hidayət vasitəsi kimi istifadə etmişlər. İmamların qeyb aləmindən xəbər vermələri onların həyatında mühüm yer tutur. İmam Həsən Əskəri əleyhissəlamın həyatı ilə tanış olduqda isə məlum olur ki, o Həzrət digər İmamlara nisbətən qeybi məlumatlarından daha çox istifadə etmişdir.

Dövrümüzün müasir alimlərindən birinin təhqiqatına əsasən, İmam Həsən Əskəri əleyhissəlamın qeybi məlumatlardan istifadə etdiyi məqamlardan, Qütb Ravəndi "Xaric” kitabında qırxını, Seyyid Bəhrani "Mədinətül-məaciz” kitabında yüz otuz dördünü, Şeyx Hürr Amili "İsbatül-hudat” kitabında yüz otuz altısını, Əllamə Məclisi isə "Biharül-ənvar” kitabında səksən birini qeyd etmişdir.[33]Bu isə o deməkdir ki, o Həzrət qeybi məlumatlardan çox geniş şəkildə istifadə etmişdir. Belə başa düşülür ki, bu işin səbəbi İmam Həsən Əskəri (əleyhissəlam) və atası İmam Əliyyən-Nəqi əleyhissəlamın düşdüyü vəziyyətin çətinliyi olmuşdur. Çünki İmam Əliyyən-Nəqi (əleyhissəlam) məcburi şəkildə Samirraya köçdükdən sonra daima ciddi nəzarət altında olmuş, buna görə də, oğlu İmam Həsən Əskəri əleyhissəlamı bütün şiələrə özündən sonrakı İmam kimi tanıtdırmağa fürsət tapmışdır. Digər tərəfdən də, bu işi həyata keçirmək (özündən sonrakı İmamı təyin etmək) onu hökumət qarşısında ciddi təhlükə ilə üzləşdirirdi. Məhz buna görə də, İmam Həsən Əskəri əleyhissəlamı sonrakı İmam kimi tanıtdırıb şiələrdən onun üçün beyət almaq məsələsi İmam Əliyyən-Nəqi əleyhissəlamın ömrünün son aylarında həll olunmuşdur.[34]Hətta İmam Əliyyən-Nəqi (əleyhissəlam) vəfat edərkən şiələrin bir çoxu İmam Həsən Əskəri əleyhissəlamın İmam olduğunu bilmirdi.[35]

Bəzi tarixçilərin fikrincə, bu məsələdə başqa bir səbəb öz təsirini göstərmişdir. O da bəzi şiələrdə İmam Həsən Əskəri əleyhissəlamın qardaşı Məhəmməd ibn Əlinin hələ İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə İmam olmasına inam yaranması olmuşdur. Onlar buna görə də, ona İmam Əliyyən-Nəqi əleyhissəlamın yanında hörmət göstərirdilər. Ancaq İmam Əliyyən-Nəqi (əleyhissəlam) onların bu fikrinə qarşı mübarizə aparır və onlarda oğlu İmam Həsən Əskəri əleyhissəlamın İmam olduğuna dair inam yaratmağa çalışırdı.

İmam Əliyyən-Nəqi əleyhissəlamın şəhadətindən sonra da İbn Mahəviyyə kimi bəzi xainlər bu əqidəni əllərində bayraq tutaraq camaatı İmam Həsən Əskəri əleyhissəlamın İmam olması fikrindən yayındırırdılar.

Bu amillər cəm olaraq bəzi şiələrdə İmam Həsən Əskəri əleyhissəlamın İmam olmasına aid şəkk-şübhə yaratmışdı. Onların bəziləri İmamı yoxlamaq fikrinə düşür,[36] bəziləri isə bu barədə İmamla məktublaşırdılar[37]. Bu şəkk-şübhələr o dərəcəyə çatmışdı ki, İmam Həsən Əskəri (əleyhissəlam) bu barədə bəzi şiələrə yazdığı cavabda ürək ağrısı ilə buyururdu: "Ata-babalarımdan heç birinin İmaməti şiələrin mənim İmamətim məsələsində şəkk etdikləri kimi şəkkə düçar olmamışdır.”[38]İmam Həsən Əskəri (əleyhissəlam) bu şəkk-şübhələri aradan qaldırmaq, eləcə də, öz dostlarını təhlükədən qurtarmaq, yaxud onları arxayınlaşdırmaq və ya azğınları düz yola yönəltmək məqsədilə məcbur olurdu ki, həqiqət üzərindən pərdələri kənara çəkib qeyb aləmindən xəbər versin. Bu isə müxaliflərin nəzərini cəlb etmək, eləcə də, şiələrin imanını möhkəmlətmək üçün istifadə olunan ən yaxşı metod idi. Əbu Haşim Cəfəri deyir: "Hər dəfə İmam Həsən Əskəri əleyhissəlamın yanına gedəndə onda İmamətə dair yeni bir nişanə müşahidə edirdim.”[39]

İmam Həsən Əskəri əleyhissəlamın bu sahədəki mövqeyi məlum olduqdan sonra o Həzrətin gələcək hadisələr barədə qabaqcadan verdiyi məlumatların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:

1) İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın və səmimi dostlarından olan Məhəmməd ibn Əli Səməri deyir: "İmam Əskəri (əleyhissəlam) bir məktub vasitəsilə mənə bildirdi ki, sizə bir bəla üz verəcək. Özünüzü gözləyin!

Üç gündən sonra Bəni Haşim qəbiləsi arasında ixtilaf yaranır. İmama məktub yazdım ki, dediyiniz bəla budurmu? İmam cavab yazdı ki, xeyr, bu, o deyil, özünüzü gözləyin! Bir neçə gündən sonra xəlifə Mötəzz öldürüldü.”[40]

2) İmam Həsən Əskəri (əleyhissəlam) xəlifə Mötəzzin qətlindən iyirmi gün qabaq İshaq ibn Cəfər Zübeyriyə məktub yazaraq tapşırır: "Öz evində otur, (bu yaxınlarda) mühüm bir hadisə baş verəcək.”

İshaq ibn Cəfər Zübeyri deyir ki, Büreyhə öldürüldükdən sonra İmama məktub yazıb dedim ki, dediyiniz hadisə baş verdi, indi nə edim? İmam onun cavabında buyurdu ki, dediyim hadisə başqa hadisədir. Çox çəkmir ki, Mötəzz də öldürülür.[41]

3) Məhəmməd ibn Həmzə Sərvi deyir: "İmam Əskəri əleyhissəlamın yaxın dostlarından olan Əbu Haşim Cəfərinin vasitəsilə o Həzrətə məktub yazaraq varlanmağım barədə dua etməsini istədim. O Həzrət öz xətti ilə mənə cavab yazıb bildirdi: "Gözün aydın olsun! Allah tezliklə səni varlandıracaq. Əmioğlun Yəhya ibn Həmzə vəfat edib və heç bir vərəsəsi yoxdur. Tezliklə onun yüz min dirhəm pulu sənə yetişəcək.”[42]

4) Əbu Haşim Cəfəri deyir: "Mən zindanda idim. Vəziyyətimin ağır olmasından İmam Həsən Əskəri əleyhissəlama şikayət etdim. İmam mənə məktub yazıb bildirdi ki, bu gün günorta namazını öz evində qılacaqsan. Çox çəkmir ki, zindandan azad olub (İmamın buyurduğu kimi) namazımı öz evimdə qıldım.[43]

5) Əhməd ibn Məhəmməd deyir: "Abbasi xəlifəsi Mühtədi mövliyaları[44] kütləvi şəkildə qırmağa başlayarkən İmam Həsən Əskəri əleyhissəlama məktub yazıb dedim: "Allaha şükr olsun ki, xəlifənin başı qarışıb və sizə əziyyət verməyə fürsət tapmır. Eşitmişəm ki, o, sizi təhdid edərək deyirmiş ki, bunları yer üzündən silib qurtarmaq lazımdır.”

İmam cavabında öz xətti ilə yazır: "Onun bu təhdidləri icra etməyə ömrü çatmayacaq. Bu gündən saymağa başla, düz altıncı gün zillət və alçaqcasına öldürüləcək.”

Altı gündən sonra İmamın buyurduğu kimi Mühtədi öldürülür.”[45]

6) Cəfər ibn Məhəmməd Qəlanisi deyir: "Həyat yoldaşı hamilə olan qardaşım Məhəmməd, İmam Həsən Əskəri əleyhissəlama məktub yazıb ondan xahiş edir ki, yoldaşının doğuşunun asan və uşağının oğlan olması üçün Allaha dua etsin.

İmam onun cavabında yazır: "Allah-taala sənə oğlan uşağı bağışlayar. Məhəmməd və Əbdürrəhman adlarının ikisi də gözəl addır.”

Onun yoldaşı əkiz oğlan uşağı doğur. Birinin adını Məhəmməd, o birininkini isə Əbdürrəhman qoyurlar.”[46]

7) Məhəmməd ibn Əyyaş deyir: "Bir neçə nəfər yığışıb İmam Həsən Əskəri əleyhissəlamın fəzilətləri barədə söhbət edirdik. Bir nəfər nasibi (Əhli-beytin düşmənlərindən) dedi: "Mən ona mürəkkəbsiz bir məktub yazacağam. Əgər o, mənim məktubuma cavab yazsa, onun haqq olduğunu qəbul edərəm.”

Hərə öz məsələləri barədə İmama məktub yazdı, nasibi də bir vərəq üzərinə mürəkkəbsiz nə isə yazıb İmama göndərdi.

İmam Əskəri (əleyhissəlam) bizim cavablarımızı məktuba yazdı, nasibinin yazdığı məktubun üzərinə isə onun özünün və atasının adını yazdı. Nasibi bunu gördükdə huşunu itirir. Huşa gəldikdən sonra İmamın haqq olduğunu qəbul edib şiələrə qoşuldu.”[47]

8) İsmayıl ibn Məhəmməd deyir: "Bir gün gedib İmam Həsən Əskəri əleyhissəlamın qapısının ağzında oturdum. İmam evindən çıxanda kasıblıqdan şikayətlənib and içdim ki, hətta bir dirhəm belə pulum yoxdur.

İmam mənə buyurdu: "İki yüz dinar torpağa basdırdığın halda and içirsən ki, pulum yoxdur? Bunu ona görə demirəm ki, sənə pul verməyəm.” Sonra üzünü xadiminə tutub buyurdu: "Üstündə nə qədər pul varsa, ver ona!” Xadim mənə yüz dinar pul verdi. Mən Allaha şükr edib geri döndüm. Bu vaxt İmam Əskəri (əleyhissəlam) buyurdu: "Qorxuram ki, gizlətdiyin o iki yüz dinar sənə lazım olan vaxt onu tapmayasan.” İmamın bu sözündən sonra pulları gizlətdiyim yerə gedib oranı qazdım. Pullar yerində idi. Götürüb yerini dəyişdim və elə bir yerə qoydum ki, heç kəsin xəbəri olmasın. Bu hadisədən bir müddət keçdi. Pula ehtiyacım oldu. Pulları gizlətdiyim yerə getdim. Qazıb pulları yerində görmədikdə çox narahat oldum. Sonra bildim ki, oğlum pulların yerini tapıb onları götürüb getmişdir. Bir sözlə, İmamın buyurduğu kimi gizlətdiyim pullardan mənə bir şey nəsib olmadı.”[48]

9) Hələbi adlı bir şəxs deyir: "Samirrada yığışıb İmam Həsən Əskəri əleyhissəlamı yaxından görmək üçün onun evdən çıxmasını gözləyirdik. Bu vaxt o Həzrətdən bizə aşağıdakı məzmunda bir məktub gəldi: "Heç kim mənə salam verməsin və heç kim əli ilə mənə tərəf işarə etməsin. Yoxsa canınız təhlükəyə düşər.” Mənim yanımda cavan bir oğlan dayanmışdı. Ondan soruşdum ki, haradansan? Cavab verdi ki, Mədinə şəhərindənəm. Dedim: "Buraya nə üçün gəlmisən?” Dedi: "İmam Həsən Əskəri əleyhissəlamın İmaməti barədə bir balaca mübahisə yaranmışdı. Ürəyim sakit olsun deyə, gəlmişəm ki, ondan ya bir söz eşidəm, ya da bir nişanə müşahidə edəm. Mən Əbuzər Qəffarinin[49] nəvələrindənəm.” Bu vaxt İmam Həsən Əskəri (əleyhissəlam) öz xadimi ilə birlikdə evdən çıxdı. Bizə çatanda mənim yanımda durmuş cavan oğlana baxıb buyurdu: "Sən Qəffarinin nəslindənsən?” Oğlan cavab verdi ki, bəli! İmam Əskəri (əleyhissəlam) buyurdu: "Anan Həmdəviyyə necədir?” Oğlan cavab verdi ki, yaxşıdır. Bu qısa söhbətdən sonra İmam bizim yanımızdan uzaqlaşdı. Mən üzümü cavan oğlana tutub dedim: "Onu bundan qabaq görmüşdün?” O, "Xeyr” - deyə cavab verdi. Dedim: "Sənin üçün bu kifayət edirmi?” Cavab verdi ki, bundan az da kifayət edərdi.”[50]

10) Cəfər ibn Məhəmməd deyir: "Biz İmam Həsən Əskəri (əleyhissəlam) ilə birlikdə yol gedirdik. Mən istəyirdim ki, bir uşağım olsun. Ürəyimdə dedim ki, ey İmam Həsən Əskəri (əleyhissəlam), görəsən, mənim uşağım olacaq? Bu vaxt o Həzrət mənə baxıb başı ilə işarə etdi ki, bəli (uşağın olacaq). Ürəyimdə dedim: Görəsən, uşağım oğlan olacaq? İmam başı ilə işarə etdi ki, xeyr. Bir neçə gündən sonra Allah-taala bizə bir qız uşağı verdi.”[51]

11) Əli ibn Məhəmməd ibn Ziyad deyir: "Bir gün İmam Həsən Əskəri əleyhissəlamdan mənə bir məktub gəldi. Məktubda yazılmışdı: "Səni bir təhlükə gözləyir, evdən çıxma!” Elə bu ərəfədə mənim üçün bir çətinlik irəli çıxdı. Mən çox narahat oldum. İmama məktub yazıb soruşdum ki, dediyiniz təhlükə budurmu? İmam cavab yazdı ki, xeyr, dediyimiz təhlükə bundan da pisdir. Çox çəkmədi ki, Cəfər ibn Mahmuda görə ciddi nəzarət altına düşdüm. Belə ki, hökumət məni tutan şəxs üçün yüz min dirhəm pul mükafat təyin etmişdi.”[52]

 

6. Şiələri on ikinci imamın qeybə çəkilməsi dövrü üçün hazırlamaq

 

Hər hansı bir cəmiyyətin rəhbər və İmamının qeybə çəkilməsi qeyri-təbii bir hadisə olduğundan, eləcə də, ona inanmaq və onun qeybə çəkilməsi nəticəsində qarşıya çıxan çətinliklərə dözmək camaat üçün son dərəcə çətin olduğundan İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) və həmçinin, İmam Həsən Əskəri əleyhissəlamdan qabaqkı İmamlar yavaş-yavaş camaatı bu məsələ ilə tanış edir və onlarda bu məsələyə dair inam yaratmağa çalışırdılar. On ikinci İmamın qeybə çəkiləcəyi dövr yaxınlaşdıqca camaatda bu məsələyə dair inam yaratmaq səyi İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın dövründə daha çox hiss olunurdu. Necə ki, İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatından danışarkən qeyd etdik ki, o Həzrət öz işlərini əsasən, nümayəndələr vasitəsilə həyata keçirir və özü isə çox nadir hallarda şəxsən şiələrlə əlaqədə olurdu. İmam Həsən Əskəri əleyhissəlamın dövrünə gəldikdə isə bu məsələ özünü daha çox büruzə verirdi. Çünki İmam Həsən Əskəri (əleyhissəlam) bir tərəfdən Həzrət Məhdi əleyhissəlamın anadan olmasına təkid etməsinə baxmayaraq, onu yalnız özünün ən yaxın şiə dostlarına göstərir, digər tərəfdən də, özü ilə şiələrin əlaqəsi azalaraq məhdudlaşırdı. Belə ki, hətta Samirra şəhərinin şiələrinin suallarına, müraciətlərinə məktubla və ya nümayəndələr vasitəsilə cavab verərək onları İmamın qeybə çəkiləcəyi dövrün çətinliklərinə dözməyə və İmamla nümayəndə vasitəsilə əlaqə saxlamağa alışdırırdı. Sonralar on ikinci İmamın özü də, kiçik qeyb dövründə bu vasitədən istifadə etmiş və şiələri böyük qeyb dövrünə hazırlamışdır. (Bu barədə on ikinci İmamın həyatı bölməsində ətraflı söhbət edəcəyik.)

Qeyd etdik ki, İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın dost və şiələrindən bəziləri İmam Zaman əleyhissəlamı görməyə nail olurdular. İndi həmin məqamlardan birini nümunə olaraq oxucuların diqqətinə çatdırırıq.

Həzrət Məhdi əleyhissəlamın qeybə çəkiləcəyi barədə qabaqcadan xəbər vermə

 

İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın və ən səmimi dostlarından olan Əhməd ibn İshaq deyir: "İmam Həsən Əskəri əleyhissəlamın yanına gedib ondan sonrakı İmam barədə soruşmaq istəyirdim. Mən sual verməzdən qabaq o Həzrət üzünü mənə tutub buyurdu: "Ey Əhməd ibn İshaq! Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamət gününə qədər yer üzünü bir an olsun belə, İlahi hüccətsiz (rəhbərsiz) qoymayıb və qoymayacaq. Allah həmin hüccətin hesabına yer üzündəki bəlanı dəf edərək camaata rəhmət yağışı göndərir və yerin alt təbəqələrində gizlənmiş nemətləri (sərvətləri) üzə çıxarır”. Mən ona dedim: "Sizdən sonra İmam kim olacaq?” Bunu deyəndən sonra o Həzrət qalxıb o biri otağa keçdi və çox çəkmədi ki, qucağında sifəti on dörd gecəlik ay parçası kimi parıldayan təxminən üç yaşlı bir uşaqla geri qayıtdı. Sonra isə mənə buyurdu: "Əhməd, əgər Allah və İmamlar yanında hörmətin olmasaydı, bu oğlumu sənə göstərməzdim. Onun adı Peyğəmbərin (səlləllahu əleyhi və alih) adından, künyəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) künyəsindəndir. Dünya zülm və haqsızlıqla dolduğu zaman o gəlib hər tərəfi haqq-ədalətlə dolduracaq. O, (uzunömürlü olması baxımından) bu ümmət arasında Xızr və Zülqərneyn kimi olacaq. O, uzunmüddətli qeybə çəkiləcək və bir çoxları (qeyb dövrünün həddən artıq uzun çəkəcəyinə görə) bu barədə şəkk edəcək, təkcə Allahın, onun İmamətinə möhkəm əqidədə saxladığı və onun zühurunun tez baş verməsi haqqında dua etməyə nail olan şəxslər azğınlıqdan qurtaracaqlar...”1

Həqiqətin parlaq siması

 

Hökumət nümayəndələrinin İmam Həsən Əskəri əleyhissəlama qarşı olan düşmənçiliklərinə baxmayaraq, bəzi vaxtlar o Həzrətin mənəvi məqamı onları elə təsirləndirirdi ki, onlar İmamı tərifləyib ona hörmətlə yanaşmaq məcburiyyətində qalırdılar. Übeydullah ibn Xaqan hökumətin əsas işçilərindən biri idi. Onun oğlu Əhməd Qum şəhərində şəri vergiləri toplamaq işinə baxırdı. O, İmamlara qarşı əks mövqedə dururdu. Həsən ibn Məhəmməd Əşəri, Məhəmməd ibn Yəhya və başqaları qeyd etmişlər ki, bir gün Übeydullahın oğlu Əhmədin məclisində şiələrdən (Ələvilərdən) və onların əqidəsindən söhbət açılır. Əhməd deyir: "Mən Samirra şəhərində Ələvilərdə vüqar, nəcabət, fəzilət və əzəmət baxımından öz ailəmiz və bütün Bəni-Haşim arasında İmam Həsən Əskəri (əleyhissəlam) kimi şəxs görməmişdim. Onların nəsli ona qocalar və qəbilə başçılarından çox hörmət edirdilər. Onun mövqeyi ordu başçıları, vəzir-vəkil, ümumiyyətlə, bütün camaat arasında da, bu cür idi. Yadıma gəlir ki, bir gün atamın yanında olarkən qapıçılar gəlib dedilər ki, Əbu Məhəmməd İmam Həsən Əskəri (əleyhissəlam) içəri gəlmək istəyir. Atam uca səslə onlara dedi ki, qoy gəlsin. Mən qapıçıların atamın yanında onun adını künyə ilə və hörmətlə çəkməsindən çox təəccübləndim. Çünki atamın yanında xəlifə, vəliəhd və adını künyə ilə çəkilməsinə xəlifə tərəfindən icazə verilmiş şəxsdən başqa heç kəsin adını künyə ilə çağırmırdılar. Bu vaxt buğdayı, xoşqamətli, gözəlsifətli, yaraşıqlı, vüqarlı bir cavan içəri daxil oldu. Atam onu görcək yerindən qalxıb onu qarşılamaq üçün bir neçə addam irəli getdi. Mənim yadıma gəlmir ki, atam o vaxta qədər Bəni-Haşimdən, yaxud ordu başçılarından birini o cür qarşılamış olsun. Atam onunla qucaqlaşıb üz-gözünü öpməyə başladı, daha sonra əlindən tutub öz namaz qıldığı yerdə əyləşdirdi. Özü isə onunla üzbəüz oturub söhbət etməyə başladı. Atam onunla söhbəti zamanı arabir "qurbanın olum” (başına dönüm) ifadələrini işlədirdi. Mən gördüyüm bu hadisədən təəccüb edirdim. Birdən qapıçılardan biri gəlib dedi ki, xəlifənin qardaşı Müvəffəq bura gəlmək istəyir. Adətən Müvəffəq gəlməzdən əvvəl qapıçılar və onun xüsusi ordu başçıları sarayın qapısından atamın oturduğu (işlədiyi) yerə qədər fəxri qaravulda dayanar, Müvəffəq də gəlib onların qarşısından keçərdi.

Bəli, atamın bütün diqqəti İmam Həsən Əskəri əleyhissəlamda idi və fasiləsiz olaraq onunla söhbət edirdi. Atam Müvəffəqin xüsusi xadimlərini görəndə o Həzrətə dedi: "Qurbanın olum, istəyirsinizsə, siz gedin.” Qapıçılara da tapşırdı ki, Müvəffəq görməsin deyə, onu fəxri qaravulun arxa tərəfindən aparın. İmam Həsən Əskəri (əleyhissəlam) ayağa qalxdı. Atam da durub onunla qucaqlaşaraq ayrıldı. O, otaqdan çıxıb getdi.

Mən atamın xadim və qapıçılarına dedim: "Bu şəxs kim idi ki, onun adını atamın hüzurunda künyə ilə çağırırdınız və atam onunla bu cür rəftar edirdi?” Onlar cavab verdilər ki, o, Ələvilərdən biri, İbnur-Riza adı ilə tanınmış[53] Həsən ibn Əli (əleyhissəlam) (İmam Həsən Əskəri (əleyhissəlam)) idi. Mən bir az da təəccübləndim və o günü axşama qədər onun haqqında və atamın onunla o cür rəftar etməsi barədə fikirləşdim. Adətən atam (xiftən) işa namazından sonra oturub xəlifəyə çatdırılası məlumatları araşdırırdı. Namazı qılıb qurtardıqdan sonra gəlib onun yanında oturdum. Onun yanında heç kəs yox idi. Atam məndən soruşdu: "Əhməd, işin var?” Dedim: "Bəli, ata! İcazə verirsənsə, deyim.” Dedi: "İcazə verirəm, de!” Mən dedim: "Ata, səhər gördüyüm o kişi kim idi ki, sən ona o cür hörmət edir, danışığında "qurbanın olum” ifadəsini işlədərək özünü, ata-ananı ona fəda edirdin?” Atam dedi: "Oğlum, o, rafizilərin[54] İmamı, İbnur-Riza adı ilə tanınmış Həsən ibn Əli (İmam Həsən Əskəri (əleyhissəlam)) idi.” Sonra bir az sükut etdi. Mən də sakitcə oturmuşdum. Atam davam edib dedi: "Oğlum, əgər Bəni-Abbas hakimiyyətdən getsə, Bəni-Haşimdə hakimiyyətə gəlməyə ondan başqa heç kimin səlahiyyəti yoxdur. Bu da onun fəzilət, ismət, ibadət, gözəl əxlaq və ləyaqətinə görədir. Onun atası da fəzilətli və böyük bir şəxsiyyət olmuşdur.” Atamın bu sözlərindən nigarançılığım və atama nifrətim daha da artdı. Artıq İmam Həsən Əskəri (əleyhissəlam) haqqında məlumat toplamaqdan başqa heç bir fikrim qalmamışdı. Onun haqqında istər Bəni-Haşimdən, istər ordu başçılarından, istər yazıçılardan, istər qazı və fəqihlərdən, istərsə də digər camaatdan nə soruşdumsa, hamı onun adını son dərəcə hörmətlə xatırladı. Hamı onu müsbət qələmə verir və öz tayfa və qəbilə başçılarından üstün tuturdu. (Beləliklə də) ona hörmətim artdı. Çünki onu, həm dostları, həm də düşmənləri yaxşı adla xatırlayaraq tərifləyirdilər...”[55]

İmam Həsən Əskəri əleyhissəlamın şəhadəti və faydasız kələklər

 

İmam Həsən Əskəri əleyhissəlamın cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işkəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə kələklərinə əl atıb İmamı gizlincəsinə zəhərləyir. Şiə aləminin görkəmli alimi Təbərsi yazır: "Bizim alimlərimizin əksəriyyəti yazmışlar ki, ata-babası və ümumiyyətlə, bütün İmamlar şəhid olduğu kimi İmam Həsən Əskəri (əleyhissəlam) da zəhərlənmə nəticəsində şəhid olmuşdur.[56]

Tanınmış şiə alimi Kəfəmi yazır: "Onu (İmam Əskəri əleyhissəlamı) Mötəmid zəhərləmişdir.”[57]

Dördüncü əsr (hicri tarixi ilə) şiə alimlərindən olan Məhəmməd ibn Cərir ibn Rüstəm ət-Təbəri də qeyd edir ki, İmam Həsən Əskəri (əleyhissəlam) zəhərlənmə nəticəsində şəhadətə qovuşmuşdur.[58]

İmam Həsən Əskəri əleyhissəlamın Abbasi hökuməti tərəfindən öldürülməsinin nişanələrindən biri Mötəmidin o Həzrətin zəhərləndiyi günlərdə İmamın ölümünü adi və təbii bir ölüm kimi qələmə verməsi üçün etdiyi səylərdir.

Sünni məzhəbinin görkəmli alimlərindən biri olan ibn Səbbaq Maliki, Abbasilər sarayında işləyən Übeydullah ibn Xaqanın dilindən yazır: "... İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edərkən Abbasi xəlifəsi heyrətamiz bir halda idi. Biz onun bu halından təəccübləndik, (onun xəlifə olduğundan) belə bir hala düşməsini heç fikrimizə belə gətirməzdik. İmam Həsən Əskəri (əleyhissəlam) zəhərlənərkən xəlifə hamılıqla saray alimlərindən olan beş yaxın dostunu onun evinə göndərir. Xəlifə onlara tapşırır ki, İmam Əskəri əleyhissəlamın evində qalıb baş verən bütün hadisələri ona xəbər versinlər. Eyni zamanda o, bir neçə nəfəri o Həzrətə xidmət etmək üçün onun evinə göndərir. Həmçinin, xəlifə Qazi ibn Bəxtiyara tapşırır ki, etibar etdiyi şəxslərdən on nəfərini seçib gecə-gündüz İmam Əskəri əleyhissəlamın halına nəzarət etmək üçün onun evinə göndərsin. İki-üç gündən sonra xəlifəyə xəbər verilir ki, İmam Əskəri əleyhissəlamın halı çox ağırdır və çətin ki, yaxşılaşsın. Xəlifə onlara tapşırır ki, o Həzrətin evinə daha da ciddi nəzarət edilsin. Onlar da xəlifənin dediyinə əsasən, İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edənə qədər o Həzrətin evinə nəzarəti daha da artırdılar. İmam Həsən Əskəri əleyhissəlamın şəhadət xəbəri Samirraya yayıldıqda, şəhərdə ah-nalə, şivən səsi ucalmağa başlayır və bütün dükan-bazar bağlanır. Bəni-Haşim, divan işçiləri, ordu başçıları, şəhər qazıları, şairlər, vəkil və şahidlər, adi camaat hamı o Həzrətin dəfn mərasiminə getdi. Sanki həmin gün Samirrada qiyamət qopmuşdu. İmam Həsən Əskəri əleyhissəlamın cənazəsi dəfn üçün hazır olduqda xəlifə öz qardaşı İsa ibn Mütəvəkkili o Həzrətin meyyit namazını qılmağa göndərir. Cənazə, namaz qılmaq üçün yerə qoyulduqda, İsa irəli gedib o Həzrətin üzündən kəfəni kənara çəkir və onu Ələvilərə, Abbasilərə, qazılara, yazıçı və şahidlərə göstərərək deyir: "Bu, İmam Həsən Əskəri əleyhissəlamdır. O, təbii ölüm nəticəsində vəfat etmişdir. Xəlifənin filan-filan xadimləri də buna şahiddir.” Sonra cənazənin üzünü örtüb ona namaz qılır və dəfn edilməsini əmr edir...”[59]

Əlbəttə, qeyd etmək lazımdır ki, xəlifənin qardaşının İmam Həsən Əskəri əleyhissəlamın cənazəsinə meyyit namazı qılması simvolik bir məna kəsb edirdi və hökumət İmamın şəhadətinin səs-küyünün qarşısını almaq üçün bu addımı atırdı. Əslində isə şiə alimlərinin dediyinə görə İmam Məhdi (əleyhissəlam) özü o Həzrətin cənazəsinə xüsusi meyyit namazı qılmışdır.[60]

Cəfər Kəzzabın əbəs yerə etdiyi səy

 

Əbül-Ədyan deyir: "Mən İmam Həsən Əskəri əleyhissəlamın xadimlərindən biri idim və o Həzrətin məktublarını müxtəlif şəhərlərə aparırdım. İmam xəstə olduğu son günlərdə onun yanına getdim. O Həzrət bir neçə məktub yazıb buyurdu: "Bunları Mədainə apar, sən on beş gün Samirrada olmayacaqsan. On beşinci gün şəhərə gəldikdə isə görəcəksən ki, mənim evimdən şivən səsi gəlir və mənim meyyitimi qüsul verməyə qoyublar.” Mən dedim: "Ey mənim ağam! Bəs onda sizdən sonrakı İmam kim olacaq?” Buyurdu: "Məktubların cavabını səndən istəyəcək şəxs.” O Həzrət buyurdu: "Mənim cənazəmə meyyit namazı qılan şəxs məndən sonra İmam olacaq.” Dedim ki, başqa bir nişanə verin. İmam buyurdu: "Kəmərin arasındakı şeydən xəbər verəcək şəxs məndən sonrakı İmamdır.” İmamın heybət və əzəməti kəmərin arasındakı şeyin nə olduğu barədə soruşmağıma mane oldu. İmamın verdiyi məktubları Mədainə apardım. Cavabları alıb on beş gündən sonra Samirraya qayıtdıqda, İmamın buyurduğu kimi o Həzrətin evindən şivən səsinin gəldiyini eşitdim. İmamın qardaşı Cəfər (Kəzzab)[61] İmamın evinin kənarında oturmuş, şiələrdən bir dəstəsi də onu dövrəyə alıb başsağlığı verir, digər tərəfdən də, İmam seçilməsi münasibətilə onu təbrik edirdilər. Mən bu hadisədən çox təəccübləndim və özüm-özümə dedim ki, əgər Cəfər İmam seçilibsə, onda İmamətin vəziyyəti dəyişilmişdir. Çünki mən onun şərab içməsini, qumar oynamasını, çalıb-oynamasını öz gözlərimlə görmüşdüm. Mən də irəli gedərək ona başsağlığı verib İmam seçilməsi münasibəti ilə onu təbrik etdim. Ancaq o, məndən heç nə soruşmadı. Bu vaxt İmam Həsən Əskəri əleyhissəlamın evinin xadimi Üqeyd evdən çıxıb Cəfərə dedi ki, qardaşının nəşini kəfənlədilər, gəlin ona namaz qılın. Cəfər evə daxil oldu. Şiələr onun dövrəsini əhatə etmiş, Osman ibn Səid Əmri və Sələmə adı ilə məşhur olmuş Həsən ibn Əli isə onların qarşısında durmuşdular. İmam Həsən Əskəri əleyhissəlamın həyətinə daxil olduqda, o Həzrətin nəşini kəfənləyib tabuta qoymuşdular. Cəfər meyyit namazı qılmaq üçün irəli keçdi. Namaza başlamaq istərkən buğdayı, qarasaç və qabaq dişləri bir-birindən bir az aralı olan bir uşaq evdən çıxıb Cəfərin paltarından yapışaraq onu kənara çəkir və deyir: "Əmi, çəkil kənara, atama meyyit namazını mən qılmalıyam.” Üz-gözündən narahatçılığı açıq-aşkar hiss olunan Cəfər kənara çəkilir. O uşaq İmam Həsən Əskəri əleyhissəlamın cənazəsinə namaz qılır, sonra isə İmamı öz evində atası İmam Əliyyən-Nəqi əleyhissəlamın yanında dəfn edirlər. Sonra həmin uşaq üzünü mənə tutub dedi: "Ey bəsrəli kişi, apardığın məktubların cavablarını ver.” Məktubların cavabını ona verib öz-özümə dedim: "Bu iki nişanə (cənazəyə namaz qılmaq, məktubların cavablarını istəmək), bircə qaldı kəmərin arasındakı şeydən xəbər vermək.”

Cəfərin yanına gəldikdə səs-küyü aləmi basmışdı. Haciz Vəşşa Cəfərdən soruşur: "O uşaq kim idi?” O, bu sualla (yalandan İmamlıq iddiası edən) Cəfəri məhkum etmək (susdurmaq) istəyirdi. Cəfər cavab verir ki, vallah heç bu vaxtacan onu görməmişdim, tanımıram.

Biz orada oturmuşduq ki, bir də gördüm Qum şəhərindən bir neçə nəfər gəlib İmam Həsən Əskəri əleyhissəlamı soruşdular. İmamın dünyadan köçdüyünü bildikdə dedilər: "İmamın canişini kimdir?” Oradakılar Cəfəri göstərdilər. Onlar Cəfərə salam verib başsağlığı və təbrik dedilər. Sonra isə dedilər: "Bir neçə məktub və bir qədər pul gətirmişik. Buyurun, görək məktubları kim yazmış və pullar nə qədərdir?” Cəfər bu sualdan narahat olub ayağa qalxdı və paltarının tozunu çırpa-çırpa dedi: "Bunların fikri budur ki, biz qeybdən xəbər verək!” Bu vaxt evdən bir xadim çıxıb dedi: "Məktubları filan-filan kəslər yazmış, kəmərin arasında isə min dinar pul vardır. Özü də onlardan on dənəsini qızıl suyuna çəkiblər.” Qumdan gələnlər məktubları da, pulları da xadimə verib dedilər: "Səni kim kəmərin dalınca göndəribsə, İmam da məhz odur...”[62]

Faydasız səylər

 

Öz xam xəyalına görə İmam Həsən Əskəri əleyhissəlamı şəhid etmiş Abbasi xəlifəsi Mötəmid elə hesab edirdi ki, öz istədiyinə çatmış və artıq onun özbaşına hakimiyyətinin qarşısında heç bir maneə qalmamışdır. Ancaq daha da arxayın olsun deyə, yeni bir hiyləyə əl atır ki, bu da onun son dərəcə məqampərəst olduğunu və İmam övladı tərəfindən olan nigarançılığını göstərir. O, bir neçə nəfəri İmam Əskəri əleyhissəlamın evinə göndərib onlara tapşırır ki, İmamın evinə gedib orada olan bütün şeyləri yoxlayıb möhürləsinlər. Digər tərəfdən də, İmam Həsən Əskəri əleyhissəlamdan bir uşaq qalması xəbərini eşitdiyi üçün onu tapıb ələ keçirmək fikrinə düşür. Bu məqsədlə o, bütün uşaq tutan qadınlara (mamalara) tapşırır ki, İmam Həsən Əskəri əleyhissəlamın bütün kəniz və arvadlarını müayinədən keçirsinlər. Onlardaскачать dle 10.3фильмы бесплатно

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler